Atasına başdaşı qoydurmaq üçün su satan Elvinin sirri

Atasına başdaşı qoydurmaq üçün su satan Elvinin sirri
6 iyun 2023
# 17:15

Kulis.az Ülvi Bahadırın "Duman baxışlı müdrikə məktub" adlı yeni yazısını təqdim edir.

Mən masmavi özgürlüklər görmək istəyirəm

aydınlığın kövrək zümzüməsində...

Müharibəni ekran arxasından izləyəndə, şəhid məzarı görəndə nə qədər kədərlənsək də, qəhər bizi boğsa da, yaşamadan anlamaq, duymaq çətindir. 2020-ci ildə oktyabrın qarışıq havalarının birinin ucundan yapışıb telefonun fənərini qarşıya tutub ləngər vura-vura evə gəlirdim. Zəng gəldi, danışıb telefonu söndürdüm. Köhnə mağazalardan birinin arxasından burulanda gözüm divarda təbaşirlə çəkilmiş bir rəsmə sataşdı: iki çöp adam və dallarına düşən bir küçük...

Elə bil məni ildrım vurdu...

Elə bil içimdə nəsə qırıldı...

Tələbə vaxtı bir dostum qəfildən zəng elədi ki, bəs İsmayıllıdayam, burda bir səni tanıyıram. Çıxıb qarşıladım. Gəzib-dolandıq gecəyə qədər. Ucadan şeir deyə-deyə üzüaşağı gəlirdik ki, qəfildən bir küçük qarşımızı kəsdi. Türk seriallarında seriyanın axırında qəhrəmanlar donub qalırlar ha, biz də eləcə qaldıq. Qəfildən dostum götürüldü, mən də dalınca Qaça-qaça gəlib mağazanın dalında gizləndik. Küçük də serialdakı narkobaronların yanındakı fiquranlar kimi keçib getdi yanımızdan. Əllərimiz dizimizdə bir-birimizə baxıb xeyli gülüşdük. Özümüz də “fiquran” dan çox da fərqlənmirdik.

Onda dostum divara – qəlbimin ən qərib küncünə çəkdi o rəsmi – 2 çöp adam və dalınca qaçan bir küçük. Nitsşenin də dediyi kimi, insana əzab verən xatirələridir.

Bir neçə gün öncə qarşıma bir video çıxdı. Gədəbəydə 11 yaşlı Elvin adlı oğlan atasına başdaşı qoydurmaq üçün su satır. Bu “şirin ləhcəli bülbül”ün gözlərində dünyanın ən soyuq küncünün yuxusu gizlənmişdi.

O yuxu hamımızdan oyaq...

O yuxu hamımızdan ötkəm...

İlk dəfə əlim babamın başdaşına dəyib. Uzaqdan şkafın üstünə qoyulan şəklini gördüm daşın üstündə... Asta-asta yaxınlaşıb əlim çatan yerinə xəfifcə toxundum. Sanki əllərim həyətimizin tən ortasında məskən salmış qocaman zoğal ağacının səthinə toxundu...

Əllərim ilk dəfə onda toxundu həyata. Ondan sonra nə qədər yaralandısa, əzildisə, yandısa, acımadı, ağrımadı.

O videoda dərələrə, dağlara, Elvinə baxdıqca uşaqlığım bir həqiqət aynasında əks olundu. Nitqindəki o saflıq, hazırlıqsızlıq...

Birinci dəfə babamın baş daşından boylanan şəklinə baxıb saatlarla danışmışdım onunla. Heç vaxt o qədər dürüst ola bilməmişdim.

Onu heç vaxt görməmişdim. Bəlkə də buna görə idi. İnsan görmədikləri və görməyəcəkləri ilə daha səmimi olur. Çünki ondan gələn bir təhlükə olmur. İndi də onun şəklini özümlə gəzdirirəm. İndi də heç kimə deyə bilmədiklərimi ona deyirəm. Bilmirəm, bəlkə də ona yox, deməli olduqlarıma deməliyəm. O, onun şəkli qarşımda ən böyük maneədir bəlkə də...

Bayaq Elvinin atasının başıdaşının yanındakı şəklinə baxırdım. Sarı futbolka, qırmızı jilet. Oxşar paltarlardan mən də vardı. Məncə, kənd uşaqlarının çoxunun geyimi eynidir.

Uşaq vaxtı Bakıya gələndə axşama düşdüm. Qış ayı idi. Hava tez qaralırdı. Qayıda bilmədim. Bir nəfərin evinə getdim. Qapını açıb salamlaşanda hiss elədim ki, corabımın daban hissəsi cırılıb. Ayaqqabımı çıxaran kimi tez icazə alıb ayaqyoluna girdim. İçəridə əvvəlcə ayaqqabımı, sonra da corabımı çıxardım. Xeyli, hardasa bir 10 dəqiqə corabın cırığına baxdım, baxdım, baxdım, sonra geyinib astaca evdən çıxıb aşağı düşdüm. Üzü qaranlığa doğru qaçmağa başladım. Hara gedəcəyimi, necə eləyəcəyimi bilmədən...

Onda çox kompleksli idim. Nə eləyirəmsə eləyim, nə qədər uğur qazanıramsa qazanım, mütləq bir əyər-əskik tapırdım. Davamlı elə hesab eləyirdim ki, bunları hamı eləyə bilər. Şeirdir də. Hekayədir də. Essedir də. Bir sözlə, əlahəzrət sözə qarşı çox biganə idim.

İndi Elvinin şəklinə baxıram, gözlərimi yumuram, beyinimdə keçmişimdən fraqmentlər, dialoqlar uçuşur.

Hər kəsin içində balaca, nöqtə boyda da olsa, bir Elvin var. Manyaklar belə uşaqlıqlarından danışanda başqalaşırlar, daha çox uşaqlıqları - ən saf dövrləri ilə təzyiq eləyirlər onlara. Çünki hər şeyin – yaxşılığın da, pisliyin də mənbəyi odur.

Bilmirəm gələcəkdə Elvini hansı tale gözləyir. Yəqin ki, hər bir azərbaycanlının yaşadığını yaşayacaq. Ya pisliklərdən xəbərsiz öz nağıl dünyasında yaşayacaq, qəlbini, ruhunu dağların dumanı ilə bəsləyəcək, ya da...

Adamlara o qədər bağlanırsan ki, elə bilirsən heç vaxt getməyəcəklər. Bir gün gedirlər, hələ başa düşmürsən. Bəzən illərlə duya bilməzsən bu ağrını... Bir gün gecəyə yaxın açıq havada oturarkən sərindən kürəyin uyuşanda yadına düşərlər.

Üzünü qaranlığa tutub zingildəyərsən...

# 4617 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #