Bakıda “Korkut Ata” III Türk Dünyası Film Festivalı çərçivəsində Zirvə toplantısı keçirilir.
Kulis.az xəbər verir ki, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir.
Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub. Filmlər oktyabrın 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.
Qeyd edək ki, 2021-ci ildən təşkil olunan festivalın birincisi Türkiyənin İstanbul şəhərində, ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib. Bu il isə ölkəmiz III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir.