Axır səni düzdə qoydu bu düzlük...- Günün şeiri

Axır səni düzdə qoydu bu düzlük...- Günün şeiri
1 dekabr 2023
# 15:25

Kulis.az "Günün şeiri" layihəsindən Məmməd Arazın "Unut məni" şeirini təqdim edir.

Dilim dinməz, kirpiklərim səs elər,
Necə xoşdu - ürəyimi kəs elə...
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.

Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olu...
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.

Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.

Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.

Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük...
Unut məni, aldat məni, at məni.

# 1780 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #