Eşqə tərif verən şair - Rəvan Cavid

Eşqə tərif verən şair - Rəvan Cavid
1 oktyabr 2023
# 17:33

Kulis.az Rəvan Cavidin yazısını təqdim edir.


Məni böyüdən şairlər var. Elə bilirəm, ta bələkdən qulaqlarıma azan yerinə o şairlərin şeirlərini oxuyublar. Gəncliyimin "körpə çağlarını" da həmin şairlərin şeirləri yetkinləşdirib. Yaşımdan, yaddaşımdan tez böyüdüblər məni. O şairlər məcbur edib ki, payız günü quşların köçünü yaddaşıma qazıyım, ilk məhəbbətin hərarətini barmaqlarımda saxlayım, gəzdiyim küçələri adbaad xatirə dəftərlərinə nişanlayım. Elə bilmişəm ki, o şairlər dünyanın ən müqəddəs adamlarıdır, onlar necə yaşayırlarsa, mən də elə yaşamalıyam. Onların yazdığı kimi yazmalı, onların danışdığı kimi danışmalıyam. Onlar hansı suallara susurlarsa, mən də o sualların cavablarını ürəyimin hücrəsinə çəkib gün işığından qorumalıyam. Onlar haqqında danışanda səmimi olmalıyam. Şairlər haqqında danışdığım hər nadürüst kəlmə özümə, gəncliyimə xəyanətdi. Ədəbiyyat xoşbəxtlikdirsə, məni bu əbədi səadətə o şairlər yetirib. Yox, əgər ədəbiyyat azardırsa, ürəyi, qəlbi kor edib yandıran eşq bəlasıdırsa, məni bu bəlaya da həmin şairlər itələyib.

Nənəm ədəbiyyat müəllimi olub. Aynabəndli, çardaqlı evində xırda bir kitabxanası var idi. Məktəbin altıncı, bəlkə də, yeddinci sinfində oxuyanda həmin kitabxanadan kirilcə kitablar götürüb oxuyurdum. Oxuduqca başa düşürdüm ki, dünyada insanı fanilikdən qaçıran təkcə bir əməl var: yazmaq. Hüseyn Cavidi də, Cəfər Cabbarlını da, 60-cıları da o yaşlardan oxuyub tanımışdım. Həmişə xəyal edirdim ki, bir gün mütləq onlarla üz-üzə gəlib, saatlarla yazmağın bihudəliyindən danışacağam. Həmin xəyallardan ikisini ömrümün bu illərinəcən gətirə bildim. Hüseyn Cavidin təxəllüsünü, Vaqif Bayatlı Odərin əzbər bildiyim şeirlərini. Görüş xəyallarından isə cəmi biri reallaşmışdı. Musa Yaqubla canlı ünsiyyətimə tale və tale dostlarım fürsət yaratmışdı. Onu dinləmişdim. Onun ağzından sevgiyə, şeirə, ədəbiyyata dair nələrisə eşitməyi mənə nəsib etmişdi gözəlim həyat. Odər isə həyatın bütün xoşbəxt anlarında şeirləri ilə mənim çiynimdən vurub irəli atmışdı. Hərdən onunla eyni dövrdə yaşadığıma görə o qədər fərəhlənirəm ki, elə bilirəm, indicə əllərindən tutub birlikdə səmaya uçacağıq. Çünki o, səmaların şairidir. Ona baxanda gözlərin yerdəki bütün nəsnələrdən qopmalıdır.

Bizim ədəbi nəslin (2015-dən sonrakılar) bəxti onda gətirdi ki, 60-cılardan bu yana bütün nəsillərlə, ədəbi əcdadlarımızla görüşmək fürsətimiz oldu. Bəxtimiz onda gətirmədi ki, onların (xüsusən də 80-90-cıların) ovuclarında sıxılmaqdan ölən, uçacağına nagüman qaldığımız ümidlər bizə yarıcan çatdı. O ümidlərin gələcəyi isə məchuldur.

Odər isə eşqin təkcə carçısı yox, həm də yolçusu idi. Bircə onun hücrəsində rahatlıq tapdıq. Hamısı dəyişdi. O şairlərin hamısı zaman-zaman dəyişdi. Ölənlərin xatirələri gözümüzdə onları dəyişdi. Yaşayanları sabitliyi, eyniliyi bizi yordu. Bircə Odər yeniydi. Şeirlərini min dəfə kiməsə oxusaq da, yenə yeniydi. Hər dəfə başqa bir həyəcanla geri qayıdırdı Odər poeziyası. Biz hamısını yamsılamağı bacarmışdıq. Bircə Odəri təkrarlaya bilmədik. Onun orijinallığı göy qübbəsi kimi əlçatmaz idi. Odər poeziyasının dərinliyi yox, ənginliyi bizi qorxudurdu. Onun uçduğu yerlərə qanad çalmaq cəsarət istəyirdi. Biz bu cəsarəti istəmədik. Biz Odəri dinləmək, onu oxumaq istədik. Onu təkrarlamaq yox.

Vaqif Bayatlı Odər özündən sonrakı bütün nəsillərin Şəmsi idi. Nəsillər onun önündə boynunu büküb günlərlə onu dinləyən, ona təslim olan, onun naminə varlığını bilinməzliklər çölündə əsir salan Mövlanə kimi idi. Odər özündən əvvəlkilərə də, öz nəsildaşlarına da, özündən sonrakılara da xamuşu öyrətdi. Susub göyləri dinləməyi.

Həyatımın hər nöqtəsində ondan nəsə var.

Xatırlayıram, 2021-ci ilin may ayı idi. Əsgər idim. Havuş dağında qar əriməmişdi. Döyüş növbətçiliyindən istirahətə gəldim. Televiziyada Fərid Hüseyn, Odərdən danışırdı. Sonra Vaqif müəllim özü canlı yayıma qatıldı. Onun səsini eşidəndə gözlərim dolmuşdu. Onun böyüklüyü bütün ümidləri yaşıllaşdırmışdı. Hədəflərim, arzularım, həyatım gözümdə yenə eşqə bürünmüşdü. Dodaqlarımın arasında o məsum şeiri əzbər deyirdim:


Dilərəm Tanrıdan qəlbə dəyməyən,

Uduzub yorulan, udub doymayan,

Ağlaya-ağlaya top-top oynayan

Qardaşımın üzü köməyim olsun.


Vaqif Bayatlı elə suallar verirdi ki gəncliyimizə, onun cavabları altında düşünməyə ömürlər yetmirdi. Məsələn, "Səni niyə sevdim, belə istədim niyə?"

Əlacsızlığın, eşqin verdiyi acizliyin, ayrıla bilməməyin ağrısını bundan yaxşı kim ifadə edib?!

Ya da, "Həm gizlətdim, həm də hamı bilə istədim niyə?"

Bu necə qısqanclıqdı, bu necə ifadədir?!

On səkkiz yaşımız var idi. Ədəbiyyata bürünmək, onun ən uca qatlarında üzmək istəyirdik. Odərin şeirləri bizi yerdə səmazən, göydə köç qatarı edirdi. Onun kimi sevməyə çalışırdıq. Allahı onun kimi dərk etmək istəyirdik.

İki şair haqqında yazmağa həmişə çəkinmişəm, qorxmuşam - Hüseyn Cavid və Vaqif Bayatlı Odər haqqında. İkisi haqqında da, bəlkə, gələcəkdə yazaram. Amma onlar məni böyüdən, əlimdən tutub çayı keçirən şairlərdir.

Odər olmasaydı, yəqin ki, ədəbiyyatımız əsl eşqin tərifini heç vaxt tapa bilməyəcəkdi.

Görüşmək ümidi ilə, Vaqif müəllim!

# 1792 dəfə oxunub

Oxşar xəbərlər

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
# # #