#

Fəridə: "Dediklərini elədim, bu gün mənə elçi gəldilər"

Fəridə:  "Dediklərini elədim, bu gün mənə elçi gəldilər"
3 oktyabr 2024
# 12:09

Kulis.az Fəridənin yeni yazısını təqdim edir.

Nənəmin qəribə inancları vardı. Guya insan tükü oda düşüb yananda mələklər elə bilirlər ki, kabab çəkilir, sonra gəlib kababı tapmayanda tük yiyəsini qarğıyırlar.

Ya da mübhəm bir arzun varsa, ürəyində niyyət tutub qoluna qırmızı bir ip bağlayırsan, ip nazilib-üzülüb qopub düşüncə o arzuna çatırsan.

Yaxud da gecə balıncın altına dəfnə yarpağı qoyub yatsan, pis yuxular görməzsən. İşdir-şayət, dəfnə yarpağını unudub gecə bəd yuxu gördünsə, gərək oyanan kimi yuxunu axar suya danışasan ki, su yuxunu axıdıb aparıb xeyrə calasın.

Yarıyuxulu, gözlərimi ovub səhər o başdan durub o qədər arxa tərəf qaçmışam ki.

Bir az böyüyəndən sonra köhnəfikirli, xurafata uyan, cəfəngiyyata inanan nənəmə, mələklərinə, cin-şeytanlara inamım yavaş-yavaş itdi, təbii ki. Guya bəd yuxularımı axıdıb, aparıb haradasa uzaqlarda “xeyrə calayan” arx da yavaş-yavaş bütün cazibəsini itirib içində çömçəquyruqlar oynaşan su yoluna çevrildi...

Son dövrlər Tiktok və İnstagram platformalarında sürətlə yayılan “manifestləmək”, “ritual” kimi anlayışlar yəqin ki, hər gün sizin də qarşınıza çıxır. Az qala hərə özünə bir profil açıb camaata dərs, təlim keçir. Özü də bir-iki məlumat videolarından sonra bu xidmət pulludur haa. Yəni ki, bizim bu “ümid tacirləri” sizə bu şeylər haqqında bir-iki məlumat ötürür, sonra da deyir ki, bəs filan qədər pul ödə, sənə filan ritualı, manifesti öyrədim.

Yaxşı iş axtaran, çoxlu pul istəyən, xəyanəti bağışlamayıb yalana nifrət edən bir sevgili” axtaranlar da bu “ümidsatanlar”ın yeminə, qurbanına çevrilirlər.

O gün bir qaqaş canlı yayımda bar-bar bağırırdı ki, ay camaat, adınızı duza qoyuram.

Maraq naminə qaqaşa yazıb danışdım, məlum oldu ki, “xidməthaqqısı” iki yüz manatdır. Soruşdum ki, adımı duza qoyacaqsan nolacaq? Nəyə yarayır bu xidmət? Dedi ki, adımın üstündə həyatıma hopmuş bütün mənfi enerjilər təmizlənəcək və həyatımda hər şey yağ kimi gedəcək.

Yenə də soruşdum ki, bəs özüm öz adımı duza qoya bilərəm? Yəni niyə sənə iki yüz manat verim də, elə özüm yağlayıb, duzlayaram da. Qaqaş “nerviləndi” və dedi ki, özün bacarmazsan, bu işi məhz bilən adam etməlidir ki, neqativ dalğaları qıcıqlandırmayasan.

Biri də “bərəkət pulqabısı” satırdı. İçi boş pulqabı. Üç yüz manat verib alırsan, sonra pulqabın qəfildən pulla dolur, daşır, xərclə-xərclə bitmir.

Gəlin, burada bir balaca haşiyəyə çıxaq: Orta əsrlərdə Avropa ölkələrində “cənnət qəbzləri” satılırdı. İnsanlar bu qəbzləri ya kilsəyə xidmət, ya da pul müqabilində ala bilərdilər. Həm özün, həm də ölmüş doğmaların üçün qəbz ala bilərdin.

Protestant məzhəbi də bu “cənnət qəbzləri”nin satışıyla yaranmışdı. İndulgensiyaya qarşı çıxan Martin Lüteri də Roma papası lənətləmişdi (nənəmin adam lənətləyən mələklərini xatırladım yenə).

Hə, bizim bu xidmətlərin pulsuzları da var, təbii ki. Bunlar da ritual öyrədənlərdir. Dəfnə yarpağını pulqabına qoy, bərəkət gəlsin, cümə səhərləri darçına iki dəfə üfür, üç dəfə tüpür, sonra qapının ağzına tök. Qoluna qırmızı qələmlə şüyüd başına, xoruz quyruğuna bənzər simvollar çək, müsbət enerji dalğasının içinə düş.

İnsan axmaqlığı kimi bu siyahının da sonu bitmir, uzandıqca uzanır.

Guya “cazibə qanunu”na və ya enerji dalğalarına dayanan bu cəfəngiyyatlar birbaşa psixoloji manipulyasiyadır. Sadəcə bu dəfə özün-özünü manipulyasiya edirsən. Ümidlənirsən, səbrlə gözləməyi öyrənirsən, pozitiv olursan, özün üçün hədəf və məqsədlər müəyyənləşdirirsən. Amma qorxunc, təhlükəli tərəfləri də var axı. Hansısa naməlum bir qüvvəyə arxayın olub istədiyin şey üçün heç bir çaba göstərmirsən. İnanırsan, gözləyirsən, istədiyin olmayanda özünü günahlandırırsan ki, deməli, nəyisə düz etmədim ki, məndə alınmadı.

Axı bu “ümid tacirləri”nin paylaşımlarının altında “aldım, qəbul etdim, 777”, “çox sağ olun, möcüzə baş verdi sanki” , “dediklərini elədim, bu gün mənə elçi gəldilər” kimi şərhlər doludur. Hamıda alınır, səndə olmursa, nəyisə səhv etmisən. Elə onlar da belə deyirlər. “Alınmayıbsa, deməli, inanaraq etməmisən”.

Buyur, hətta sən inancından da şübhəyə düşdün artıq.

Ən pisi də odur ki, pul da xərcləyirsiniz.

Çəmənzəminlinin “Cənnətin qəbzi” hekayəsini oxumusunuz? Orada da cənnətə qəbz alsın deyə bir qadın ərinin baş-beynini yeyir.

Bizim cəmiyyət də hazırda o hekayənin günündədir. Boş ümidlərə düşüb, “seyid öz cəddinə güvənən kimi” hansısa naməlum bir şeyə arxalanıb pul, vaxt itirmək...

Virus kimi yayılan şəxsi inkişaf kitablarına şükür vallah. Heç olmaya mütaliə etmiş olursan. Bu cəfəngiyyatlardan da daha ucuza başa gəlir.

Halımız içlər acısı”. Amma hava proqnozları leysan vəd edir. Kaş yağa, axıda apara hər şeyi uzaqlara, xeyrə calaya.

# 679 dəfə oxunub

Oxşar xəbərlər

"Qardaş 2"-nin ulduzunun hesabları bloklandı

"Qardaş 2"-nin ulduzunun hesabları bloklandı

14:45 3 oktyabr 2024
Avroviziya müsabiqəsinin qalibi vəfat etdi

Avroviziya müsabiqəsinin qalibi vəfat etdi

13:03 3 oktyabr 2024
Xalq artisti:  "Hər şeydən əlini üzən müğənni olur"

Xalq artisti: "Hər şeydən əlini üzən müğənni olur"

11:02 3 oktyabr 2024
Nikol Kidmanın 16 yaşlı qızı model oldu

Nikol Kidmanın 16 yaşlı qızı model oldu

11:00 3 oktyabr 2024
"Batman" kimi yaşayan adam

"Batman" kimi yaşayan adam

10:28 3 oktyabr 2024
“Baku Cinema Breeze”  beynəlxalq film festivalının açılış mərasimi keçirildi

“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılış mərasimi keçirildi

09:45 3 oktyabr 2024
#
#
# # #