Ayxan Ayvaz: “Feministlərin qəzəbi tutmasın, oğlan istəyirdim” – Müsahibə

Ayxan Ayvaz: “Feministlərin qəzəbi tutmasın, oğlan istəyirdim” – Müsahibə
1 aprel 2021
# 14:30

Kulis.az “Səni deyirlər” layihəsindən bu gün 30 yaşını qeyd edən yazıçı-publisist, hazırda Xaçmazda yaşayan saytımızın əməkdaşı Ayxan Ayvazla söhbəti təqdim edir.

- Deyirlər, Ayxanın yarısı da yerin altındadır. Niyə belə deyirlər?

- Bütün balacaboylar haqda deyilmiş ifadədir. Amma məndə bunun bir ayrı mənası var. Çoxbilmişəm. Uşaq yaşlarından böyüklərlə oturub-durmuşam. Tutaq ki, öz yaşıdlarımdan birinin görə bilmədiyini mən o saat görürəm. Vaxtından əvvəl böyümüşəm. Əslində, buna görə əzab çəkirəm çox vaxt. Nə işim var idi o yaşda yekə-yekə kişilərin içində? Bütün gün dərin söhbətlər, içki, dava-dalaş... Amma həm də bir yandan fikirləşirəm, yaxşı oldu bu, xeyli təcrübə qazandım. Bəzən, təcrübə qazanmaq üçün qurbanlar vermək lazım olur. Həyatdır. Ən doğrusu isə budur: hələ də özümü tələbə kimi hiss edirəm. öyrənməyə həvəsli biri... Ona görə də yerin altındakı Ayxanın da çox şeydən xəbəri yoxdur. O da mənim kimi yarımçıqdır.

- Napoleon kompleksin yoxdur?

- Yox, heç vaxt bəstəboy olduğuma görə kompleks keçirməmişəm. Bircə ən böyük narahatlığım uzun qızlarla münasibət qura bilməmək olub. Uzun qızları çox bəyənirdim, təəssüf, onlara boyumun qısalığına görə yaxınlaşa bilmirdim. Başqa elə əlahiddə kompleksim yoxdur. Özümə hərdən təsəlli verirəm ki, Folkner də bəstəboy olub (gülür).

- Nərmin xanımdan qorxmursan, belə danışırsan?

- Dəhşət qorxuram. Ümumiyyətlə, qadından qorxmayan kişi yoxdur. Varsa da, mən tanımıram (gülür).

- Eşitdiyimə görə, övlad gözləyirsən. Necə duyğudur?

- Çox qəribə. Məsuliyyətverici bir hiss... Hələ mən özüm böyüməmişəm, elə bilirəm, uşağam. Nə qədər çoxbilmiş olsam da, yekə bir uşağam. İndi bir də ata olmaq məsuliyyəti... Həm çox sevinirəm, həm də dəhşət qorxuram.

- Qızdı, ya oğlan? Sən hansını istəyirsən?

- Qız. Feministlərin qəzəbi tutmasın, əvvəl oğlan istəyirdim. Bunun da səbəbi vardı. Atam üçün darıxmışdım, istəyirdim, oğlum olsun, atamın adını verim. Beləliklə, bu dəfə mən onun atası olum. Ancaq qız uşaqlarını daha çox sevirəm. Hətta ilk eşidəndə çox sevindim. Doplerdə baxanda həkimə zarafatla dedim ki, nə vaxtsa oğlana çevrilə bilərmi? (gülür). Qız daha gözəldir.

- Yenə qorxursan feministlərdən?

- Bu ölkədə ən çox feministlərin linçinə uğrayan adam mən olmuşam. Təhqir ediblər, söyüblər... Ancaq mən heç vaxt adekvat davranmamışam. Və feminizimi, qadın dəyərlərini həmişə müdafiə etmişəm.

- Ciddi iş rejimindən ayrılıb rayona gedəndə, düşündük ki, maraqlı əsərlər yazacaqsan. Yazmısanmı nəsə?

- Rayona getməkdə məqsəd ciddi əsər yazacam, bir roman yazacam hamının ağzı açıq qalacaq deyildi. Sadəcə, tale elə gətirdi. Yoldaşım burda işləyirdi və müqaviləsinə görə işdən çıxa bilməzdi, Bakıya da köçə bilməzdik. Qərar verdik ki, belə edək.

- Hər halda yaradıcılıq üçün vaxtın daha çox olub. Yazmamısan heç nə?

- Yazmışam. Ancaq özüm üçün. Daha çox atamın kitablarının çapına çalışdım. Onun kitablarını bir yerə yığmaq, kağızdan köçürmək...

- Hərdən özünü dahi kimi aparırsan. Bu nə eqoistlikdi?

- Bu, Şərif Ağayarın uydurmasıdır (gülür). Dahi kimi aparsam, müsahibə verməzdim. Dahi kimi aparsam, heç kimi saya salmazdım. Eqoist də deyiləm. Hətta bu xasiyyətimə görə yaxınlarım məni danlayır. Deyirlər, özünü bir az dart, belə eləmə, insanlara yaxınlıq vermə. Özünü dahi kimi aparan mən deyiləm, Şərifdi (gülür).

- Mən gördüklərimi deyirəm. Sənlə yaşıd həmkarların arasında da sənə qarşı qıcıq var. Səncə səbəbi nədi?

- Onlardan soruşmaq lazımdır. Görünür, məni gözləri götürmür (gülür).

- Özünü yaşlı yazıçı kimi aparmağına görə olmasın? Hələ deyirlər, sənə “ustad” demiyənlərdən inciyirsən.

- Nə bilim, vallah. Bakıdan çıxandan sonra haqqımda şaiyiələr gəzməyə başlayıb (gülür).

- Yaşıdlarından hansı imzaları bəyənirsən?

- Ad çəkmək istəmirəm. Biri yadımdan çıxacaq, yenə deyəcəklər, özünü göylə aparır.

- Bəlkə paxıllıqdan ad çəkmirsən?

- Mən həmişə bəyəndiyim yazı haqda xoş fikir demişəm. Paxıllıq yaddır mənə. Sadəcə indi ad çəkmək istəmirəm. Səbəbini də dedim.

- Məncə, bu səbəbin daha çox bəhanəyə oxşadı, amma eybi yox. Bakıda axırıncı dəfə nə vaxt olmusan?

- Bakıda axırıncı dəfə pandemiyadan əvvəl olmuşam. Səhv etmirəmsə. Bir dəfə də pandemiya vaxtı xəstəxanaya gedəndə olduq. Dəhşətli gəldi Bakı mənə. Ürəyim sıxıldı. Elə həmin gün qayıtdıq.

- Rayonu daha çox sevirsən?

- Hə. Amma çox darıxıram. Təkəm. Heç kim yoxdur. Söhbət etməyə adam tapmıram. Yəni, ədəbiyyat söhbətləri edəcək. Ən çox sevdiyim yer isə Tiflisdir. Uşaqlığımın ən gözəl çağları orda keçib. Tiflis üçün it kimi darıxıram.

- Ad gününü necə keçirəcəksən? Gəlsək qonaqlıq verərsən?

- İlk ad günümdü ki, yanımda yoldaşımdan başqa heç kim yoxdur. Dostlar yox, qardaş-bacı yox. Ad günlərini həmişə təmtəraqlı keçirməyi sevmişəm. İstəmişəm, çox adam olsun. Heyf, bu dəfə belə olmayacaq. Bir azdan şəhərə çıxıb gəzəcəyik, bəlkə dondurma-filan aldım özümə. Vəssalam.

# 3718 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #