Səhv düşəndə yerimiz - Günün şeiri

Səhv düşəndə yerimiz - Günün şeiri
12 avqust 2024
# 18:03

Bu gün Xalq şairi Qabilin doğum günüdür. Kulis.az "Günün şeiri" layihəsindən onun “Səhv düşəndə yerimiz” şeirini təqdim edir.

Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür talışa
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.

1969

# 983 dəfə oxunub

Müəllifin son yazıları

# # #