Paltarı ütüsüz gəzən adamlar - Ümüd Abbas Nihaninin şeirləri

Paltarı ütüsüz gəzən adamlar - Ümüd Abbas Nihaninin şeirləri
1 avqust 2023
# 17:00

Bu gün gənc rejissor, şair Ümüd Abbas Nihaninin doğum günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

İşıq

Mən indi anladım hər bir adamın,
Ən az özü boyda ağrısı varmış.
Gecə işıq gələn pəncərələrin,
Hərəsi bir dərdi pıçıldıyırmış.

Bir işıq boğulur göz yaşlarında,
O sönməz, həsrətlə yanırsa hər gün.
Bir işıq yarasın yuyub bağlayır,
Bir işıq darıxır anası üçün.

Bir işıq nə vaxtsa bir günah edib,
Vicdanı sızlayır illər uzunu.
Bir işıq yadından çıxara bilmir,
Uşaqlar evində qalan qızını.

Bir işıq ərinin zərbələrindən,
Qaçmaq istəyir ki yara almasın.
Bir işıq bətnində ölən körpənin,
Qanını yuyur ki görən olmasın.

İşıq var yağışa boylanıb baxır,
İllərin ən uzaq fəsillərindən.
İşıq var gözünün yaşını silir,
Ölən atasının şəkillərindən.

Bir işıq həyatda tək qalıb yanır,
Başqa bir işıqdan təsəlli gəlmir.
Paltarı ütüsüz gəzən adamlar,
Gecələr işığı söndürə bil…

Səndən sonra

Səndən sonra yaşamadım, bilirsən,
Səndən sonra bacarmadım sevməyi.
Səndən sonra dadı qaçdı hər şeyin,
Səndən sonra bəyənmədim heç nəyi.

Ürəyimi əlli yerdən qırmısan,
Sənə qurban olsun təki hər qırıq.
Mən sadəcə səndən sonra anladım,
Anladım ki belə olur ayrılıq.

Baxışını, gülüşünü, qoxunu,
Unutmuram, ay gözümün qarası.
İndi sənə necə deyim nə oldu?
Səndən sonra olmadı ki sonrası.

Unut məni, çəkmə ağrı, çəkmə dərd,
Nə qalıbsa məndən yandır, yox elə.
Səndən sonra bilirsənmi necəyəm?
Səndən əvvəl necəydimsə bax elə.

Heykəltaraş

Sən də sevgi kimi gözəlsən...gözəl,
Elə sevgi kimi qəddarsan həm də.
Yəni bu qədərmi dəyişilmişəm,
Niyə tanımadın məni görəndə?!

Mən ki, hər addımda gördüyün surət,
Qəlbindən səslənən o ülvi səsəm.
Vədə zamanından bir saat əvvəl,
Qaçıb görüşünə gəldiyin kəsəm.

Gərək tanıyaydın, tanıyaydın sən,
Qırış-qırış olmuş üzümdən məni.
Yoluna baxmaqdan yorulub yatan,
Yorğunluq tökülən gözümdən məni.

Saçımın ağlığı, arıqlığım da,
Hansısa qarğışda dilindən çıxıb.
Dünənim Allahın əl işi idi,
Bu günüm də sənin əlindən çıxıb.

Sənə kim demişdi mənim ömrümə
Gəl, sonra ömrümü dağıdıb, çıx get
Allah palçığımı yoğurub, bəlkə,
Sənə verib dedi "nə edirsən et".

Səni qınamıram etdiklərinçün,
Könlün nə istədi onu da etdin.
Dünyada ən dahi heykəltəraşsan,
Çünki sən insandan heykəl düzəltdin.

Bu heykəl varlığım, bu daş varlığım
Çıxıb həsrətinin odundan sənin.
Sən mənim ömrümdən çıxıb getmisən,
Mən "çıxıb getmişəm" yadından sənin.

Taleyin qisası quru təsəlli,
"Heç nə öz əvvəlki dadında qalmaz".
Mənim o günlərim yadından çıxıb,
Gün gələr bu gün də yadında qalmaz.

Dedin unut məni

Dedin "Unut məni". Ağlıma sığmır,
Bu qədər vəfasız olarmı adam?!
Ay qız nə unutmaq? Dəlisən, nəsən?
İndi də qayıtsan bağışlayaram.

Yox ağrıkəsici təsəllin bələ,
Hərdən ürəyini ovudasan sən.
Unutmaq o qədər asan deyil ki,
Kefin istəyəndə unudasan sən.

Dedin "Unut məni", dedin "Sil məni",
Tək "Unut" deməyin qalmaz yadımda.
Ay qurban olduğum, deməklə deyil
Unuda bilsəydim unudardım da.

Elə istəyirəm əvvəlki kimi,
Yolumun üstünə çıxasan yenə.
Əlimdən tutmaqçün bəhanə edib,
Ovcumda falıma baxasan yenə.

Dedin "Unut məni", başa düşürsən?
Mən səni unutsam bəlkə ölərəm.
Bir gün yaddaşımı itirsəm, səni
Sevgilim bilməsəm anam bilərəm.

İstəsən ömründə silinməz ləkə,
İstəsən ən böyük günah bil məni.
Amma qurban olum, başına dönüm,
Demə "Unut məni", demə "Sil məni.

Səni unutmamaqçün

Getməyəsən deyə ,gülüm, nə etdimsə hədər etdim,
Nə etdimsə bacardığım, gücüm çatan qədər etdim,
Qara gözlüm, bilirsənmi sən gedəndən nələr etdim?
Səni unutmamaqçün.

Böyüdülmüş tək şəklini ezizlədim tez-tez sildim,
Baxdım ona, baxdım hər gün, ən dahi bir əsər bildim,
Sən getdiyin yollar ilə gündə yüz yol gedib gəldim,
Səni unutmamaqçün.

Sən! Gözləri gözlərimin yaddaşına hopan qadın,
Sən yadımdan çıxanacan qoy yadımdan çıxsın adım,
Qoxunu da unutmadım, səsini də unutmadım,
Səni unutmamaqçün.

Halalımsan dedim sənə, sənsə mənə oldun haram,
Yaddaşımı itirsəm də zaman-zaman, aram-aram,
Səni mənə unutduran hər bir şeyi unudaram,
Səni unutmamaqçün.

Elə bilmə bu sevgidən mən özümü soyutmuşam,
Gözləyirəm bir gün dönüb deyəsən ki "qayıtmışam"
Hətda səni unutmalı olduğumu unutmuşam,
Səni unutmamaqçün.

# 1676 dəfə oxunub

Müəllifin son yazıları

# # #