Cabir Novruz kimdir?

Cabir Novruz kimdir?
12 mart 2025
# 11:53

Bu gün Xalq şairi Cabir Novruzun anadan olmasından 92 il ötür

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına Pedaqoji Texnikumda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirib.

1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Ulduz”, 1984-1987-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnallarının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin katibi olub.

Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvü şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

Cabir Novruzun yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirib və bu poeziyanı daha həyati edib.

Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib. 2002-ci il12 dekabrda vəfat edib.

# 6298 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər