Ayrıldıq qəribə hədiyyələrlə - Nəbi Xəzrinin şeirləri

Ayrıldıq qəribə hədiyyələrlə - Nəbi Xəzrinin şeirləri
10 dekabr 2023
# 10:00

Bu gün Xalq şairi Nəbi Xəzrinin doğum günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

"Sənin üçün"

Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.

Çəmən olsan əgər sən,
Sərin yağış çılərəm.
Əgər dənizə dönsən
Sahilə çevrilərəm.

Qovmuşam dərdi, qəmi,
Xoşbəxtin ilki mənəm.
Səslənsən nəğmə kimi,
Sözlərin, bil ki, mənəm!

Məni susdursa zaman,
Səni özüm sanaram.
Səhər kimi oyansan,
Günəş kimi yanaram.

***

"Dəniz, göy, məhəbbət"

- Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

II

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.

III

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
"Sevirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

IV

Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.
Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.

***

"Söylə, bəs hardaydın?"

Sən gəldin,
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?

Keçib göy dərəni,
yaşıl çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!

Elə bil üzləşdim
ilahi sirlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrlə,
Məhəbbət ölçüsü əbədiyyətdir.

Zöhrə ulduzu tək
yanıb obaşdan,
Üfüqlər aşırdın xəyallarımda.
Sən hələ dünyaya göz açmamışdan,
Küsüb-barışırdın xəyallarımda.

Sən gəldin ömrümün
qarlı qışında,
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.

O nəydi?
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydın sən bu vaxtacan?

***

İkilikdə

Gəl bölək dünyanı ikilikdə biz
Dərə mənə düşsün
Dağı sən götür.
Qalsın yer üzündə qoşa izimiz
Qara mənə düşsün
Ağı sən götür.

İlin evladıyıq yayla qış kimi
Fəsillər yaşasın yanaşı məndə
Birgə bir yerdəyik gözlə qaş kimi
Gözlər səndə qalsın
Göz yaşı məndə.

Gündüzü, gecəni əziz saxlayaq
Günəş sənə düşsün
Ay mənə qalsın
Coşğun sellər kimi birgə şağlayaq
Dəniz sənin olsun çay mənə qalsın.

Bizik bu dünyadan sənilə şərik
Bizsiz nə qış gülər, nədəki bahar
Həyatda hər şeyi bölə bilərik
Amma bölünməyən:
Bir sevgimiz var...

***

Ay ürək

Yaralar qövr edir təzədən ürək,
Niyə könül verdin ona sən ürək,

O səni sevmədi, sən niyə sevdin!
Səni sevməyəni sən niyə sevdin!

Eşqinə mən qurban gedim ay ürək,
Dedim, neçə dəfə dedim ay ürək,

Sevməyir o səni, niyə sevirsən,
Səni sevməyəni niyə sevirsən,

Sözümə baxmadın, indi yan ürək,
Yan ey mənim tək peşman ürək,

Sevmirdi o səni, niyə sevirdin!
Səni sevməyəni niyə sevirdin!..

***

İstə

Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Bir ümman istə.

Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm,
Gülüstan istə.

Mənə ulduz boyda ulduz işıq ver desəm,
Sən məndən
Günəşli asiman istə.

Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü,
Ərmağan istə.

# 2174 dəfə oxunub

Müəllifin son yazıları

# # #