O, bizim milli sərvətimizdir – Seymur Baycan xanım yazardan yazdı

O, bizim milli sərvətimizdir – Seymur Baycan xanım yazardan yazdı
17 iyul 2021
# 14:20

Kulis.az yazıçı Seymur Baycanın “Həyat və yaradıcılığımın gözümdən düşməsi haqqında” yazısını təqdim edir.

…Anaid, xadimələrdən birinə çay gətirməsini əmr etdi. Bir gözü divara bərkidilmiş televizorda, bir gözü isə İsmətdə idi.
– Hə, İsmət, tanış et görüm bu xanım kimdir? Mənim yanıma niyə gətirmisən?
İsmət böyük həvəslə Pərvanə haqqında danışmağa başladı:
– Bax, Anaş, bu qız mənim klientimdir. Təzə tanış olmuşuq.
Anaid qızı başdan ayağa süzüb, saymazyana soruşdu:
– Ailəlisən?
Qadının hökmlü səsindən Pərvanənin canına üşütmə düşdü. Cavab verməzdən öncə İsmətə baxdı. İsmət isə öz növbəsində ona ürəkli olmasını işarə etdi.
– Yox, ayrılmışam.
– Uşaq var?
– Bir qız, bir oğlan.
– Harda işləyirsən?
– İşləmirəm, evdə oturub uşaqlara baxıram.
– Hmm, – deyə Anaş toppuş əlini qarşısındakı çərəz dolu billur qaba uzatdı. Bir neçə kişmiş və fındığı qamarlayıb ağzına apardı. Ağzını saymazyana marçıldadaraq sözünə davam etdi:
– İşləmirsənsə, bəs pulu hardan alırsan?
Pərvanə utanaraq gözünü yerə dikdi. Bunu görən İsmət, tez onun yerinə cavab verdi:
– Canlara dəyən sevgilisi var, baxır da qızımıza necə lazımdır.
– Onda bura niyə gəlib?
– Evdə oturmaqdan darıxır. Dedim gəlsin sənin yanında işləsin. Öz pulunu qazansın.
– Axmaq olma! Qoy otursun evində! Mənə problem lazım deyil.
Bu zaman Fatma əlində qızıl sini içəri girdi. Gətirdiyi çayı birinci Anaidin qarşısına qoyub, ürkək baxışlarla sahibəsinə baxdı. Anaid süni təbəssümlə əlini onun saçına toxundurdu. Yanında əyləşməyə işarə etdi. Sonra üzünü Pərvanəyə tutub, Fatmanı göstərdi:
– Bu qızı görürsən? Adı Gülyadı. Yetim qızdı. Avtovağzaldan tapıb gətirmişəm. Artıq bir aydır ki, yanımda işləyir. Nə savadı var, nə sübutu. Amma mən ona sənət öyrətdim. Massajist işləyir. Yaxşı da pul qazanır. İş belə qızlara lazımdı. Oynaşı olanlara nə iş?
Anaidin sözləri Pərvanəyə şillə kimi dəydi:
– Anaş xanım.
– Anaş yox, Anaid! – deyə, salon sahibəsi qətiyyətlə qızın sözün kəsdi.
– Bağışlayın, İsmət Anaş dedi deyə, elə bildim adınız Anaşdı.
– Adım Anaşdı, amma hamı üçün yox!
– Başa düşdüm Anaid xanım, bağışlayın. Sözlərinizlə razıyam, amma mən həmin adamdan ayrılmaq istəyirəm.
– Niyə? Qudurmusan?

Nazlı Çələbi, “Həzz” romanından

Son vaxtlar başıma xüsusi əziyyət verməmək üçün daha çox yüngül, düşünməyi tələb etməyən əsərlər oxuyuram. Nazlı Çələbinin “Həzz” romanını da bu məqsədlə oxumağa başladım. “Həzz” romanına “beyin üçün saqqız” kimi baxırdım. Lakin elə ilk səhifələrdəcə əsərə qarşı münasibətimi dəyişməyə məcbur oldum. Elə ilk səhifələrdəcə müəllifin zəngin həyat təcrübəsinə malik olduğunu hiss etdim.

Əsərin süjeti haqqında heç nə yazmayacam. Yaxşısı budur gəlin əvvəlcə əsərdəki əsas qüsurlar, müəllifin buraxdığı əsas səhvlər haqqında danışaq:

1. Ədəbiyyat mövzusunda yazdığımız digər yazılarda da qeyd etdiyimiz kimi, müəllif hər bir obrazı yaşına, peşəsinə, səviyyəsinə, mənsub olduğu təbəqəyə uyğun danışdırmağı bacarmalıdı. “Həzz” romanında dialoqlar çox oxunaqlı, çox dinamik olsa da, Nazlı xanım dialoqlarda bütün obrazların əvəzinə özü danışır. Obrazların danışıq tərzi xeyli dərəcədə yeknəsəqdir. Nazlı xanımın dialoqları mənə türk mətbəxini xatırlatdı. Yemək (obraz) boldur, amma sanki yeməklərin hamısı bir qazanda bişib. Bir yeməkdən başqa yeməyə keçid etdikdə, fundamental dad fərqini o qədər də hiss etmirsən.

2. Müəllif təsvirlərdə vaxtı keçmiş qəliblərdən, bədii klişelərdən həddindən artıq çox istifadə edir. Üstəlik, müəllifin söz bazası zəifdir, dili kasaddır. Nazlı xanım bir müddət Azərbaycan ədəbiyyatını oxusa, bir yazıçı kimi söz bazasını xeyli artıra bilər. Ümumiyyətlə, yerli ədəbiyyatı oxumamaq bir çox yazıçılarımızın ciddi qüsurudur. Bəyənsələr də, bəyənməsələr də, yerli yazıçılar yerli ədəbiyyatı oxumaq məcburiyyətindədirlər. Əks halda yazdıqları əsərlərdə boşluqlar, fəsadlar bu və ya digər formada mütləq özünü büruzə verəcəkdir.

3. Nazlı xanım geniş nəfəsə, güclü təxəyyülə malik yazıçıdır. Həqiqətən Nazlı xanımın geniş nəfəsi, güclü təxəyyülü məni hər şeydən əvvəl bir oxucu kimi heyrətləndirdi. Bu qədər gözləmirdim, buna hazır deyildim. Lakin Nazlı xanım əsərdə süjeti çox şaxələndirib, mövzunu çox yayıb. Bir yazıçı kimi gücünü, nəyə qadir olduğunu dəqiq hesablaya bilməyib və əsərin sonunda süjetin başını-ayağını bir yerə yığmaqda çətinlik çəkib.

1609319368_whatsapp-image-2020-12-30-at-08.00.16-1

Əsərdə obrazlar rahatlıqla bir-birlərini tapırlar, çox asanlıqla bir-birləri ilə qarşılaşırlar. Adama elə gəlir ki, onların hamısı bir küçədə yaşayırlar. Pasternakın “Doktor Jivaqo” əsərində obrazların asanlıqla, tez-tez qarşılaşmasını əsərin qüsuru kimi xarakterizə edirlər. Bəzi tənqidçilər isə “Doktor Jivaqo” əsərində obrazların tez-tez, asanlıqla qarşılaşmasını əslində eyni taleli adamların qarşılaşması kimi yozurlar. Təəssüf ki, bu yozumu, yəni obrazların tez-tez, asanlıqla qarşılaşmasını, eyni taleli adamların qarşılaşması kimi qiymətləndirməyi, “Həzz” romanına aid edə bilmərik. “Həzz” əsərində obrazların asanlıqla, əsaslandırılmamış şəkildə bir-birləri ilə qarşılaşması ciddi qüsurdur.

4. Nazlı xanım əsərdə bəzən “həyatın mənası nədir” kimi ağır suallara cavablar axtarır, heç bir gərək olmadığı halda, lazımsız yerə ruh, kainat, o dünya, bu dünya mövzularına girir. Bu zaman müəllif axsamağa başlayır, əsərin yüksək tempi aşağı düşür. “Həyatın mənası nədir” kimi ağır suallara cavab axtarmaq, ruh, kainat, o dünya, bu dunya mövzularına girmək, bir müəllifin öz ayağı ilə bataqlığa girməsi deməkdir. Hər bir yazıçı üstün və zəif cəhətlərini dəqiq müəyyən etməlidir. Hər bir yazıçı zəif cəhətlərini ustalıqla gizlədib, üstün cəhətlərini maksimum irəli çıxartmalıdır. Nazlı xanım zəngin həyat təcrübəsinə malikdir. O, “həyatın mənası nədir” kimi ağır suala cavablar axtarmaq əvəzinə, sırf həyatdan gələn, həyatdan qaynaqlanan həqiqətləri, dəqiq bildiyi, bələd olduğu şeyləri yazmağa üstünlük verməlidir.

Folkner müsahibələrindən birində belə demişdir: “Yazıçıya üç şey lazımdır. Təcrübə, müşahidəçilik və təxəyyül. Ancaq bəzi vaxtlarda bu üçlüyün iki komponenti üçüncünün çatışmazlığını örtə bilir”.

“Həzz” romanının kəskin süjeti, romanda toxunulan mövzuların aktuallığı, yüksək dinamika yuxarıda sadaladığım qüsurları xeyli dərəcədə ört-basdır edir. Çoxdandır belə canlı, kəskin süjetli, aktual Azərbaycan romanı oxumamışdım. “Həzz” romanı son vaxtlar oxuduğum ən canlı, ən aktual Azərbaycan romanıdır. İçi mən qarışıq, ədibi mühitimizdə üzdə olan yazıçıların, demək olar ki, hamısının yaradıcılığı Nazlı xanımın təkcə “Həzz” romanının fonunda çox sönük və köhnə, nimdaş, həyatdan uzaq görünməkdədir. Papaq altında oğlanlar var imiş, xəbərimiz yoxdur. Nazlı xanımın qarşısına bir yazıçı kimi olsa-olsa ancaq Ələkbəri çıxartmaq olar. Hazırda ağlıma ikinci bir ad gəlmir. Şəxsən mən hər səhifəsindən həqiqət, real həyat səhnələri fışqıran “Həzz” romanını oxuduqca həyatdan nə qədər uzaqlaşdığımı, hekayələrimdə nə qədər köhnə, nimdaş movzulara toxunduğumu, nə qədər miskin, mənasız hekayələr yazdığımı dərindən dərk edirdim. Avtomatik olaraq həyat və yaradıcılığım gözümdən düşürdü. İndi özümü ciddi boşluqda hiss etməkdəyəm. Nazlı xanımın “İblisin məşuqəsi” adlı romanı da var. Oxumamışam. Ən qısa vaxtda əsəri tapıb mütləq oxuyacam. Eşitdiyimə görə, həmin əsərdə Nazlı xanım daha yüksək performans nümayiş etdirib.

