Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

Əməkdar rəssam Ələkbər Rzaquliyev

Əməkdar rəssam Ələkbər Rzaquliyev

9 iyun 2026
# 12:00

Kulis.az görkəmli Azərbaycan boyakarı, qrafiki və Əməkdar rəssamı Ələkbər Rzaquliyev haqqında maraqlı faktları təqdim edir.

Azərbaycan təsviri sənətinin görkəmli simalarından biri, qrafika və rəngkarlıq ustası Ələkbər Ələsgər oğlu Rzaquliyev 1903-cü ilin 31 yanvarında Bakı şəhərində dünyaya göz açıb. 1974-cü ildə elə öz doğum günündə vəfat edən, ömrünün tən yarısını sürgünlərdə keçirməyə məhkum edilən bu sənətkarın həyatı sözün əsl mənasında bir roman süjetidir.

Rəssam fəaliyyətinin ilk illərində sovetləşmədən öncəki Azərbaycanın məişətini əks etdirən "Azərbaycanlı qadın"(1926), "Pəhləvanlar"(1926) və "Mollaxana"(1927) kimi bənzərsiz tablolar yaradıb. Çox təəssüf ki, sənətkarın şedevrlərindən sayılan "Mollaxana" və bir neçə digər mühüm əsəri günümüzə qədər gəlib çatmayıb. Xoşbəxtlikdən, "Mollaxana"nın vaxtilə çap olunduğu jurnaldan kəsilmiş bir fraqment rəssamın şəxsi arxivində qorunub saxlanıb.

Çingiz Kərimov sənətçinin ilk illərini belə xatırlayırdı:

"Uşaq yaşlarından şəkil çəkməyi çox sevərdi, bu onun ən sevimli məşğələsi idi. Əlindən daha başqa iş gəlmirdi. Moskvada Ali bədii-texniki emalatxanaları bitirmişdi. Tələbələr arasında çoxlu dostları var idi. Yaxşıları da vardı, pisləri də. Doğma Bakıya qayıdandan sonra özünü bütünlüklə rəssamlığa həsr etdi. Siyasət-filan onu bilmərrə maraqlandırmırdı. Amma deyir sən saydığını say gör fələk nə sayır. Tale ondan necə üz döndərdi, bilmədi. Bir də ayılıb gördü ki, onu birbaşa Uzaq şimala sürgün eləyiblər… Nə az, nə çox iyirmi beş illiyə! Bu nə müsibət idi görəsən?"

***

1928-ci ildə o dövrün dəhşətli repressiya maşını Rzaquliyevdən də yan keçmir. O, pantürkizm ideyalarını təbliğ etməkdə günahlandırılaraq həbs edilir. Zamanın yazılmamış "qayda-qanunu" belə idi ki, Türkiyəyə rəğbət bəsləyənlərin ən yüngül cəzası Sibir sürgünü olurdu. Sənətkar da məhz İbrahim adlı türkçü dostu ilə yaxınlığına görə "xalq düşməni" elan olunaraq uydurma ittihamla altı illiyinə Arxangelskə sürgünə yollanır. İlk sürgündən qayıtdıqdan sonra rəssam Sona xanımla ailə qurur, lakin az sonra xanımı da onun ardınca Arxangelskə getməyə məcbur olur və cütlüyün Ədilə adlı qız övladı doğulur.

Fotoğraf açıklaması yok.

***

Birinci sürgündən canını qurtarıb Bakıya gələn rəssamın küçədə qəfildən bolşevik rəhbərlərindən olan Ruhulla Axundovla rastlaşması onun həyatını yenidən zindana çevirir. Axundov rəssamın belə tez azadlığa çıxmasına qəzəblənərək dərhal onun yenidən sürgün edilməsi üçün əmr verir. Beləliklə, Rzaquliyev ikinci dəfə həbs olunaraq şaxtalı Şimala – Solovkiyə göndərilir.

Rəssam o ağır günləri belə xatırlayır:

"Sürgün zamanı məni bir təsadüf nəticəsində ağ qvardiyaçılarla bir zirzəmiyə salmışdılar. Səhər həbsxana rəisi gəlib siyahını oxudu. Məlum oldu ki, adları çəkilənlər güllələnməlidirlər. Amma mənim adım bu siyahıda yox idi. Həbsxana rəisi üz-gözünü turşudub mənə baxdı və xəbər aldı:

– Sən kimsən? Niyə sən hələ burdasan?

– Mən rəssamam. Siz mənim adımı çəkmədiniz.

Rəis heyrətləndi və məni vurub bərkdən qışqırdı: "Rədd ol burdan!"

Beləcə, mən gəlib düşdüm Solovkiyə. Bu elə bir yer idi ki, burdan o yana yol yox idi. Geriyə qayıtmaq hər adamın hünəri deyildi. Əvvəlcə mən yamana aclıq keçirirdim, amma tezliklə başa düşdüm ki, nəyin bahasına olur-olsun birtəhər sağ qalmalıyam. Meşədən quş yuvaları tapıb yumurtalarla qidalanmalı olurdum. Bütün bunlar bir keşiş mənə tövbə etdiyimi deyənəcən davam etdi. Qısa sorğu-sualdan sonra o, mənə monastrda yaşamağı təklif etdi.

Amma bu, uzun sürmədi…

Tezliklə məni Tayqaya taxta-şalban kəsməyə göndərdilər və mən burada barmağımı əzdim. Tayqada hamı ölümə məhkum idi".

***

İkinci sürgündən sonra doğma Bakısında yaşamaq hüququndan məhrum edilən rəssam ailəsi ilə birlikdə Gəncəyə, oradan isə Şəkiyə sığınır. O, Şəkidəki ipək kombinatı üçün eskizlər çəkməklə və məktəbdə dərs deməklə dolanır.

Rəssamın qızı Ədilə xanım həmin illərdə yaşadıqları haqqında bunları deyir::

"Hökumət onun Bakıda yaşamasını istəmirdi. Biz əvvəlcə Gəncədə, sonra da Şəkidə yaşamalı olduq. Yadımdadı, o vaxtlar Şəkidə ipək kombinatı işləyirdi. Atam onlar üçün eskizlər eləyirdi. Eyni vaxtda məktəbdə də dərs deyirdi. Bir dəfə evdə atam və babamla oturmuşdum. Elə bu vaxt bizə Bəhram adlı yaraşıqlı bir kişi yaxınlaşdı. O, Gəncə teatrında rejissor işləyirdi. Bəhram atama yaxınlaşıb onun ayaqlarına yıxıldı: "O illər üçün, o sözlər üçün məni bağışla!".

Amma atam ona cavab verməyib, üzünü çevirdi. Babam bütün bunları görüb, atama dedi:

"Ələkbər, görmürsən o, səndən üzr istəyir?". Atam cavabında dedi: "Yox, mən onu ömrümdə bağışlamaram, Onun sözlərinə görə mən bütün ömrümün, demək olar, yarısını sürgünlərdə keçirmişəm".

***

1949-cu ildə ailədə ikinci qız övladı Sevil doğulduqdan dərhal sonra rəssam yenidən həbs edilir. Bu dəfəki marşrut isə uzaq Altay diyarı olur. Rzaquliyev sürgündə olarkən Saratovdan köçürülmüş Berta adlı alman əsilli qadınla evlənir və ondan Oqtay, Aydın, Sevda adlı üç övladı dünyaya gəlir. Yalnız 1956-cı ildə Stalin repressiyaları epoxası çökdükdən sonra o, sürgündən azad olunur. 60-cı illərin axırlarında isə Berta və uşaqlarının Azərbaycana gəlib onunla yaşamasına icazə verilir.

Həyatın vurduğu zərbələr sənətkarın fırçasına da dərin iz buraxmışdı. Belə ki, sənətkar bütün ömrü boyu cəmi iki rəngli tablo yaradıb – "Azərbaycanlı qız" və "Güləşçilər". Yerdə qalan bütün irsi sadəcə iki rəngdən ibarətdir: ağ və qara... Eynilə onun məşəqqətli həyatı kimi. O, əsasən qrafika növündə məhsuldar işləyib, "Köhnə Bakı" silsiləsi (1958–72), "M. Ə. Sabir" (1963), "Bakılılar Berlində" (1968), "V.İ.Lenin və Azərbaycan rəhbərləri" (1970), "Çaybecərənlər" (1972) və "Azərbaycan madonnası" (1973) kimi məşhur linoqravüralara imza atıb.

***

60-cı illərdə sənətkar yaddaşına güvənərək kompozisiyası ilə 20-ci illərin ab-havasını xatırladan məşhur "Köhnə məktəb" linoqravürünü ərsəyə gətirir. Qlobal miqyasda tanınan meksikalı fırça ustası Dieqo Rivera Moskva səfəri zamanı onun tablolarını görərək bu sözləri deyib:

"Bu gəncə deyin ki, o düzgün yol seçib, qoy belə işləməyə davam etsin".

***

Qızı Ədilə xanım atasının böyük ehtirasla necə işlədiyini belə xatırlayırdı:

"O daim işlə məşğul idi. Sürgün illəri onun çox vaxtını almışdı. Ona görə də itirdiklərini təzədən yerinə qoymaq istəyirdi. Ələkbər Rzaquliyev yorulmaq bilmədən özünün ağ-qara linoqravürlərini yaradırdı. Köhnə Bakı elə bil təzədən canlanırdı. Neçə illərin yaddaşı kağıza köçürdü".

Fotoğraf açıklaması yok.

***

Böyük sənətkar zəngin yaradıcılığına görə 1964-cü ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülür. Bu gün onun qrafika və linoqravüraları Moskvanın Şərq Xalqları İncəsənəti Muzeyində, eləcə də R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Şəkil Qalereyası və digər sənət ocaqlarında qorunub saxlanılır. 2018-ci ildə isə Şirin Məlikovanın müəllifliyi ilə "Xalq əmanəti" silsiləsindən rəssamın xatirəsinə həsr olunan dəyərli kitab işıq üzü görüb.

# 360 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər