Rəşid Behbudov onu işdən çıxardı, qardaşından gizlin müğənni oldu – Kimin ölümü məşhur müğənnini sənətdən uzaqlaşdırdı?

Rəşid Behbudov onu işdən çıxardı, qardaşından gizlin müğənni oldu – Kimin ölümü məşhur müğənnini sənətdən uzaqlaşdırdı?
18 noyabr 2022
# 12:00

Kulis.az müğənni, Əməkdar artist Səbinə İlyasova haqqında on maraqlı faktı təqdim edir.

İlyasova Səbinə Babaverdi qızı 1959-cu il 12 oktyabrda Siyəzən şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin "Muğam" sinifinə daxil olur. Muğam dərslərini əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevdən alır.

***

Atası və qardaşı onun sənətə gəlməsinə qəti etiraz edir. Ancaq anası bu barədə qızını dəstəkləyir. Həmin ərəfədə müğənninin qardaşı xarici ölkəyə oxumağa gedir. Səbinə xanımın anası həyat yoldaşını razı salır. Və beləliklə o, müğənni kimi fəaliyyətə başlayır.

***

1982–1989-cu ilə qədər dünya şöhrətli müğənni, görkəmli sənətkar Rəşid Behbudovun dəvəti ilə Azərbaycan Dövlət mahnı teatrında çalışmağa başlayır.

Burada o, gələcək həyat yoldaşı Oqtay bəylə tanış olub ailə qurur. Bu evlilikdən onların bir oğlu dünyaya gəlir. Səbinə xanım müsahibələrinin birində keçmişi belə xatırlayır:

Biz sevərək ailə qurmuşuq da. Həyat yoldaşım Dövlət Mahnı Teatrının musiqi rəhbəri idi. Rafiq Babayev teatrdan gedəndən sonra Rəşid Behbudov musiqi rəhbəri axtarırdı. Uzun axtarışlardan sonra konservatoriyanın professoru Rauf Atakişiyev Rəşid müəllimə öz tələbəsini Oqtay İsmayılovu məsləhət gördü. Biz tanış deyildik, orada tanış olduq və o məni görən kimi vuruldu, evlilik təklif elədi. Bütün teatr bizim toyumuzda oldu, amma Rəşid müəllim iştirak etmədi. Rəşid müəllim mənim ailə qurmağıma razı deyildi. Hətta ailə qurandan sonra məni işdən çıxartdı, daha doğrusu bir neçə xarici səfərə aparılmadım, cəzalandırıldım. Çünki onun mənim üzərimdə böyük zəhməti olmuşdu və istəmirdi ki, illərlə çəkdiyi əziyyət hədər getsin. Bütün repertuarı bilirdim. Ailə qurdunsa hamilə olacaqsan, dünyaya uşaq gətirəcəksən. Amma bir neçə il dünyaya uşaq gətirmədim ki, qastrollara gedib-gələ bilim. O gördü ki, mən əvvəlki Səbinəyəm, yenə də işləyirəm, çalışıram. Ona görə yenidən səfərlərə getməyə başladım”.

***

Müğənni 1980-ci ildən 1991-ci ilə qədər mərhum sənətkar Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında fəaliyyət göstərir.

"Dan ulduzu" ansamblına keçəndən sonra müğənni stilini dəyişir. Sonra toylara dəvət almağa başlayır və muğamdan uzaq düşür.

2 oktava yarım səsi olan müğənni 1983-cü ildə Xankəndidə muğam üzrə festivalda qalib elan edilir. O, birinci turda "Mirzə Hüseyn" segahını, ikinci turda "Rast" muğamını, üçüncü turda isə ritmik muğamlar ifa edir.

***

1989–2006-cı illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti olaraq Azərbaycanın milli musiqisini dünyanın müxtəlif ölkələrində – Almaniya, Türkiyə, Rumıniya, Belçika, Hollandiya, Rusiya, İsveç və s. uğurla təmsil edir.

2005-ci ilə qədər mütəmadi efirlərdə olan müğənni 2006-cı ildə ata, anasını və qardaşını itirir. Onların ölümündən sonra o tamamilə həvəsdən düşür. O, özü bu haqda belə deyir:

“Atam xərçəng xəstəsi idi, altı ay ona qulluq etdim, amma əziyyətlərim bəhrəsini vermədi, o, vəfat etdi. Həmin dövrdə mən çox pis günlər yaşadım, sənətdən uzaqlaşdım. Atamın arzusu ilə onu Beşbarmaq dağının ətəyində dəfn etmişik. Mən oraya tez-tez gedirəm. İnanın ki, atamın qəbrini ziyarətə getmək üçün özümə maşın almışam. Sonra isə anam və qardaşım dünyalarını dəyişdilər. Həmin dövrdə çox pis günlər yaşadım. Tamamilə həvəsdən düşdüm. Çünki yaxınları itirmək asan şey deyil”.

Hazırda xarici ölkədə yaşayan müğənni 2012-ci Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının "Əməkdar artisti" fəxri adına layiq görülüb.

# 22150 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #