Sabir Rüstəmxanlı: "Qadınlar fiquraları pozulmasın deyə doğmurlar"

Sabir Rüstəmxanlı:  "Qadınlar fiquraları pozulmasın deyə doğmurlar"
15 iyun 2023
# 11:33

"Cəmiyyətdə çoxuşaqlı ailələrə ziddiyətli münasibətlər var. Mən çoxuşaqlı ailədə doğulmuşam. Həm də çox ağır illərdə, ucqar, kiçik, kasıb bir kənddə valideynlərimiz bizi çox böyük əziyyətlə böyüdüb. Sonra onların xoş günlərini gördülər. Əziyyətin cavabını tale onlara qaytardı. Bu, şəxsi yanaşmadır. Burada psixoloji bir məqam var. Qardaş qardaşı, bacı bacını istəyir".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq şairi Sabir Rüstəmxanlı faktmedia.az saytına açıqlamasında deyib.

Deputatın sözlərinə görə, hər bir ailədə 4 uşağın olması normal haldır:

"Mənim iki uşağım var idi, hamı mənə deyirdi ki, anan ölsün, sən də sonsuz qaldın. Deyirdilər ki, iki uşağı olmaq elə sonsuz olmaq kimi bir şeydir. Bəzi ailələrdə bir uşaq olur. Allah uzaq etsin, bəzən faciələr baş verir, həmin uşaq da əldən çıxır. Uzun illərdir görmüşük ki, Azərbaycan ailələri həmişə çoxuşaqlı olub. Biz bu ənənəni davam etdirməliyik. Lakin buna təsir edən qüvvələr var. Ailə nizamlanma proqramları, Qərbin təsiri və s. Bunlar hamısı normal ailələri dağıtmaq üçün quraşdırılmış şeylərdir. Ailə dövlətin və cəmiyyətin təməlidir. Hər bir ailə 4 uşağı saxlaya bilər. İndiki gəlinlər gözəlliklərini qorumaq üçün uşaq doğmaqdan qaçırlar. Bəziləri qorxudan qarınlarını yardırırlar, belə hallar yolverilməzdir. Analar uşağa ana südü vermirlər, bir müddət sonra da döş xərçəngi olurlar. Hesab edirəm ki, sağlam şəkildə böyütmək şərtilə, Azərbaycan ailələrində 4 uşaq olmalıdır".

# 1187 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #