“Pulitser” mükafatının qalibləri açıqlandı

“Pulitser” mükafatının qalibləri açıqlandı
10 may 2023
# 18:40

Nyu-Yorkda 2023-cü il “Pulitser” mükafatının qaliblərinin adları açıqlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu il mükafat tarixində ilk dəfə olaraq iki kitab “Ən yaxşı bədii roman” elan edilib.

Onlardan birincisi – amerikalı yazıçı və şairə Barbara Kingsolverin “Demon Copperhead” (“Kopperhed şeytanı”) əsəridir. Bu kitab Çarlz Dikkensın "Devid Kopperfild” romanının müasir variantıdır. 1999-cu ildə Kingsolver “Zəhərli ağac İncili” romanına görə artıq “Pulitser” mükafatına namizədlər arasında olub.

Nəşrə görə mükafat alan ikinci kitab – argentinalı müəllif Ernan Diasın “Trust” (“Etimad”) romanıdır. Burada xatirələrini bəyənməyən imkanlı kişidən bəhs edilir. Əsərin qəhrəmanı katibəsinə özünün həyat hekayəsinə əsaslanan kitab yazmağı təklif edir.

2023-cü il “Pulitser” mükafatı həmçinin “İngilis” pyesinə görə Sanaz Tussiyə, “Azadlıq dayağı: federal hakimiyyətə ağ müqavimət haqqında Saqa» tarixi tədqiqata görə Cefferson Kouiyə, “Xüsusi agent: Con Edqar Huver və Amerikan əsrinin yaranması” tərcümeyi-halına görə Beverli Keycə, “Sadiq ol” xatirələrinə görə Xua Şu, “O vaxt müharibə: və seçilmiş şeirlər, 2007–2020” şeirlər toplusuna görə Karl Fillipsə, "Onun adı Corc Floyddur: Bir insanın həyatı və irqi ədalət uğrunda mübarizə" qeyri-bədii, tətbiqi ədəbiyyata görə Robert Semyuelsə və Toluse Olorunippaya, “New York Magazine”də tənqidi xarakterli məqalələrə görə Andrea Lonq Çuya təqdim olunub.

Qeyd edək ki, bu mükafat hər il jurnalistika, ədəbiyyat, dram və musiqi sahəsində müəlliflərə təqdim edilir. Mükafatın ədəbi blokuna gəldikdə, burada nəsr, dram, tarixi araşdırma, qeyri-bədii, tətbiqi ədəbiyyat, poeziya və tərcümeyi-hala görə eyni zamanda bir neçə mükafat verilir.

# 1028 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #