"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr
1 mart 2026
# 12:00

Kulis.az Aygün Əzizin tərcüməsində Somerset Moemin “Yazıçının qeyd dəftəri” kitabından seçmə hissələri təqdim edir.

Ağrı incidir və ağrının insanı nəcibləşdirməsi fikri cəfəngiyyatdır. İztirabı tərifləyən Nitsşe məşhur təmsildəki quyruğunu itirmiş tülkü kimidir. Ağrının xarakteri möhkəmləndirməsi ilə bağlı irəli sürdüyü fikir əzabkeşin qisas arzusunda olduğunu ortaya çıxardır. Güc deyə qəbul etdiyi şey isə sadəcə olaraq başqalarının da özü kimi əzab çəkdiyini görməkdən aldığı həzdir.

***

Fərdlə cəmiyyət arasındakı münasibət ruletka masası kimidir. Cəmiyyət bankirdir. Fərdlər bəzən udur, bəzən də uduzur. Amma bankir hər zaman udur.

***

İnsanlar gəncliyin və qocalığın müxtəlif kodlara malik olmasını nadir halda dərk edirlər. Qanunlar gənclik coşqunluğunu məhdudlaşdırmağın yollarını axtaran ağırbaşlı adamlar, ya da qocalar tərəfindən yazılır. Lakin gənclərin əylənməyə haqqı var. Qocalar incəsənət və ədəbiyyatdan alına bilən mənəvi həzz barədə boğazları cırılana qədər danışa bilərlər. Amma gənc olanda gedib sonata dinləməkdənsə sevgilinlə vaxt keçirmək daha çox həzz verir.

***

Əxlaq norması zəif xarakterli insanlar üçündür. Güclülər öz əxlaq normalarını yaradırlar.

***

Həyatın sonu. Bu, günün sonunda kitab oxumaq kimi bir şeydir. Oxumağa davam edirsən, işığın öləzidiyini görmürsən və bir anlıq fasilə edəndə qəflətən görürsən ki, hava tamam qaralıbmış. Artıq tamamilə qaranlıqdır. Əyilib əlindəki kitaba baxırsan, onu daha görmürsən, səhifə isə heç bir məna kəsb etmir...

***

Ginekologiya üzrə tanıdığım bir professor vardı və o öz mühazirələrini həmişə bu sözlərlə başlayırdı: "Cənablar, qadın gündə bir dəfə sidiyə gedən, həftədə bir dəfə defekasiya edən, ayda bir dəfə aybaşı olan, ildə bir dəfə doğan və hər fürsətdə cinsi əlaqəyə girən heyvandır."

Məncə bu, qadınları təsvir etmək üçün ən uyğun cümlədir.

***
Tanrıya inam sağlam düşüncə, məntiq, dəlil-sübut məsələsi deyil, hiss məsələsidir. Tanrının varlığını sübut etmək onu inkar etmək qədər qeyri-mümkün bir işdir. Mən özüm Tanrıya inanmıram. Belə bir şeyə ehtiyac duymuram. Ölümdən sonrakı həyat söhbətinə də inanmıram. Gələcəkdə cəzalandırılma məsələsini biabırçı, mükafatlandırılmanı isə şişirdilmiş söhbət hesab edirəm. Əminəm ki, öləndə ümumiyyətlə, mövcudiyyət bitir. Gəldiyim yerə də qayıdacam. Hərçənd gələcəkdə bəlkə nə vaxtsa Tanrıya inana bilərəm. Amma bu, yenə də indiki düşüncəmdən fərqli olmayacaq. Yəni ona inansam da, bu inanc qəti şəkildə məntiq və ya müşahidədən doğan bir təcrübə yox, sadəcə hisslərə söykənən bir şey olacaq.

Əgər Tanrının varlığını qəbul edirsənsə, onda öldükdən sonra yenidən dirilə biləcəyinə inanmaqda niyə tərəddüd edəsən. Və əgər fövqəltəbii qüvvəyə inanırsansa, onda niyə burada məhdudiyyətlər olsun? Katolikliyin möcüzələri Əhdi-Cədidinki qədər təsdiqini tapmışdır.

Bir dinin doğru olduğunu sübut etmək ücün gətirilən dəlillər başqa bir dinin də həqiqiliyini sübut etmək üçün gətirilən dəlillərlə çox oxşardır. Mənə maraqlıdır ki, Mərakeşdə anadan olsaydı Məhəmməd ümməti, Seylonda doğulsaydı buddist olacağını düşünmək xristianı narahat etmir. Və belə olan halda xristianlıq da ona başqa dinlər qədər yalan və cəfəng görünəcəkdi.

***

Kasıb olanda “qarımış qız” deyirlər. Amma varlı olanda onu “müəyyən yaşa çatmış subay qadın” adlandırırlar.

***

Haqqında danışdığım qadın subaydır. Mənə dedi ki, onun fikrincə, əgər bütün ömrün boyu bir ərlə qalacaqsansa, bu evlilik uğursuz olmağa məhkumdur.

***

Kişilərin ideal qadın obrazı hələ də sehrli nağıllardakı kimi yeddi döşək üstündə yatsa belə ən alt qatda olan quru noxudu hiss edə bilən şahzadədir. Kişi həmişə həyəcan hissi keçirməyən qadından qorxur.

***

İnsanlar hisslərinin üsyan etdiyi məsələlərdə təkid etməklə öz həyatlarını məhv edirlər.

***

Qəribədir ki, əksər hallarda fərdin vicdanı cəmiyyətin qaydalarına uyğun şəkildə mühakimə edir.

***

Azadlıq hüququ: dövlətin öz xeyri üçün istifadə etməsi istisna olmaqla belə bir hüquq yoxdur.

***

Kainatın və bəşəriyyətin sonu bəlli deyil. Hər şey nisbidir. Heç nə dəqiq deyil. Əxlaq qüdrətli olan dövlətə bağlı bir şeydir. Güc kimdədirsə, o da haqlıdır.

***

Hisslərini ifadə etməyin heç cür mümkün olmaması, bunları bir sirr kimi saxlamağa məcbur qalmaq hədsiz ağırdır...

***

Payızın da öz gülləri var. Amma onlar az sevilir, az vəsf olunur...

***

Tanrıya olan sevgisi naminə insanlar necə iyrənc və qəddar işlər edə bilirlər...

***

Uzaqdan ildırımın iniltisi, dalınca da düşən yağış damcılarının səsi gəlirdi. Elə bil Tanrının göz yaşları idi, axırdı...

***

Yağışa hamilə buludlar vadi üzərində sallanıb qalmışdı. Onların su ilə dolu olduğunu və hələ də ağrı çəkərək dayandığını görmək çox narahat hiss yaradırdı...

***

Arabir başqalarına yalan danışmaq lazım gəlir. Amma özünə yalan danışmaq mənfur hərəkətdir.

***

Bəziləri yolu tiryəkdə, bəziləri Tanrıya sığınmaqda, bəziləri viskidə, bəziləri də sevgidə görür. Hamısı eyni şeydir və səni heç yerə aparıb çıxartmır...

***

Qız ağılsız idi, kişi də bunu bilirdi... Amma onu çox sevdiyinə görə, buna əhəmiyyət vermirdi.

***

Qüruru sındırılan qadın balaları əlimdən alınmış şirdən daha qorxuncdur.

***

Səhər necə qarşılanacağından bixəbər olan çağırılmamış qonaq kimi qara buludların arasından gizlicə boylanırdı.

***

Lampa ölümün ağuşunda olan adamın son ümidsiz baxışı kimi anidən parlayıb söndü.

***

Uzun və yorğun gecənin ardından dan yeri söküləcəkdi. Amma onun param-parça olmuş ürəyinə aydınlıq gəlməyəcəkdi. Ruhu zülmətdə, həmişəlik olaraq qaranlıqda elə hey sərgərdan gəzəcəkdi...

***

Göydən yerə od ələnirdi. Nəhəng bulud kütlələri qızararaq əriyib gurulutulu yağışa çevirilirdi. Közərti elə möhtəşəm bir görüntü yaratmışdı ki, adamım ağlına nəhəng bir kataklizm içində yeni, qüdrətli bir dünyanın doğacağı gəlirdi. Pasxa buludları bu azman yanğından qopan tüstü dalğalarına bənzəyirdi. Sanki yeni dünyanın titan yaradıcısı bütün saxta tanrıları, ehtişamları, fani təmtəraqları, minlərlə qiymətli metalı, insan övladının saysız-hesabsız əl əməyini qaynar bir qazana atıb yandırırdı. Və müdhiş bir sükut içində bütün canlılar da parçalanaraq məhv olur, yeni, görünməz, cisimsiz mistik maddəyə çevrilirdilər.

***

Cavan yarpaqlar xəfif küləyin təsiri altında yüngülcə, ehtirasla titrəyirdilər.

***

Ruhum tanrıların həzin musiqi çaldığı simli musiqi aləti kimi idi.

***

Ürəyim onun üçün qubar edirdi. Mən daha onu sevməsəm də, təskinlik tapa bilmirdim. Əvvəl keçirdiyim acı əzabın yerini indi ağrılı bir boşluq hissi tutmuşdu. Deyəsən, axı buna dözmək daha da iztirablı idi. Məhəbbət gedə bilər, amma xatirəsi hələ də qalır, xatirələr də gedə bilər, amma qəlb rahatlığı gəlməyə bilər...

***

Hərənin bir qüsuru var. Ya vücudunda, ya da ağlında. Tanıdığı bütün adamlar haqqında düşündü. Dünya sanki böyük bir xəstəxana idi. Burada nə ritm, nə də bir səbəb vardı. Əcaib bədənlər, pozğun beyinlər, canlarında kardiomiopatiya, ya da emfizema kimi mərəzi olanlar, iradə zəifliyi, ya da içli düşkünlüyü kimi mənəvi xəstəliklərə mübtəla olanları gördü. Həmin anda bu adamların hamısına yazığı gəldi. Ölmək üzrə olan Tanrının sözlərini xatırladı: "Bağışla onları, axı onlar nə etdiklərini bilmirlər".

***

Fikirləşəndə ki, insanlar necə səfeh hərəkətlər edir və nə qədər çənə döyürlər, bəlkə də dünya üçün ən yaxşısı elə onların çox çərənləyib, az iş görmələri olardı.

***

Uğur həmişə sənə məziyyət qazandırır. Amma məziyyət nadir hallarda uğur gətirir.

***

Dostla şəkil qalereyasına getməklə, yəqin ki, onu ən ağır sınaqla üz-üzə qoymaq olar. Əksər insanlar sərgiyə gedəndə nəzakət və abırlarını da çətir və əsaları ilə birlikdə qarderoba verirlər. Maskalarını çıxarmış halda içəri girir və xarakterlərini bütün çılpaqlığı ilə nümayiş etdirirlər. Bundan sonra onların necə ehkamçı və özündən müştəbeh, qeyri-ciddi və gülünc, təzad və fikir ayrılıqlarına dözümsüz olduqlarını görəcəksiniz. Elə sizin özünüz haqda da nə düşündüklərini əsla gizlətməzlər ki, bu da işin xoşagəlməz tərəfidir.
Bax məhz belə hallarla üzləşəndə sizin fikirlərinizə dözümlə qulaq asan və sizin də onun kimi haqlı ola biləcəyiniz ehtimalını qəbul edən adam, əlbəttə ki, elə əsl dostdur.

***

Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və bir də heç vaxt etiraz etməmək.

***

Özünü ifadə etmək imkanının olmaması, hisslərini daima gizli saxlamağa məcbur qalmaq dəhşətlidir.

***

Ağla gələ bilən ən cəfəng iddialardan biri odur ki, riyazi formada ifadə oluna bilmədiyi üçün həzzə dəyər verməyə dəyməz.

***

Heç birimiz keçən il olduğumuz kimi deyilik. Elə sevdiklərimiz də o cür deyillər. Amma nə xoş halımıza ki, özümüz dəyişəndə belə həmin o dəyişmiş olanları sevməyə davam edirik. Ən uzunömürlü sevgi nakam qalandır. Həyatın bizimlə etdiyi zarafata bax da…

***

Külək ölmüş məhəbbəti üçün köks ötürən bir qız canıyananlığı ilə şam ağaclarını sığallayırdı...

# 119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər