Abdulla Şaiq qardaşını niyə hamıdan gizləyirdi?

Abdulla Şaiq qardaşını niyə hamıdan gizləyirdi?
24 fevral 2024
# 13:00

Bu gün görkəmli şair Abdulla Şaiqin doğum günüdür.

O, memuarında öz qardaşı haqqında çox az məlumat verib. Bəs onun özündən 4 yaş böyük olan qardaşı Yusif Ziya kim idi? Abdulla Şaiq qardaşının bir roman qədər maraqlı və təlatümlü olan taleyi haqda niyə xəsisliklə söz açmışdı? Bu müəmmanın cavabı da Yusif Ziyanın bioqrafiyasında idi. Osmanlı ordusunun generalı olan qardaşı Ənvər Paşanın müavini idi və Qızıl Orduya qarşı aparılan döyüşlərdə həlak olmuşdu.

Yusif Ziya Talıbzadə (Yusif Ziya) 1877-ci ildə Tiflisdə anadan olub. Təhsilini Zaqafqaziya ruhani idarəsinin nəzdindəki "Əli təlimi" üzrə şiə məktəbində (Rüşdiyyə məktəbində) alaraq, türk, ərəb, fars, rus dillərinə yiyələnib. 1894-cü ildə ailəsi ilə birlikdə Xorasana (Məşhədə) köçərək, orada ali dini təhsil alaraq, məşhur Mirzə Cəfər mədrəsəsini bitirib. Dini təhsilini Bağdadda tamamladıqdan sonra 1899-cu ildə Bakıya gələrək, Nəriman Nərimanovla, Hacı Zeynalabdin Tağıyevlə yaxınlaşıb və fəaliyyətə başlayıb.

Axund Yusif Talıbzadə

1900-cü ildə Bakıda, "rus-tatar" məktəbinə şəriət müəllimi təyin olunduqdan sonra Azərbaycan dilinin qrammatikasına aid "Təhsili-qəvaid" (1901) adlı o zaman üçün qiymətli bir kitab çap etdirir, həmin dövrdə N.Nərimanovun "Nadir şah"ını fars dilinə çevirir. Əsrin əvvəllərində milli mətbuatın "Həyat", "İrşad", "Füyuzat", "Tərəqqi", "Yeni Füyuzat", "Şəlalə" kimi orqanlarında "Axund Yusif Talıbzadə" imzası ilə məqalələri çap olunur. İslam dini məsələlərinə dair 10-dan artıq kitabçası da bu dövrdə çapdan çıxıb. Yusif Ziya bədii ədəbiyyatla da maraqlanmışdır, milli ruhda şeirlər yazmış, "Ərmənusə" və "Əmir Xalid" faciələri 10-cu illərdə səhnəyə qoyulub. 1907-ci ildə Quranın Azərbaycan türkcəsində nəşr edilmiş üç cildlik nüsxəsini (təfsirlə birlikdə) Türkiyə soltanı II Əbdülhəmidə hədiyyə aparmağı Hacı Zeynalabdin Tağıyev Yusif Ziyaya etibar etmişdir. 1910-cu ildə o, Türkiyəyə gedib və bu münasibətlə "Türkiyə məktubları"nı çap etdirib.

Ənvər paşanın müavini


1911-ci ildə Müsavat partiyasının yaranmasında fəal iştirak edən ilk üzvlərdən olub Yusif Ziya. 1912-ci ildə Türkiyəyə köçərək hərbi təhsil almış, Balkan müharibəsində, Birinci Dünya müharibəsində, Kars-Ərdəhan cəbhəsində türk ordusu sıralarında ruslara, ermənilərə qarşı qəhrəmanlıqla vuruşmuş, 1918-ci ildə türk ordusunun tərkibində yenidən Bakıya qayıtmışdır.

Demokratik Azərbaycan Cümhuriyyətinin siyasi həyatında qızğın fəaliyyət göstərmişdir. 1919-cu ildə Osmanlı dövləti nümayəndə heyətinin başçısı kimi Təbrizə getmiş, orada həmkarları ilə Cənubi azərbaycanlıların azadlıq mübarizəsini dəstəkləyən "İttihadi-islam" cəmiyyətini yaratmışdır.


Qızıl Ordunun Azərbaycanı istilasından sonra Azərbaycan-İran sərhədində tutulsa da, Moskvanın razılığı, N.Nərimanovun zəmanəti ilə azad olunaraq Naxçıvana hərbi komissar təyin edilmişdir. Lakin erməni daşnaklarının Naxçıvan torpaqlarına qarşı iddialarına tərəfdar münasibət bəsləyən Sovet hökumətinin siyasətinə etiraz əlaməti olaraq ailəsi ilə bərabər Bakıya qayıtmış, N.Nərimanovun köməkliyi ilə buraxılış vəsiqəsi alaraq Türküstana yola düşmüşdür. Türküstanda basmaçılar hərəkatına qoşularaq qırmızı rus ordusuna qarşı vuruşmalarda iştirak etmiş, basmaçılar hərəkatının başcısı Ənvər paşanın müavini olmuşdur.

Qəhrəman Yusif Ziya

Yusif Ziya erməni millətçiləri və daşnaklarla qızğın mübarizə içində olub. Bu mübarizə 1906-cı ildən başlanır ("Əmirxanyansa cavab" və s).

1910-cu illərin əvvəllərində Yusif Ziya siyasi fəaliyyətə başlayır, tez-tez Türkiyəyə gedir, "Türkiyə məktubları"nı çap etdirir, müxtəlif ictimai-mədəni və xeyriyyə cəmiyyətlərinin üzvlüyünə və rəhbərliyinə seçilir. Məmmədəli Rəsulzadənin (Məmmədəmin Rəsulzadənin qardaşı) məlumatına görə, 1911-ci ildə Müsavat partiyasının üzvlüyünə yazılan ilk beş nəfərdən biri Yusif Ziya olub.

1910-cu illərdən sonra Axund Yusifin həyatının Türkiyə dövrü başlayır. 1912-ci ildə o, arvadı Cənnət xanım və oğlu Tələt ilə Türkiyəyə köçür, orada hərbi təhsil alır, birinci dünya hərbində Qars-Ərdəhan türk ordusu sıralarında ruslara, ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərir. 1918-ci ildə türk ordusu ilə bərabər Bakıya qayıdır. Demokratik Cümhuriyyət dövründə "Müsavat" partiyasının orqanı "Azərbaycan"da, dövrün başqa mətbu orqanlarında fəal iştirak edir, siyasətə, maarif və mədəniyyət mövzularına dair məqalələr nəşr etdirir.

1918-ci ildə Nuru Paşanın başçılıq etdiyi Türkiyə Ordusu sıralarında Bakıya qayıtmış, Əhməd bəy Ağaoğlunun hərbi müşavir olduğu bir ordunun könüllülərdən ibarət olan Yardım alayının rəisi olmuş, “Müsavat” partiyasının üzvü kimi Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq işlərində fəal iştirak etmiş, Maarif Nazirliyinin nəzdində əlifba islahatı komissiyasının üzvü seçilmişdir. Bir sıra məsələlərdə Cümhuriyyət rəhbərləri ilə razılaşmayan Talıbzadə yenidən Türkiyəyə qayıtmışdır. Y.Z.Talıbzadə Türkiyədə olduğu illərdə ictimai-siyasi və hərbi fəaliyyəti ilə yanaşı, publisistika ilə də məşğul olmuş, bir sıra yazılar qələmə almışdır.

Həbsdən sonra general rütbəsi


Qızıl Ordu Azərbaycanı istila etdikdən sonra Yusif Ziya İran sərhədindən Azərbaycana keçərkən həbs olunur. Onu öz xahişi və təkidi ilə o zaman Azərbaycan Nazirlər Şurasının sədri vəzifəsini icra edən Nəriman Nərimanovun yanına gətirirlər. Qısa söhbətdən sonra və Moskva ilə razılaşdırıldıqdan sonra Yusif Ziya azad edilir. Çox çəkmir ki, Nəriman Nərimanovun vasitəçiliyi ilə Naxçıvana hərbi komissar təyin edilir. 1921-ci ilin əvvəllərində - fevral-mart aylarında ailəsi ilə birlikdə Naxçıvana köçən Yusif Ziya Naxçıvan İnqilab Komitəsinin üzvü olur, 1922-ci ilin axırlarına qədər general rütbəsində hərbi komissar vəzifəsində çalışır.

SSRİ-yə qulluq etmək istəməyən general

Vəfat etmiş Sokolovskini əvəz edən yeni hərbi komissar Naxçıvan torpağına göz dikən daşnak silahlı dəstələrinə qarşı mübarizə aparır.

Naxçıvan torpağına iddia ilə yanaşan, tez-tez sərhədləri pozan erməni millətçilərinə, daşnak hərbi hissələrinə sovet rəhbərliyinin liberal siyasəti ilə razılaşmayan Yusif Ziya 1922-ci ilin axırlarında Bakıya qayıdır, Nəriman Nərimanovla görüşür. Sovet İttifaqına qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini söyləyir. N.Nərimanov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi sənəd verir.

Elə bu vaxtlarda Yusif Ziya Türkmənistanda, Orta Asiyada və s. yerlərdə basmaçılara qoşularaq qırmızı rus ordusu ilə vuruşlarda iştirak edir.

Bir müddət Türkiyədə yaşayan Yusif bəy siyasi fəaliyyətini Güney Azərbaycanda davam etdirir. Zəki Vəlidi Toğan öz xatirələrində qeyd edir ki, 1918-ci ildə Azərbaycanın birliyi uğrunda “Əncümən mərkəzi” adlı bir siyasi təşkilat yaranır. Həmin siyasi təşkilatda Azərbaycan nümayəndə heyətinin sədri tanınmış ədəbiyyatşünas-alim Cavad Heyətin atası Mirzə Əli Heyət olmuşdu. Osmanlı nümayəndəliyinə isə Axund Yusif Talıbzadə başçılıq etmişdi. Axund Yusif Azərbaycanın hər iki tərəfindən siyasətçi kimi tanınsa da, Türkiyədə, eləcə də Türküstanda cəsur döyüşçü kimi ad çıxarıb məşhurlaşmışdı. Hələ 1910-cu ildə Türkiyəyə səfər edən Yusif bəy orada hərbi təhsilə yiyələnib paşalıq rütbəsi alır. Birinci dünya müharibəsində türk ordusu sıralarında Balkanlarda döyüşür. Ruslar tərəfində vuruşan erməni alayları ilə döyüşdə şücaət göstərib bir sıra ordenlərlə təltif olunur. Düz 8 il türk ordusuna xidmət eləyir.

Son

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daxili Qoşunların yaranma tarixi də Yusif Ziya Talıbzadənin adı ilə bağlıdır. Cümhuriyyət dövründə ordunun yüksək peşəkarlığına diqqət göstərən Yusif Ziya Azərbaycanla bu və ya digər şəkildə bağlantısı olan beynəlxalq hadisələrə də biganə qalmamış, milli hökumətin yanlış, qüsurlu tədbir və icraatını tənqid etməkdən çəkinməmişdir.

Y.Z.Talıbzadənin Azərbaycanı tərk etmə səbəbləri içərisində ən mühümü, heç şübhəsiz, mövcud siyasi quruluşla, bolşeviklərin ideoloji təbliğatı arxasında gizlənmiş bəd niyyətləri, xalqımıza qarşı qərəzli münasibətləri ilə barışmazlıq idi. Onun məhz Türküstana, basmaçılar hərəkatına doğru üz tutmasının mahiyyətində isə, Balkan müharibəsində, I Cahan hərbində, Osmanlı Ordusunun Azərbaycan yürüşündə daima yan-yana olduğu ittihadçı arkadaşları və onların öndəri Ənvər Paşa ilə isti münasibətləri, onlarla əqidə, məfkurə birliyi, işğalçı bolşevik qüvvələrinə qarşı birgə mübarizə istəyi dururdu

Yusif Ziya Talıbzadə 1923-cü il may ayının 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanıb. General Amu-Dərya çayını üzüb keçərkən boğularaq həlak olub.

# 1057 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən məşhur 7 kitab sərgisi - Siyahı

Dünyanın ən məşhur 7 kitab sərgisi - Siyahı

12:00 12 oktyabr 2024
Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

10:26 12 oktyabr 2024
Fədakarlıq həzz almaqdır - Loğman

Fədakarlıq həzz almaqdır - Loğman

10:00 12 oktyabr 2024
Təbrizli şairin Azərbaycanda ilk kitabı çap olundu

Təbrizli şairin Azərbaycanda ilk kitabı çap olundu

17:45 11 oktyabr 2024
Aktyor onu tənqid edən şəxsin mesajlarını paylaşdı

Aktyor onu tənqid edən şəxsin mesajlarını paylaşdı

17:11 11 oktyabr 2024
Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

14:46 11 oktyabr 2024
#
#
# # #