***

Azərbaycan qızları çox infantildir. İki, üç, bəzən dörd uşaq dünyaya gətirsələr də, mama sözü dillərindən düşmür.

Mama zəng etmişdi…

Mama gecə yata bilməyib…

Mamanın təzyiqi qalxıb…

Mamanın şəkəri düşüb…

Mamanın başına xına qoymaq lazımdı…

Mama, mama , mama…

Hələ gedib günlərlə mamasıgildə qalanlar var. Bu infantillərə heç cür başa salmaq olmur ki, sən artıq uşaq deyilsən, ərli arvadsan, sən özün ikiqat, üçqat, dördqat mamasan. Xeyri yoxdu.

Hər səhifəsindən həqiqi həyat səhnələri fışqıran “Həzz” romanını oxuduqca, ürəyimdə istər-istəməz, özümdən asılı olmayaraq, “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin qəhrəmanı Holdenin arzusuna bənzəyən, həyata keçməsi heç cür mümkün olmayan bir arzu baş qaldırırdı. Düşünürdüm ki, kaş adamın imkanı ola, qızlar üçün qəşəng, böyük bir seminariya aça və Nazlı xanımı ora direktor, ən aşağısı baş tərbiyəçı təyin edə. Nazlı xanımın zəngin həyat təcrübəsi qızlara infantillik daşını atmaqda müstəsna köməklik göstərə bilər. Nazlı xanım bizim milli sərvətimizdir. Onun qədrini bilməliyik. Bu xanımın zəngin həyat təcrübəsindən mütləq bəhrələnməliyik. Fürsətdən istifadə edib hər kəsə Nazlı xanımın “Həzz” romanını oxumağı şiddətlə tövsiyə edirəm. “Həzz” romanını oxuduqca məndə belə bir fikir hasil olurdu ki, dəyəsən Azərbaycanda vəziyyət biz düşündüyümüzdən də ağırdır.

Adətən oxucu romanın sonlarına yaxınlaşdıqda yorulur. “Həzz” romanının sonlarına yaxınlaşanda əsla yorulmadım. Tam tərsinə, vücudumu kədər bürüyürdu. Romanın bitməsini istəmirdim. Hər səhifəsindən canlı həyat fışqıran, bu canlı, diri romanı oxuyub bitirdikdə düşündüm; kaş bu əsər beş il əvvəl yazılardı və mən də bu əsəri beş il əvvəl oxuyardım. Ümumiyyətlə, ağlım kəsəndən bəri özümü həyata, həyatın bütün sahələrinə, hər şeyə beş il gecikmiş adam kimi hiss etmişəm. Yadımdadır, bir dəfə avtobusla Şəmkirə gedirdim. Qabaqda, sürücünün yanında oturmuşdum. Avtobusun hayı gedib, vayı qalmışdı. Cındırından cin hürkürdü. Səs-küydən qulaq tutulurdu. Sürücüyə dedim ki, qardaş, bu nə avtobusdur belə, niyə bu avtobusa baxmırsan? Sürücü qayıdıb nə desə yaxşıdır? Dedi ki, müəllim, kaş sən bu avtobusu beş il əvvəl görəydin…

azlogos.eu

# 5771 dəfə oxunub

Oxşar xəbərlər

“Bəzən bir ümid...”  adlı fərdi sərgi açıldı

“Bəzən bir ümid...” adlı fərdi sərgi açıldı

18:40 31 oktyabr 2024
“Musiqinin cəmiyyətdə rolu”  mövzusunda elmi-praktik seminar keçirildi

“Musiqinin cəmiyyətdə rolu” mövzusunda elmi-praktik seminar keçirildi

17:38 31 oktyabr 2024
 Güneyli yazar:  "O yazı ədəbiyyata böyük bir xəyanət sayılır..." - Müsahibə

Güneyli yazar: "O yazı ədəbiyyata böyük bir xəyanət sayılır..." - Müsahibə

16:21 31 oktyabr 2024
Filarmoniyada Zəfər Gününə həsr olunmuş konsert keçirilib

Filarmoniyada Zəfər Gününə həsr olunmuş konsert keçirilib

16:18 31 oktyabr 2024
Rəşad Məcid haqqında kitab çap olundu

Rəşad Məcid haqqında kitab çap olundu

14:00 31 oktyabr 2024
Məşhur reper həbs olundu

Məşhur reper həbs olundu

13:30 31 oktyabr 2024
# # #