"Xaçapuri" yeyənlərin uğuru

"Xaçapuri" yeyənlərin uğuru
27 mart 2024
# 15:00

Kulis.az El Romanın "Xaçapuri" yazısını təqdim edir.

Xaçapuri ən sevdiyim yeməkdi. Həqiqətən, çox dadlıdı.

Məncə, bu, gürcülərin tarixdəki ən böyük uğurudu.

Dünən axşam Gürcüstanın futbol üzrə yığma komandası Yunanıstanı məğlub edərək Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazandı.

Bu da gürcülərin bütün futbol müsabiqələri üzrə ən böyük uğurudu.

Yunanlara sözün əsl mənasında futbol dərsi keçdilər.

Məncə, yunanlar futbolun qaranlıq tərəfidi. Yunanlar futbolun iblisidi, şər qüvvəsidi. Yunanıstana qarşı mübarizə aparan bütün futbol komandalarını, niyəsə, "Xeyir" obrazı kimi təsəvvür edirəm.

Nolur olsun, axırda Xeyir Şərə qarşı mübarizədə qalib gəlir.

Qalib gəlmirsə də, deməli, hələ axır deyil.

Qonşu ölkənin bu uğuruna adamın lap paxıllığı tutur. Gürcüstan, elə bil, uzaqda yox, elə qonşuluğumuzdakı "xalxın uşağı"dır.

Gürcüstanın bu uğuruna gülmək lazımdı. "Gülmə qonşuna, gələr başına" məsələsi.

Zarafat bir yana, gürcülər bunu bacarırsa, biz niyə bacarmayaq?

Əslində, dərinə getsək, futboldakı bütün uğursuzluq valideynlərin futbolçu olmaq istəyən uşaqlarına "Bircə futbolumuz çatışmırdı" dediyi cümlədən başlayır.

Hə, tarix boyu istənilən sahədə uğura imza atmışıq. Bircə məhz futbolumuz çatışmır.

Futbol zəka və fiziki gücün vəhdətdə yaratdığı idman növüdü. Zəkamız, yoxsa fiziki gücümüz gürcülərdən geri qalır?

Başa düşə bilmirəm, necə olur ki, zəkamız çatır, şahmatda çox böyük nailiyyətlərə imza atırıq, necə olur ki, fiziki gücümüz kifayət eliyir, güləşdə, karatedə, boksda böyük uğurlar qazanırıq, amma futbol oynamağı bacarmırıq?

Deməli, bu, təkcə fərdi bacarıq məsələsi deyil.

Bütün məsuliyyət AFFA-nın üstünə düşür. Mən futbol siyasətçisi deyiləm, bu barədə uzun-uzadı və intellektual danışa bilməyəcəm. Amma ki, kor-kor, gör-gör.

Ölkədə "uşaq futbolu" yox səviyyəsindədi. Haman uşaq böyüyür, nəticədə "böyük futbolu" da yox səviyyəsinə düşür.

Mən ""AFFA" pul yeyir" demaqoqluğu etmək fikrində deyiləm. Yeməyə də bilər, amma pulu düzgün investisiya etmir, bu dəqiqdi.

AFFA nələrisə düz etmir, bu dəqiqdi.

Elə ölkələr var ki, sadəcə bir futbolçuya görə bütün dünyada tanınır, sevilir. Ronaldoya görə Portuqaliyanı, Messiyə görə Argentinanı sevən milyonlarla insan var.

Azərbaycan niyə bu sevgidən, populyarlıqdan məhrum qalmalıdı ki?

Futbolda uğur qazanmaq ölkə iqtisadiyyatına da müsbət təsir göstərir. Turist axınından tutmuş, iqtisadi bazardakı hegemonluğa qədər asılmış körpüdə futbolun da böyük payı var.

Azərbaycan niyə bu böyük "tortun" öz payına düşən dilimindən dada bilmir?

Bizim ölkəmiz, xalqımız hər şeyin ən gözəlinə layiqdi axı.

Dünən həm də qardaş Türkiyənin futbol üzrə yığma komandası Avstriyaya 6-1 hesabı ilə məğlub oldu.

Məsəl var ki, atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar. Bunlar da gəldi oxşadı bizə...

Vallah, mən türkiyəlilərin futboldakı uğurlarını paylaşıb qürur duymaq üçün də darıxmışam.

Ronaldinyoya stadionda nəfəs almağa imkan verməyən, Çexiyanı möhtəşəm "kambek"lə məğlub edən, dünyanın ən yaxşı üçüncü komandası olan Türkiyə üçün darıxmışam.

"Sonra nə oldusa, yadıma gəlmir..."

Onu bilirəm ki, xəyal qırıqlığı yaşadıq.

Onu bilirəm ki, hər şey dəyişdi.

Onu bilirəm ki, ümidlər tükəndi.

Türkiyə barəsində çox danışmaq olar, amma səbəbkarın qələbəsinə kölgə salmaq istəmirəm.

Futbol bir az da bəxt məsələsidi, amma bu o demək deyil ki, dünən Gürcüstanın bəxti gətirdi. Sadəcə, Gürcüstanın tarix boyu bəxtinin gətirmədiyi məqamlar oldu. Dünən isə layiq olan tərəf qazandı.

Çempionatın növbəti mərhələsində Gürcüstanın rəqibi Türkiyə olacaq.

Şəxsən, mən bu matçda Gürcüstana azarkeşlik edirəm.

Məsələ o deyil ki, uğur qazananın yanında olasan, uğursuzluq görən kimi hansısa komandanı əlinin tərsi ilə itələyəsən, ondan üz döndərəsən.

Yox.

Məsələ odu ki, uğur qazanmağı həqiqətən istəyənin, bunun uğrunda çalışanın, ən azından, əlindən gələni edənin yanında olasan. Onun uğrunda həyəcanlanasan, sevinəsən, kədərlənəsən.

Adama həzz verən bu hissdi axı. Nə qələbədi, nə kubokdu, nə çempionluqdu. Məhz bu həyəcan hissidi.

Gəlin, gürcülərə qardaş deyək. Bu dəfə əminəm ki, xəyal qırıqlığı yaşamayacağıq.

Gürcülərin bu uğurunu isə təsadüfi qiymətləndirmirəm.

Xaçapuri yeyəsən, uğur qazanmayasan?

# 3657 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #