Gəncədə məktəblini niyə öldürdülər?

Gəncədə məktəblini niyə öldürdülər?
24 yanvar 2024
# 18:55

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Dünən Gəncədə məktəblini bıçaqlayıb öldürdülər. Öldürən də məktəbli idi, ölən də.

Və mən bu hadisəyə heç təəccüblənmədim.

Zərrə də təəccüblənmədim.

Siz nəyə təəccüblənirsiniz, başa düşmürəm.

Azərbaycanda məktəblər doludur cibində bıçaq gəzdirən uşaqlarla.

Doludur, dolu.

Özüm məktəbdə oxumuşam, görmüşəm də.

Hələ onda belə idisə, gör indi necədir vəziyyət.

Oğlanların əksəriyyəti 9-cu sinifə keçən kimi avtomatik kəmərlərinin altına bıçaq soxurlar.

Elə bilirlər kişilikdir bu.

Görünür indi daha aşağı sinifdən başlayırlar belə olmağa.

Və sizə bir pis xəbər verim.

Bunun günahı birbaşa valideynlərin üstündədir.

Bəli, günah yalnız və yalnız valideynlərdədir.

Başqa heç kimdə günah axtarmaq lazım deyil.

Yalandan özünüzü aldatmayın, telekanallar pozmadı uşaqlarınızı. Heç bir telekanalda belə şey təbliğ olunmur.

O uşaqları sizin vermədiyiniz tərbiyə, əxlaq pozdu.

Siz o uşaqları doğub buraxdınız taleyin ümidinə.

Siz övladınızın heç nəyi ilə maraqlanmadınız.

Nə tərbiyələri ilə məşğul oldunuz, nə də təhsilləri ilə.

Hərəsinin əlinə bir telefon alıb verdiniz ki, sussunlar, başınız dinc olsun, sizi yormasınlar.

Sizin övladlarınıza tərbiyəni telefonları verdi.

Sizin övladlarınızı telefonlar böyütdü.

Və indi heç nəyə təəccüblənmək, etiraz etmək haqqınız yoxdur.

Təəssüflə də olsa deməliyəm ki, sizin uşaqlarınız tərbiyə görmədiyi üçün narkoman olacaq, oğru olacaq, cinayətkar olacaq.

Çünki sizin uşaqlarınızı Baləli böyütdü.

Sizin uşaqlarınızın cibinə bıçağı Rəşad Dağlı qoydu.

Sizin uşaqlarınızın kumiri kriminal avtoritetlər oldu.

Sizin uşaqlarınız oğru olmaq istədi, lotu olmaq istədi.

Sizin uşaqlarınızın ən sevdiyi mahnı "Dolya vorovskaya", ən sevdiyi aksesuar təsbeh oldu.

Və bu sizi heç narahat eləmədi.

Çünki heç siz də uşaqlarınızdan fərqlənmirdiniz.

Sizin uşaqlarınız ancaq Baboşdan, Bayram Nurludan danışdı. Çünki siz də ancaq onlara baxdınız uşaqlarınızın yanında.

Çünki siz heç vaxt övladınızın əlindən tutub teatra aparmadınız.

Çünki siz uşağınızı bir kitab sərgisinə aparıb kitablarla, yazıçılarla tanış etmədiniz.

Siz o kitablardan da, yazıçılardan da, teatrlardan da qaçdınız.

Dünən də qaçmışdınız...

Bu gün də qaçırsınız...

Sabah da qaçacaqsınız...

Amma yenə də yalandan deyinəcəksiniz.

Yalandan hər şeyə deyinəcəksiniz.

Kanallara, məktəblərə, onlara, bunlara...

Günahı mütləq başqasında axtaracaqsınız.

Çünki bundan asan nəsə yoxdur.

Çünki günahı başqasında görəndə adamın vicdanı rahatlayır.

Və siz yenə də övladlarınıza yaxşı heç nə öyrətməyəcəksiniz, tanıtmayacaqsınız.

Sizin uşaqlarınıza tərbiyəni yenə də smartfon telefonlar verəcək.

Sizin uşaqlarınızı telefonlar, telefonun içindəki Baləlilər, Rəşad Dağlılar, Şəbnəm Tovuzlular, Bayram Nurlular, Baboşlar böyüdəcək.

Sizin uşaqlarınızı tik-tok böyüdəcək.

Və bir gün sizin uşağınız da ya kimisə bıçaqlayacaq, ya narkoman olacaq, ya da...

Ya da mən nə bilim.

# 3911 dəfə oxunub

Oxşar xəbərlər

Əlisəmid Kür Rafiq Tağının son günlərində ona nə demişdi?

Əlisəmid Kür Rafiq Tağının son günlərində ona nə demişdi?

18:32 14 oktyabr 2025
"İstəmirəm ki, şəkillərim müzakirə mövzusuna çevrilsin..." - Nailə İslamzadədən etiraz

"İstəmirəm ki, şəkillərim müzakirə mövzusuna çevrilsin..." - Nailə İslamzadədən etiraz

15:34 14 oktyabr 2025
“Prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi?” - Jurnalistin sualına Məmməd Arazın cavabı nə idi?

“Prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi?” - Jurnalistin sualına Məmməd Arazın cavabı nə idi?

15:00 14 oktyabr 2025
Azərbaycanlı müğənni Rusiyadan  deportasiya olundu

Azərbaycanlı müğənni Rusiyadan deportasiya olundu

14:40 14 oktyabr 2025
"Nə öz qədrini bildi, nə də ona layiq olduğu qiyməti verdilər" - Əlisəmid Kür haqqında

"Nə öz qədrini bildi, nə də ona layiq olduğu qiyməti verdilər" - Əlisəmid Kür haqqında

14:32 14 oktyabr 2025
"Şərqin Marksı"  - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?

"Şərqin Marksı" - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?

14:10 14 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər