Abdal-Gülablının dağıdılmış qəbiristanlığı: 9 yaşlı qızcığazın güllələnmiş başdaşı - Reportaj

Abdal-Gülablının dağıdılmış qəbiristanlığı: 9 yaşlı qızcığazın güllələnmiş başdaşı - Reportaj
25 dekabr 2020
# 14:40

Abdal-Gülablının dağıdılmış qəbiristanlığı: 9 yaşlı qızcığazın güllələnmiş başdaşı - REPORTAJ - FOTOLAR
APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Qızıl Kəngərlidən qayıdanda yolumuz yenə Ağdam şəhərinin mərkəzindən keçir. Düzünü desəm, səfərimiz məhdud zaman və məkan çərçivəsində olduğu üçün bayaq şəhərə gələndə Ağdam Dövlət Dram Teatrının salamat qalmış (əgər salamat demək mümkünsə) yeganə üçtağlı fasad divarını uzaqdan görsək də, yaxınına gedib görüntüləmək imkanımız olmamışdı. İndisə maşınımız düz teatrın qarşısından keçir, bu dəfə burda dayanmamaq, bir neçə kadrı kameralarımızın yaddaşına köçürməmək yanlış olar. Qoy, mən Ağdam Teatrının tarixindən danışım, operatorumuzla fotoqrafımız da işlərini görsünlər.

Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalılar və görkəmli ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin dəstəyi ilə yaradılıb. İki illik hazırlıqdan sonra 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə. Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə teatr tamaşaçıların üzünə açılıb.

Teatrın binası isə 1955-1956-cı illərdə Şəhər Sovetinin sədri Məşədi Abbasın rəhbərliyi ilə tikilib (Yeri gəlmişkən, Ağdamda əksər binalar Məşədi Abbasın Şəhər Soveti sədri işlədiyi illərdə, onun rəhbərliyi altında ucaldılıb). Həmin illərdə Mədəniyyət Evi kimi fəaliyyət göstərib. 1968-ci ildə Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı yaradıldıqda isə bina bütövlükdə teatrın ixtiyarına verilib. Vaxtilə teatrın gözoxşayan nəhəng binası önündə hovuz, hovuzun ortasında Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından bir kompozisiya - “Fərhad Büsutun dağını çapır” heykəl ucalıb. İşğaldan əvvəl öz tərtibatı ilə şəhərə xüsusi gözəllik verən arxitektura nümunəsindən geriyə yalnız bu üçtağlı fasad divarı qalıb.

Əlbəttə, tezliklə Ağdam şəhərində bütün mədəni müəssisələr, o cümlədən Ağdam Dövlət Teatrının binası da bərpa olunacaq. İnanıram ki, əvvəlkindən də gözəl olacaq. Lakin könül istərdi ki, Ağdamda ermənilərin törətdikləri vəhşiliklərin xatirəsi olaraq bu üçtağlı fasad divarı – təbii ki, heykəltəraşların tərtibatı ilə - olduğu kimi saxlanılsın və Ağdamın 30 illik işğalını andıran monumental abidəyə çevrilsin. Ümumiyyətlə, işğaldan azad edilən rayonların hər birində dağılmış tikililərdən, ələlxüsus da mədəniyyət abidələrinin qalıqlarından xatirə komplekslərinin yaradılması yaxşı olardı. Elə bax, şəhərin mərkəzində. Bundan sonra bizə görk olmalıdır, ermənilərin yüz illər boyu bizə etdiklərini hər zaman mərkəzdə - diqqətdə saxlamaq gərək, həm şəhərlərimizin, həm də beyinlərimizin mərkəzində. Qoy, ermənilər bilsinlər: Bu şəhərlər yenidən bərpa edilib əvvəlkindən də gözəl olacaq, lakin heç vaxt onların törətdiyi vəhşilikləri unutmayacağıq!

Çəkiliş qrupumuz da Ağdam Teatrının qarşısında işini bitirdi. Qabaqda bizi bir qədər uzun yol gözləyir. Hava qaralmamış işlərimizi yekunlaşdırıb Ağdamın işğaldan yenicə azad edilmiş ərazilərini tərk etməliyik. Haydı, yolçu yolda gərək...

Ermənilərin Ağdamda saldığı nar bağları

Şəhərdən çıxıb geniş düzənlik boyu uzanan, demək olar tamamilə dağılmış asfaltla gedirik. Solda təzə salınmış nar bağını görürük. Bir az irəlidə isə tütün, ondan sonra qarğıdalı tarlası gəlir. Bələdçimiz deyir ki, qabaqda hələ bundan da böyük nar bağını görəcəyik. Doğurdan da, bir qədər sonra hər tərəfi çəpərlənmiş böyük nar bağı çıxır qabağımıza, ucu-bucağı görünmür. Noyabrın 10-da bağlanan sülh sazişindən sonra Ağdamdan çıxmaları üçün ayın 20-dək vaxt qoyulan ermənilər görünür, məhsulu yığıb qurtarmağa macal tapmayıblar, ona görə də ağacların barı-bəhəri dərilməmiş qalıb. Oxucu məni bu sözümə görümə bağışlayar sanıram, necə deyərlər: ermənilər yeməyib getdilər...

Burada ara-sıra gözümüzə müxtəlif tikililər dəyir. Yanından keçdiyimiz böyük darvazalı həyətin qarşısında traktor dayanıb, içəridə isə müxtəlif kənd təsərrüfatı texnikaları var. Güman ki, təmirxana və ya qaraj olub, görkəmi belə deməyə əsas verir. Sanki illər ötdükcə erməniləri arxayın salıb, onlar da yavaş-yavaş Ağdamın kənarlarında oğrun-oğrun da olsa, məskunlaşmağa, heyvan saxlamağa, əkin əkməyə başlayıblar. Qabağımıza çıxan da onların bu yaşantılarının izləridir.

Həzrəti Əlinin dincəldiyi kənd

Uzaqdan iki dağın arasında bir-birinə sığınmış ağ evlər görünür. “Gülablı kəndidir”, - bələdçimiz deyir, - “yuxarısı da Abdal”.

Bir az da yaxınlaşırıq.

- Evlər salamatdır ki, nə əcəb dağıtmayıblar? – Mən soruşuram.

- İşğaldan sonra Gülablıda ermənilər yaşayırdılar, bələdçimiz təəssüflə deyir. – Əclaflar! - Elə bil dediyi sözün kürəyinə bıçaq saplayır – Bax, o qarşıdakı dağların ətəyindəki erməni kəndləridir. Burdan yaxşı seçilmir. Bax, - əlini bu dəfə başqa istiqamətə uzadır - Geridəki o kəndlərdə də ermənilər yaşayır.

- Denən ermənilərin əhatəsindəyik ki.

- Qardaş, qorxma, - polis dostumuz deyir, - Lap mən olmayım, görmürsənmi əsgərlərimizi?

Gülablı kəndinin dörd mərtəbəli böyük məktəbində indi bizim əsgərlər yerləşiblər. Yolda gələndə də təpələrin üstündə bizim postları görmüşdük. Əsgərlərimiz dayandıqları bu postlarda vətəni göz bəbəyi kimi qoruyurlar.

İndi Gülablı kəndi lap yaxından görünür. Evlərin damı, pəncərələri, bağ-bağatlı həyətlər də öz yerində. Ermənilərin son günlərinə qədər burada yaşadığını sübut edirmişcəsinə daşların dalından iki donuz çıxıb maşınımız tərəfə gəlir.

Abdal-Gülablı kəndlərinin adı həmişə qoşa çəkilib. XIX əsrdə burada iki Abdal kəndi mövcud olduğuna görə bir-birindən fərqləndirmək üçün bu kənd Abdal-Gülablı, yəni, Gülablı yaxınlığında Abdal kəndi adlandırılıb. Qədim adı “Abdal bulağı”dır. Kəndin ərazisində Xanım bulağı, Damcı bulaq, Bəy bulağı və başqa bulaqlar var.

Abdal-Gülablı qədim yaşayış məskənlərindən biri olub. Kəndin yaranması haqqında müxtəlif rəvayətlər dolaşır, əfsanələrdən birində isə Həzrəti Əlinin öz qoşunu ilə burada dincəldiyi deyilir. Kənddə onun adına “Əli bulağı” da var. Əfsanənin tarixlə bağlılığı nə dərəcədir, bu indiki yazının müzakirə mövzusu deyil. Lakin uydurma olsa belə, Abdal-Gülablı camaatı üçün kəndi müqəddəsləşdirən məqamlardan biridir.

Təəssüf ki, kənddə çəkiliş etmək imkanımız yoxdur, hava qaralmamış qəbiristanlığa çatıb mərhum sənətkarımız Səxavət Məmmədovun qəbrini çəkməliyik. Günəş də artıq dağların arxasında gizlənməkdədi.

Səxavət Məmmədovun qəbrinin axtarışında

Maşınımız Gülablının yuxarısındakı bir evin həyətində dayanır. Burada hazırda polis məntəqəmiz yerləşir. Polislərdən biri bizimlə Abdal kəndinə gedib Səxavətin qəbrini tapmaqda kömək edəcək.

Abdal kəndinin yolunun sağı da, solu da sıx böyürtkən, itburnu kolları ilə, ağaclarla örtülüb, illərlə gediş-gəliş olmadığından bəzi yerlərdə yol ilan boğazı kimi daralıb, bir maşın güclə keçir.

Yol kənarında ağ fasadlı, iki günbəzli məscid görürük. Hava qaralmamış Səxavət Məmmədovun qəbrini tapıb ziyarət edək, qayıdan baş mütləq bu məscidi də çəkəcəyik.

Yol yoxuşla qalxır, kənd aşağıda qalır. Vaxtilə Abdal-Gülablıda ölkədə məşhur olan sanatoriya var imiş. Bizi aparan yol sanatoriyanın darvazalarına qədər gedib çıxır. Dağların döşü ilə xırda-xırda kateclər sıralanıbmış. Heç biri gözümüzə dəymir. Niyəsi məlumdur.

Bu da Abdal kəndinin qəbiristanlığı. Qəbirlərdən bəziləri üzərinə baş daşı əvəzinə, yerdən diş kimi çıxan sivri ağ daşlar qoyulub.

- Hardadır qəbir? – bizə təzə qoşulan bələdçidən soruşuram.

Qabağa düşüb qəbirlərin arasında gəzinir.

- Buralarda olmalıdır, keçən dəfə gəlib çəkmişdilər.

- Sən yerini dəqiq bilmirsən? – soruşuram.

- Yox.

- Onda işimiz çətin olacaq. Səxavətin qəbrinin baş daşı yoxdur. O vaxt kənd işğal olundu, baş daşını gətirib qoya bilmədilər, Bakıda qaldı.

- Yenə də bir baxaq.

Bələdçilərimiz qabağa düşüb qəbiristanlığı dolaşır, biz də dallarıyca. Diz boyu qalxıb qəbirləri sanki düşməndən də gizləmiş otların arasında nəsə bir işarə, bənzərlik axtarırıq. Bizdən qabaq bura gələn olubsa, mütləq qəbrə bir nişan qoyub.

Ayaqlarımızı torpağa ehtiyatla basırıq, çalışırıq ki, bir-birimizin ləpirinin üstünə qoyaq addımlarımızı. Bu dəfə iki təhlükə ilə üz-üzəyik - həm mina, həm də köhnə, taxtaları çürümüş qəbirlər. Ayağını səhv yerə qoysan, bir də gördün qəbir çökdü, vaxtsız-vədəsiz kiminsə məzarını boyladın.

Axtarırıq... Hələ ki, heç bir nəticə yoxdur. Bu vaxt qəbirləri çəkən operatorumuz Faiq məni səsləyir. İtburnu kolunun dibinə aşıb qalmış doqquz yaşlı bir qızın qəbir daşını göstərir. Qara mərmərdən şəklində güllə izləri də var: “Aynurə Valeh qızı Kərimova, 1981-1990”. Qəhər boğazımda düyünlənir. Əlbəttə, dünyada doqquz yaşlı qız qəbirləri nə çox. Lakin bu gün, bu vədədə Səxavət Məmmədovun qəbrini axtara-axtara gəlib mələk üzlü bir qızcığazın qəbri ilə qarşılaşmaq adamı on qat, yüz qat ağrıdır. Doxsanıncı ildə vəfat edib. Üstündən 30 il keçib. Yoxluğu Qarabağımızın yoxluğu ilə yaşıddı. Yaşasaydı... İlahi görəsən, Aynurənin atası-anası sağdırmı? Yoxsa, balalarının qəbrinin düşmən girovluğunda qalmasına dözə bilməyiblər? Görəsən, bu yazını oxuyanda, çəkdiyimiz kadrlara baxanda hansı hissləri keçirəcəklər? Qol-qanadları bir daha qırılmayacaq ki? Uşaqlarını ikinci dəfə itirmiş kimi olmayacaqlar ki? Dizlərinə döyüb, bala deyib hönkürməyəcək ki?

“Külək niyə belə, əsirsən, külək?

Niyə ümidimi kəsirsən, külək?”

Nə qədər axtarsaq da, Səxavət Məmmədovun qəbrini tapa bilmirik. Vaxtın darlığından ümidimiz kəsilir.

Səxavətin oxuduğu kimi: elə bil qəbri də quş olub uçub.

Təəssüf.

Doğrusu, qəbiristanlığın dərinliyinə girməyə ehtiyat edirik. Bura gərək sənətkarın dəfnində iştirak etmiş, o vaxt qəbri görmüş adamlarla gələsən, bizim kimi əraziyə nabələdlər burda, özü də bu tələsiklikdə qəbir tapa bilməz. Özümə təsəlli verirəm: Heç nə olmaz. Əsas odur, bura kimi gəlmişik, onsuz 30 ildir ziyarət edə bilmədiyimiz, qəbrinin üstünə gül qoyub, “Fatihə” verə bilmədiyimiz sənətkarın xatirəsi hər zaman qəlbimizdə diri olub. Və özümə söz verirəm. Qoy hər şey qaydasına düşsün, bir dəfə rahat vaxtda mütləq Abdala gəlib sənətkara minnət borcumu ödəyəcəyəm.

İndisə getmək vaxtıdır, qaş qaralır. Bəs bələdçilərimiz hanı? Qəbri axtara-axtara bizdən xeyli aralanıblar. Səsləyirik. Hay verən yoxdur. Araya sükut çökür. Bu dəfə nəsə yad səs qulağımızı dalayır.

- Erməni kəndlərindən gəlir, - səfər yoldaşımız Şamil Paşayev aydınlıq gətirir.

- Belə yaxındadırlar?

- Dağın o üzüdür də, əks-səda verir.

- Sakitlik.

- Səncə erməni diversantları buralara gələrlər?

Şamil bizi qorxutmaqmı istəyir, yoxsa zarafatmı edir, bilmirəm:

- Hər yerdə pusqu qura bilərlər.

Yaxşı ki, xəyali pusqudan bizi bələdçilərimiz xilas edirlər.

“Tapmadıq”, – ikisi də birdən deyir.

“Eybi yox, qalsın gələn dəfəyə, gedək”, - mənəm.

Ot basmış Abdal Məscidi

Abdal məscidi kəndin yuxarısındakı təpədə, qəbiristanlığa gedən yolun üstündə tikilib. Buradan kənd də yaxşı görünür. Ermənilər Gülablıdan fərqli olaraq Abdal kəndindəki bütün evləri dağıdıb, tar-mar ediblər. Aşağıda dərə var. Dərədən hansı çay axır, bilmirəm. Dərənin o üzündəki evlər də tamamilə dağıdılıb. Ermənilər bu qədim, füsunkar kəndi vəhşicəsinə siliblər yer üzündən. Başqa yerlərdə olduğu kimi, burada da yarıdağılmış məsciddən anbar, tövlə kimi istifadə ediblər.

AMEA Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev məscidin XVIII əsr Qarabağ memarlıq ənənələri əsasında inşa olunduğunu deyir: “Mərkəzdə iri, yuxarısı üçbucağa bənzər geniş tağın olması eyniliklə Şuşanın Gövhər Ağa Məscidi və Ağdam Şəhər Məscidində da mövcuddur. Bu, eyni memarlıq üslubunun tətbiqi ilə izah oluna bilər. Məscid dəqiq olaraq Qarabağ xanlığı zamanında inşa olunub. Hansı Qarabağ xanının zamanında inşa olunduğunu isə söyləmək çətindir. Lakin tarixi qaynaqlar ən çox qalalar və məscidlərin məhz Pənahəli xanın zamanında inşa olunduğunu göstərir. Ehtimal ki, bu məscidin də XVIII əsr Qarabağ memarlığına mənsub olan iki minarəsi varmış”.

Məscidin qapısı üzərində latın qrafikası ilə “Allah” yazılıb. Çox güman ki, buradan keçib gedən hərbi birləşmələrimizin “möhür”üdür. Günbəzin ətrafını ot basıb. Açığı, məscidin içinə girib yaxşıca araşdırmağa çəkinirik, elə qapıdanca boylanırıq. Yenə lənətə gəlmiş “təhlükə”.

Məscid mənə Ağdam Cümə məscidini xatırladır, hündür, daş sütunlar, sütunların üstündən isə kərpiclə hörülmüş tağ və günbəzlər. Məscidin qabağında bir vaxtlar kəndin dindarlarının dəstəmaz aldığı suyu qurumuş bulaq var.

Hava qaralıb. Mülki əhaliyə buralarda qalmaq təhlükəlidir. Vaxt itirmədən yola düşməliyik. Abdalda bizi müşayiət edən bələdçimizi Allaha əmanət edib geri qayıdırıq.

Sabah bizi Füzulidə daha macəralı gün gözləyir.

(ardı var)

Foto - İlkin Nəbiyev

# 6096 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
# # #