Bəs, əslində, ehtiyacımız olan nədir?- Rəvan Cavid

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

9 iyul 2024
# 16:00

Kulis.az Rəvan Cavidin "Ehtiyaclar nərdivanı" adlı yeni yazısını təqdim edir.

Yay fəslində yadımıza düşən birinci şey tətildir. Elə başa düşürük ki, on bir ay sərasər işlədikdən sonra bir həftəlik, bir aylıq istirahət bizi həm fiziki, həm də psixoloji olaraq yeniləyəcək.

Yay gəlir, tətil edirik və başa düşürük ki, ehtiyacımız olan istirahət bu deyilmiş. Ya da göz qırpımında keçən zamanın axarında bu sakitlik, bu durğunluq bizə bəs etmir. Bəs, əslində, ehtiyacımız olan nədir? Kütləvi olaraq harasa tələsən, iyirmi dörd saat tədirgin olan bizlərin aramlıq ehtiyacını nə ödəyir? Kütləvilikdən və psixologiyadan danışacağıqsa, əlimizi atıb tutacağımız bir sahə var: sosial psixologiya.

Sosial psixoloqlara görə fərdlərin ehtiyaclar iyerarxiyası bu cürdür: fiziki ehtiyaclarımız, mühafizə, aidlik və sevgi, hörmət və eqo.

Bu ehtiyacların hansının daha vacib olması isə kütlənin, cəmiyyətin sosial rifahına və aydınlanma səviyyəsinə görə müəyyən edilir. Bəzi coğrafiyalarda fərdlərin özünü sübut etmək dərdi yoxdur. Onlara lazım olan əsas ehtiyac fiziki və mühafizə ehtiyaclarıdır. Təhlükəsiz bir həyat, tox qarın və sakit yuxu həmin cəmiyyətlərin nirvanasıdır.

Bəzi coğrafiyaların dərdi isə hörmət və eqodur. Onlar standart ehtiyacların hər birinə sahibdirlər. Axtardıqları sakitlik eqolarının, şəxsiyyətlərinin hörmət və ehtiramla anılmasıdır. Bu cür cəmiyyətlərin mədəni inkişafı da digərlərinkinə nisbətən daha sürətli olur. Çünki fərdlər və kütlə aydınlanma dövrünü çoxdan keçib. Onlar üçün normal olanlar digərləri üçün hələ də ağılalmaz şeylərdi. İstər mədəni, istər əxlaq kontekstində.

Bu cəmiyyətlər sonradan qloballaşma kimi anlayışların arxasında öz məchul niyyətlərini gizlədib digər mədəniyyətlərdən praqmatik, soyuq kültlər yaradırlar. Bu, başqa bir yazının mövzusudur, lakin qeyd etməyə dəyər ki, hazırda hegemon olan mədəniyyətlər, sosial psixoloqların təbirincə desək, iyerarxiyanın təpəsində dayanıb ehkam kəsməyə və beləcə toplum olaraq öz eqolarının qarşılığını almağa niyyətlənirlər.

Pramidanın ortasında qalan aidlik və sevgi ehtiyacımız isə heç vaxt dəyişməyən istəklərimiz arasındadır. Dünyanın ən sabit, ən sakit ölkəsində də hər kəs bu ehtiyacın arxasınca qaçır, ən qarmaşıq yerində də. Aidlik ehtiyacı bizim əsrin ən böyük psixoloji xəstəliklərinin təməlində yatan anlayışdır. Aidlikdən əvvəl sevgiyə heç bir instansiyadan keçmədən tərif verməyə çalışacam. Çünki duyğuların, yəqin ki, ən ibtidaisi o idi.

Hər kəsin içində böyütdüyü, əzizlədiyi duyğuya metafizik bir tərif verib, onun sərhədləri, psixoanalizi haqqında danışıb irreal, irrasional hissləri qaydalarla yorucu etmək istəmirəm. Onsuz hər kəs özü kimi yaşayır. Barmaq izi kimidi, birinə qarşı keçirdiyin hisslər digərində özünü yanılda bilir. Ya da sadəcə bir keçidlik şifrən olur. Ondan sonra bir də heç kimin ola bilmirsən. Ya da kimsə sənin içindəki o məlum hissləri oyada bilmir. Soyuq qalırsan. Küçədəki "sevgililər"in hamısı haqqında ayrılıq planları qurursan. Yersiz kibirə, lazımsız kinə gülümsəyirsən. Elə bilirsən ki, bütün dünya sənin yalnızlığına şahid kəsilib. Hər kəs öz işini-gücünü atıb sənin qağayılara bulku atmağına baxır. Gecələr hamı bir nəfər kimi pəncərənin qabağına yığılır, onun şəkillərinə necə baxdığına tamaşa edir.

Təklik qəribədən lap qəribədir. Ümidini soyunub narahatlığını əyninə geyirsən. Beynindəki tərəddüd hər gün böyüyür. Heç nə sənə təəccüblü gəlmir. Zaman keçdikcə daha çox bağlanırsan. Daha çox sevirsən. Daha çox darıxırsan. Bircə dəfə kəlmə kəsmədiyin adamın ən doğması, ən yaxını olursan. Səsini tapırsan, sonra o səs bütün "playlist"indəki "ən yaxşılar"dan da yaxşı gəlir. Onu yaşadığın bütün zamanların adıyla çağırırsan. Nə keçmiş, nə gələcəkdi bu. Heç indi də yaşamırsan o hissi. Bu dünyadan arınmış bir gözəllikdi, yaşayırsan keçir. Peşman olmayacağın hər şey var içində. Təbiətin, kosmosun, yolun hər kəs üçün təklif etdiyi mərhəmətidir sevgi.

Sevgi yaranışın ən gözəl inqilabıdır. Hər şey ondan sonra başladı, bitməmək üzrə davam edir. Hörmət də, sədaqət də, güvən də, inam da, mərhəmət də, lap elə şairin dediyi kimi, ayrılıqlar da, hüsran da sevgiyə aiddir. Onda başlayıb onda bitəcəyik. Ondan gəlib, ona tərəf yol tutub, ona gedirik. Sevgiyə misal çəkmək asandır. Onu ifadə etmək, tərif vermək çətindir. İnsanın bəlkə də ən böyük ehtiyacı həmişə ümumi mənada qayğı, böyük mənada sevgi olub. Digər ehtiyaclar onun yoxluğunda gözə görünmür. Bəlkə buna görədir ki, elə sosial psixoloqlar da iyerarxiyanın, ehtiyaclar piramidasının tam ortasına onu qoyublar.

Sevgi ehtiyacı həm də aidlik hissini özü ilə gətirir. Lakin aidlik hissi eqonun bəslənməsidir. Kiməsə, nəyəsə, harasa aid hiss etmək, əslində, həmin yerdən nə isə gözləməklə əlaqəlidir. Fərdlərin dünyasında aidlik duyğusunun həniri bir o qədər deyil. Çünki sosial media, şəbəkələr davamlı şəkildə kütlələrdən, toplumlardan asosial fərdlər "bataqlığı" yaradır. İkinci bir şəxsiyyətə büründüyümüz sosial şəbəkələr bir yerdən sonra bizi biz edən keyfiyyətləri də əlimizdən alır. Hamı öz şəxsi profilində ancaq xoşbəxt günlərini, gülərüz şəkillərini paylaşandan sonra özüylə təkbətək qalanda (buna cəsarəti çatarsa) necə bir kimsəsizlik duyğusunun içində batdığını hiss etməyə başlayır. Və bu ağır psixoloji travmalara gətirib çıxarır. Kütlə psixologiyasının əsas hədəflərindən biri bu cür fərdlərdən vəhşilər yaratmaqdır. Pis adamları sadəcə "şeytan yoldan çıxartmır", onları həm də biz özümüz, yəni cəmiyyət də yaradır. İçimizdəki "Joker"lərin böyümə səbəbi aidlik duyğumuzun itməsi və içimizə qapanıb hər şeydə fanilik axtarışlarımızdır.

İndi nə qədər adiləşsə də, şablonlaşsa da, yazmalıyam ki, bütün ehtiyacların təməlində məhz aidlik və sevgi dayanır. Pozitiv, inkişaf etmiş cəmiyyətlərin özülündəki aydınlanmanın da mərkəzində sevgi var. Çünki fərdlər arasındakı münasibətin, informasiya alış-verişinin əsas prinsipi hörmət və nikbinlikdir. Bir-birini başa düşən cəmiyyətlər üçün bütün ehtiyaclar və problemlər daha rahat həll yolunu tapır. Yaxşı bir tətilin verdiyi aramlıq kimi.

# 880 dəfə oxunub

Oxşar xəbərlər

Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

09:34 25 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
# # #