Atasını 12 yaşında itirdi, KVN komandasında çıxış etdi, xalq hərəkatına qoşuldu – Hacı Şahin haqqında maraqlı faktlar

Atasını 12 yaşında itirdi, KVN komandasında çıxış etdi, xalq hərəkatına qoşuldu – Hacı Şahin haqqında maraqlı faktlar
2 mart 2023
# 14:30

Kulis.az bu gün dünyasını dəyişən azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin haqqında maraqlı faktları təqdim edir.

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib. Atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar. Onun ailəsi Yasamalda məşhur “müəllimlər binası”nda yaşayıblar. Yay tətillərində Göyçayda qalan bibisigilə qonaq getməyi çox xoşlayıb.

1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinə daxil olub. Orta məktəbdə oxuyan zaman “Şən və hazırcavablar” ("KVN") komandasının üzvü olub.

***

Bir dəfə komandanın məşq prosesi vaxtı Hacı Şahin ssenari üzrə müəllimlərindən birini yamsılamalı olur. O, səhnəyə çıxan zaman həmin müəllimi qəfildən qapını açıb içəri girir. Hacı Şahin utandığından qızarır və rolunu yarımçıq saxlamalı olur.

Atasını erkən itirən Hacı Şahin müsahibələrinin birində keçmiş illərini xatırlayaraq deyir:

“Çox kontrastlı mühitdə böyümüşəm. Demək olar, hər zümrədən, hər mühitdən çoxsaylı və əziz dostlarım var idi. Atamı 12 yaşında itirdim, ailəmizin maddi çətinlikləri yarandı, bununla belə uşaqlıq illərinin şirinliyi bütün problemlərə qalib gəlirdi. Məktəbi qurtarar-qurtarmaz elektrik avadanlıqları satılan dükanda işə başladım. Dükan indiki Hüsü Hacıyev küçəsində yerləşirdi. Bu da həyatda mənim üçün mühüm təcrübə oldu. Həmişə maraqlı insanlarla qarşılaşırdım. Müxtəlif dərnəklər və fəaliyyətlərə cəlb olunurduq. Ən mühümü isə odur ki, hər yerdə mehribanlıq var idi. Qonşularımızla da, dostlarımızla da doğma kimi idik. Mən Bəhram Bağırzadənin bacısı ilə bir sinifdə oxuyurdum, yadıma gəlir, bütün sinif uşaqları ilə onlara qonaq gedirdik, rəhmətlik anaları bizi çox mehriban qarşılayırdı. Bütün dostlarımızın ailələri belə idi”.

***

Nümunəvi sovet ailəsində dünyaya gələn Hacı Şahinin dinə marağı elə gənc yaşlarından olub. 1992-ci ildən müstəqil şəkildə ərəb, fars dillərini öyrənməyə və ibadətə başlayıb. Müxtəlif dini ədəbiyyatlar mütaliə edib.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi. “Məşədi Dadaş” məsciddində İmam vəzifəsini icra edib. 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

***

İlkin gənclik illərində ölkədə sovet hakimiyyətinə qarşı başlanan xalq hərəkatına qoşulur, mitinqlərə qatılır. Bütün günü qəzet oxuyur, sinifdə, dərslərdə müzakirələr aparır. Orta məktəbi başa vurandan sonra o zamankı Politexnik İnstitutu, indiki Azərbaycan Texniki Universitetinə daxil olur. Daha sonra hərbi xidmətə yollanır, cəbhə bölgəsində xidmət edir. Qayıdandan sonra qonşuluqlarında yaşayan bir çox gənc kimi o, da namaz qılmağa başlayır. Bu barədə xatirələrində belə deyir:

“Bizim üçün bu, bir adət idi, nənələrimiz namaz qılırdı, “Aşura” günü məscidə gedirdik. Amma xalq hərəkatı fonunda milli özünəqayıdış oldu. Yadımdadır, ilk dəfə şeyx “şəhid” sözünü işlətməyə başlayanda bizə maraqlı gəlirdi ki, şəhid kimdir? Yəni dini biliklərimiz yox idi. Amma içimdə Allahla rabitə yaratmaq istəyi var idi. Namaza başladım, dostlarımla birlikdə həyətimizdə ibadət evi açdıq. Camaat namazına imamlıq etmək və xütbə oxumaq üçün məni seçdilər. Nə kitab var idi, nə internet. Şəhərdəki məscidlərin birinə gedib orada mütaliə edirdim. Hətta maddi durumumuz o qədər aşağı idi ki, Yasamaldan şəhərin mərkəzinə ayaqla gedib-gəlirdik. Bir tərəfdən çətin, digər tərəfdən qürurlu vaxtlar idi. Tədricən dini mütaliəm çoxaldı, ərəb və fars dillərini öyrəndim, fərdi qaydada dini dərslər aldım, ev kitabxanamı zənginləşdirdim. Uşaqlıqda tarixi çox sevirdim. Buna görə də hərbi xidmətdən qayıdıb birinci ali təhsilimi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum. Amma o zaman artıq dini sahə üzrə fəaliyyət göstərirdim. Ona görə də texniki və humanitar ali təhsil mənə daha geniş ictimai və dini fəaliyyət üçün əlavə dividentlər qazandırırdı”.

Hacı Şahin ədəbi bilikləri, geniş mütaliəsi olan nadir din xadimlərimizdən biri idi. O, Seyid Əzim Şirvanini, Mirzə Fətəli Axundovu, Mirzə Cəlili, eləcə də müasir ədəbiyyatı izləyir, həm də dərindən mütaliə edirdi.

***

Ailəli olan Hacı Şahinin dörd övladı var. Onun böyük oğlu Hüseyn ötən il ADA Universitetinin magistr dərəcəsi üzrə Dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olunub.

***

Hacı Şahin “Xoşbəxt ailə modeli”, “Haradan başlamalı”, “Yaradılışın hədəfi” adlı kitabların müəllifidir.

Din xadimi olmasına baxmayaraq, Hacı Şahin haqqında müxtəlif şayiələr yayılıb. Bunlardan ən maraqlısı bir qadının yazdığı status olub. Belə ki, guya Hacı Şahin sonsuz qadının həyat yoldaşına məsh çəkdiyi, 10 ay sonra o qadının dünyaya uşaq gətirdiyi deyilir. Lakin Hacı bu məsələyə kəskin etirazını bildirərək açıqlamalarının birində deyir:

"Belə bir hadisə baş verməyib. Baş verməsi də mümkün deyil. Kimlərsə bunu məqsədli şəkildə müəyyən səhifələrdə yayıblar. Qeyri-ciddi, heç bir reallığa söykənməyən haldır. Mən bu kimi işlərlə məşğul olmuram ki, kimsə də bu məqsədlə məndən imdad diləsin. Ümumiyyətlə, müsəlman olan kəs müxtəlif çətinliklərlə bağlı hər bir insan üçün dua edə bilər. Amma övladı olmayan üçün xüsusi şəkildə əməllə müdaxilə edilməsi mümkünsüz, yanlış və əsassız bir şeydir. Kimlərsə bunu məsxərə etmək niyyətilə yayıb və bunun mənə heç bir aidiyyatı yoxdur".

Uzun illər Həcc karvanına rəhbərlik edib və Həcc zəvvarlarına xidmət göstərib.

***

Ömrünün son günlərində "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi kimi fəaliyyət göstərib.

***

Hacı Şahin 2 mart 2023-cü ildə səhər saatlarında ürəktutmasından dünyasını dəyişib. Müsahibələrinin birində ölüm haqqında deyib:

“Ölümdən qorxmuram desəm böyük bir iddia olar. Ancaq onu deyim ki, ölümdən qorxmaq lazım deyil. Ölüm insan üçün müəmmalıdır deyə insan bilmədiyi şeydən çəkinib qorxur. Ölümü heç kimə zəng vurub başa salmırlar, demirlər. Dünyadan kimsə köçəndə geri qayıtmır. Ancaq ölüm son deyil. İnsan ölümün əbədiyyətə körpü olduğunu bilməlidir. Belə olsa, adam ölümdən qorxmaz. Ölümü acılaşdıran bizim əməllərimizdir. İnsanlar arasında yayılan ölüm qorxusu, düzgün deyil. İnsanlar ölümü tanısalar və ona hazır olsalar, ondan qorxmazlar”.

# 50016 dəfə oxunub

Oxşar xəbərlər

Firuz Səxavətə vəzifə verildi

Firuz Səxavətə vəzifə verildi

23:19 7 iyun 2023
Sevdiyi qızı aldadıb onunla gizli nikaha girdi, ermənilər konsertində dava saldı, yubiley tədbirinə görə şəkər tutub öldü

Sevdiyi qızı aldadıb onunla gizli nikaha girdi, ermənilər konsertində dava saldı, yubiley tədbirinə görə şəkər tutub öldü

21:00 7 iyun 2023
"Bakı Payızı-2023 - 35 il sonra" final gecələri keçiriləcək

"Bakı Payızı-2023 - 35 il sonra" final gecələri keçiriləcək

19:00 7 iyun 2023
"Kuru otlar üstüne"dən ilk səhnə yayımlandı

"Kuru otlar üstüne"dən ilk səhnə yayımlandı

18:30 7 iyun 2023
Bakıda rok festivalı keçiriləcək

Bakıda rok festivalı keçiriləcək

17:53 7 iyun 2023
Polad Bülbüloğlu beynəlxalq mükafata layiq görüldü

Polad Bülbüloğlu beynəlxalq mükafata layiq görüldü

17:13 7 iyun 2023
# # #