Alammaz əlimdən bu haqqı kimsə - Bəxtiyar Vahabzadə

Alammaz əlimdən bu haqqı kimsə - Bəxtiyar Vahabzadə
14 noyabr 2023
# 15:10

Kulis.az Bəxtiyar Vahabzadənin "Sevə bilirəmsə..." şeirini təqdim edir.

Ancaq məhəbbətçün yaranmışam mən,
Alammaz əlimdən bu haqqı kimsə.
Xoşbəxtem,
küsmərəm öz taleyimdən,
Əgər sevirəmsə...
sevilirəmsə...

Məhəbbət - amalım, arzularımdır,
Ona kainatım, cahanım deyim.
Mənim dövlətimdir, mənim varımdır
Bütün varlığımla sevə bilməyim.

Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən gözəl adamıyam mən.
Səni sevirəmsə, sevirəm demək
Həyatı,
dünyanı,
yoxdur düşmənim...
Əgər sevirəmsə - qəlbim aynatək
Şəffafdır,
həssasdır,
kövrəkdir mənim...

Bu könül aynama gülümsəyərək,
Göylər də,
yerlər də
əks olur həmən.
Sevirəm,
sevirəm,
sevirəm,
demək,
Bütöv bir aləməm, kainatam mən.

Mən ki, kainatam, aləməm, nə qəm,
Ayım da,
Günüm də,
Ulduzum da var.
Həm zülmət,
həm də ki,
aydınlıq gecəm,
Həm açıq,
həm tutqun
gündüzüm də var.

De məndən varlısı dünyada varmı?
Sevən də özünü yoxsul sanarmı?
Mənim öz eşqimin öz ulduzları
Dağıdır, könlümə nur, qucaq-qucaq...
Axı, bu sərvəti, dövləti, varı
Məhəbbət bəxş edir insana ancaq.

Bəli, ilk insanla həmyaşam artıq,
Bilmirəm aydayam, ya gündəyəm mən.
Zamandan, məkandan çıxmışam artıq,
Dünyəvi aləmin fövqündəyəm mən.

Öz böyük eşqimlə fəzadayam mən.
Məni endirməyin yerə, amandır.
Dünya çox kiçikdir məhəbbətimdən,
Hər arzum bir cahan, bir asimandır.

Verir arzularım göydə səs-səsə,
Deməyin yerdə uç, yer bəs deyilmi?
Yanan bir ürəyə, sevən bir kəsə
Asiman özü də qəfəs deyilmi?
Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən yaxşı adamıyam mən!

# 2268 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellektlə  yazılan romanlara ayrıca mükafat  təsis edildi

Süni intellektlə yazılan romanlara ayrıca mükafat təsis edildi

10:20 22 oktyabr 2026
"Bəşəriyyətin faciəsi cahillərin bilməməsində deyil, savadlıların vicdansızlığındadır... " - Oxumaq nəyə yarayır?

"Bəşəriyyətin faciəsi cahillərin bilməməsində deyil, savadlıların vicdansızlığındadır... " - Oxumaq nəyə yarayır?

10:00 22 oktyabr 2026
Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər