Elgiz, tamadalar və qonaqlıq - Kitabına toy edən yazıçı kimdir?

Elgiz, tamadalar və qonaqlıq - Kitabına toy edən yazıçı kimdir?
28 yanvar 2025
# 12:00

Kulis.az Eminquey Akifin "Təqdimat, Elgiz, tamada və kitab" köşəsini təqdim edir.



“Bu gün Filankəs Bəhmənoğlunun işığına yığışmışıq”

Naməlum şəxs


Heç kim və heç nə üçün gedən prosesin bir adı da kitab təqdimatlarıdır. Bəlkə də, getməmisiniz, bəlkə də, kitab sizin üçün külək bağlamasın deyə pəncərənin, qapının arasına qoyduğunuz bir şeydir, amma mən bununla belə sizin getməməyinizə haqq qazandırmaq niyyətindəyəm. Daha doğrusu, getməməyinizdəki bu inadın daha da möhkəm olmasına təkan verməyi hədəfləmişəm. Həyatdır da, birdən kimsə sizi yoldan çıxarar ki, gəl, filankəsin kitab təqdimatına gedək.

Hə, Filankəs Bəhmənoğlunun işığına yığışmışdıq axı. Əslində, hər şeyi siz məndən də yaxşı bilirsiniz. Bixəbər deyilsiniz ki, Azərbaycanda ovuc içi qədər kitab oxuyan adam var, amma bir qucaq dolusu kitab yazan adam. Bu ovuc-qucaq məsələsini vurğulamağım vacibdir. Bu, təxminən, ölkədə bir kişiyə neçə qadının düşməsi qədər lazımlı detaldır.

Və açığı, sizə pünhandır ki, bu işığına yığışdıqlarımın çoxusunun işığı “levı”dır. Ordan-burdan oğurlayıb özünə xətt çəkib Bəhmənoğulları. Nə isə.

Deməli, təqdimat dediyimiz şey nədən ibarətdir. Bir yazıçı, yaxud da şair kitab çap etdirir. Təbii ki, əksərən öz hesabına. Və çox vaxt da nisyə. Təqdimatın günü, saatı bəlli olur. Başlayır dəvət göndərməyə. Təqdimatın da məkanı çox vaxt hansısa kitab mağazası olur. Təqdimata 50 adam gələ ya gəlməyə. Xüsusilə, qeyd edim ki, bu adamlar oxucu deyil, yazıçı, şairlər olur. Sən bu adamları aşağı-yuxarı hər bir təqdimatda görə bilərsən. Zalımın balaları, elə bil Elgizin verilişindəki tamaşaçılardır. Fərq odur ki, Elgizin tamaşaçıları buna görə beş-on manat pul alır, amma bu təqdimata gedən adamlar beş-on manat pul xərcləyir.

Bu təqdimatlarda mütləq kimlərəsə söz verilməlidir. Söz verilən adamlar da kimlər olur? Hansısa saytın, qəzetin baş redaktoru, yaxud da yuxarı vəzifədə olan yazıçı, şair. Yazıçının, şairin sırf belə adamlara söz verməsi oradakı qonaqlardan çox, özünə olan hörmətsizliyidir, sözə, kitaba olan şəbzül yanaşmasıdır. Kimin ki təqdimatında ancaq belə adamlara söz verilir, o adamlardan heç zad olan deyil. Zaman onları yerbəyer edəcək.

Təqdimatların hamısı elə bu formatda keçir. Çox nadirən hansısa imza günündə fərqli nəsə və fərqli adam görərsən. O çıxır tərifləyir, bu çıxır tərifləyir, axırda da müəllif kitabını imzalayır, vəssalam! Təqdimatın axırında 50 kitabı satılan yazıçı 250 manatını da götürüb o əlli nəfər üçün qonaqlıq verir. Əgər tədbirdə imkanlı yazıçı varsa, xoş onun halına. Qonaqlığı boynuna yükləmək olar.

Səhərsi başı-beyni duman, üstündən kababın, ağzından arağın qoxusu getməyən yazıçı belə bir statusu yazmağı özünə borclu bilir: “Dostlar, iştirak etdiyinizə görə təşəkkür edirəm. Kitabım Filan mağazanın bu ay ən çox satılan kitabı seçilib”.

Seçilər də. Kitab mağazalarında gün ərzində bir kitabdan əllisi satılmır axı. Üstəgəl, sən elə bu ay üçün bu uğura imza ata bilərsən. Əlli nəfər dost-tanışının hesabına. Bəs, sonra? Sonrası da... Əlini ağdan qaraya vurmaq istəməyən yazıçı yerdə qalan 200 kitabını aparıb qoyur ya evin bir küncünə, ya da hansısa kitab mağazasına.

Bəli, Azərbaycanda kitabın və yazıçının taleyi belədir. Sadəcə, onlar niyə özlərini aldadır, bilmirəm. Bu ölkədə özünü aldatmalı olan ən axırıncı adamlar söz, kitab adamları olmalıdır.

Qardaş, niyə oxucusuz kitab təqdimatları edirsiniz? Kimə təqdim edirsiniz bu kitabları? Kimdir bu kitabın oxucuları? Əgər bir ovuc ədəbiyyat adamı alacaqsa kitabınızı, göndərin özlərinə, oxusunlar, sonra da sizə yaxşı bir qonaqlıq versinlər.

Deyərsən, kitabına toy edir zalım. Ümumiyyətlə, kitabına toy edən yazıçı kimdir? İntellektual biabırçı! İntellektual biabırçılıq! Və sonsuz "lıq", "liq", "luq", "lük"... axırda da heç nə... qaranlıq, lük...

Əgər sözüm xətrinizə dəyirsə, misalı özümdən çəkəcəm. Bəli, mən də bu üzqaraldan işə imza atmışam. Bəli, mənim də təqdimatımda 50 nəfər olub. Amma mən bir az fərqli yanaşmışam bu əlli nəfərə. Təqdimatıma ədəbiyyat adamlarını yox, sənət adamlarını dəvət etmişəm. On-on beş nəfər də oxucu. Vəssalam. Amma kitabımı nə hansısa mağazanın, nə də evimin küncünə atmışam. Beş yüz tirajla çap olunan kitabı bircə-bircə özüm satmışam. Ölkənin fərqli-fərqli bölgələrinə. Bilirəm, ərinirsiniz, özünüzə sığışdırmırsınız, amma məncə, bu tip təqdimatları da özünüzə yaraşdırmasanız, daha yaxşı olar.

Belə...

Hə, bir də, o işıq söhbətini yığışdırın, ayıbdır.

# 999 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

22:43 29 yanvar 2025
Yeltsinin nəvəsinin sərgisi açıldı

Yeltsinin nəvəsinin sərgisi açıldı

18:52 29 yanvar 2025
Oskarlı aktrisa yanğından çətinliklə xilas oldu

Oskarlı aktrisa yanğından çətinliklə xilas oldu

18:47 29 yanvar 2025
Məşhur müğənninin vəsiyyəti bəlli oldu

Məşhur müğənninin vəsiyyəti bəlli oldu

17:30 29 yanvar 2025
Kirkorov azərbaycanca  mahnı oxudu

Kirkorov azərbaycanca mahnı oxudu

15:38 29 yanvar 2025
Yoxa çıxan məşhur inqilabçı belə tapılmışdı - Anı necə dondurmaq olar?

Yoxa çıxan məşhur inqilabçı belə tapılmışdı - Anı necə dondurmaq olar?

15:00 29 yanvar 2025
# # #