Kərəm Hadizadə: "Bilirdi ki, ona şapalaq vuracam" - Müsahibə

Kərəm Hadizadə:  "Bilirdi ki, ona şapalaq vuracam" - Müsahibə
17 oktyabr 2023
# 16:00

Kulis.az Gənc Tamaşaçılar Teatrının aktyoru Kərəm Hadızadənin Lent.az-a müsahibəsini təqdim edir.

- Kərəm bəy, öncə istərdim sizi oxucularımıza yaxından tanıdaq.

- 1965-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşam. Uşaqlıqdan incəsənətə meylim olub, evdə deyirdim aktyor olacam. Atam da deyirdi ki, ol, amma yaxşı sənətkar ol. Ortabab olma. Özü kənd soveti sədri idi. Çox mütaliə edirdi. Hələ də kənddəki evimizdə onun kitablarını qoruyub saxlayırıq. Nəslimizdə incəsənət adamı olmayıb. Bəlkə Allahdan gələn vergi idi bu. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib Bakı Kamera Teatrında işə başladım. Sonra 3 teatr bir dam altında birləşdi, 2009-cu ilin oktyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru kimi işimə davam elədim. Beynəlxalq teatr festivallarında iştirak eləmişəm, böyüklüyünə, kiçikliyinə baxmadan yüzlərlə maraqlı obrazlara can vermişəm. “Kərəm kimdir?” soruşsanız, sadə cavabı var - öz peşəsinin vurğunu.

- Bu günlərdə sizin “Romeo və Cülyetta“ tamaşasındakı rahib rolunuz diqqətimi çox çəkdi, monotonluqdan kənar, çılğın və əsl xeyirxah insan obrazını ustalıqla təqdim elədiniz. Amma ən çox diqqətimi Romeoya vurduğunuz şapalaq çəkdi. Həqiqi şapalaq idi və hətta ən arxa sıralarda belə səsi eşidildi.

- (Gülür). Hə aktyor bilirdi ki, mən ona şapalaq vuracam, buna hazırlıqlı idi, amma təbii alınsın deyə, o şapalağı hər dəfə eyni sözü dedikdən sonra yox, fərqli məqamlarda vururam ki, üzünü çəkməsin, diksinsin. Tərəf müqabilim də istedadlı aktyordur, sənət naminə şapalaqdan incimir.

- Ağrımırdı?

- Ağrısın da. “Leyli və Məcnun”da Məcnunun atasını oynayırdım. Ən sevdiyim tamaşalardan biridir. Orda ata Məcnun olmuş oğluna şapalaq vurub onu özünə gətirməyə çalışır. Bu rolu mən və Nicat Kazımov oynayırıq. Ata şapalaq vurur, barmaqlarında da ağır üzüklər. Yazıq Bəhramın (Məcnun rolunun ifaçısı) az qala beyni silkələnirdi. Çox istedadlı oğlandır Bəhram da.
Mehriban kollektivimiz var. Səhnə arxası münasibətlər tamaşada özünü göstərir. İstər-istəməz sezilir, hiss olunur. Bu mənada bizim teatr çox yaxşıdır.

- Ən sevdiyiniz rolunuz hansıdır?

- Bax, (əlini göstərir) hansı barmağımı daha çox sevirəm deyim, hansını kəssəm ağrımaz? Hamısı mənim üçün eyni dərəcədə əzizidir, rollarım da elə. Aktyor üçün rolun böyüyü, kiçiyi olmamalıdır, ampluanı dəyişməyi yaxşı bacarmalıdır, oynadığı rolla yadda qalmalıdır. Önəmli olan budur.

- Bəs səhnədə tərəf müqabilinizin kim olması önəm daşıyır?

- Yox. Mən öz rolumdayam, qarşımda kimin olmasının fərqi yoxdur.

- Bəs bu illər ərzində səhnədə kuryoz hadisələr olub?

- Olub. Bir dəfə qrim otağında oturub Rəşad Səfərovla (aktyor) söhbət edirik. “Şeyx Sənan” tamaşası gedir. Səhnəyə çıxmalıydıq. Bizim teatrda otaqlarda cihazlar var, mikrofonla xəbərdarlıq gəlir ki, indi sizin səhnənizdir. Bizim otaqda mikrofon işləməyib, çağırıblar bilməmişik. Səhnədə Xumara rəfiqələri deyirlər ki, atan gəlir qaçaq. Qızlar səhnədən qaçır, atası ilə mən (orda da keşiş rolunda idim) gəlməliyik, səhnə boş qalıb, Şövqü Hüseynov görüb biz yoxuq, tez o daxil olub səhnəyə, öz partiyasını oynamaq üçün. İnanın o hadisədən sonra bir həftə özümə gələ bilmədim, çox pis olmuşdum. Ondan sonra həmişə rolumu kulisdə, pərdənin arxasında gözləyirəm. Otağıma qalxmıram. Bir dəfə də başqa bir tamaşada süfrə arxasında yeyib-içmək səhnəsidir. Mən ayağa qalxdım, sözüm yadımdan çıxdı. Gözümü zilləmişəm tərəf müqabilimin üzünə, söz yadıma düşmür, sərxoş adam kimi jestlər edirəm, xatırlamağa çalışıram, o da qımışır, qəsdən demir. Nəhayət ayağa qalxdı ki, bəlkə mən bir şeir deyim. Səhnəyə uyğun şeir dedi, vəziyyətdən çıxdıq.

- Hansı rejissorla işləməyin fərqi varmı sizə?

- Var. Cənnət Səlimova ustadımdır. Universitetin 2-ci kursunda oxuyanda sənət müəllimim Cənnət Səlimova Kamera Teatrını açdı. Mən də orada işləməyə başladım. Cənnət Səlimovanın özünə xas dəsti-xətti var. O başqa aləmdir. Hələ də ondan öyrənirik. O böyük insan, böyük sənətkardır. Xalq artisti Vaqif Əsədovla, Əməkdar incəsənət xadimi Bəhram Osmanovla işlərimiz çox olub. Hərəsinin aktyora öz yanaşma tərzi var idi. Əməkdar artist Nicat Kazımov çox istedadlı rejissordur. Hər əsərə mütləq öz nəfəsini qatır, gözəl bir iş ortaya qoyur.

- Aktyorun şanslısı, şanssızı var. Bəzilərinin adı çox çəkilir, bəziləri kölgədə qalır. 25 ildən çoxdur səhnədəsiniz, fəxri ad almamısınız, bu sizi küsdürmür?

- Yox küsdürmür. Yəqin zamanı çatanda verərlər.

- Müəllim kimi fəaliyyət göstərirsiniz?

- Müəllimlik etməkdən qorxuram. Maşallah o qədər böyük sənətkarlar var ki. Niyəsə mənə belə gəlir.

- Sizcə aktyor öz şəxsi duyğularını səhnəyə daşımalıdır?

- Aktyor xəstə olduğu halda belə, səhnəyə çıxanda sağalır. Bu bilmirəm məsuliyyətdən yaranır, ya insanların verdiyi enerjidən irəli gəlir. Tamaşaçı gəlib zalda oturur, o bilmir aktyorun evində hansı məişət problemləri var. Mən ən çətin günlərimdə Müsyo Jordan, Lənkəran xanının vəziri olub tamaşaçını güldürmüşəm. Səhnəyə öz qayğılarınla gələ bilməzsən. Tamaşaya köklənməlisən.

- Eşitdiyimə görə, qoca aktyor Kazimir Kan obrazında əslində öz taleyinizi oynamısınız...

- Yox, qızım şükür Allaha məndən ayrı qalmayıb. Onu böyütmüşəm, ailə qurub, bir nəvəm də var. Onlarla nəfəs alıram, hər şey yaxşıdır.

- Amma tək böyütmüsünüz...

- Bu barədə danışmaq asan deyil... Qismət belə gətirdi. Evləndikdən az sonra, onda qızımın 2-3 yaşı olardı, həyat yoldaşımda qan xərçəngi aşkarlandı. Çətin günlər yaşadıq. Mən ona ölümcül xəstə olduğunu demədim. Bilmirdi xərçəng olduğunu. Hər dəfə analizlərin nəticəsini xəstəxanadan alanda tibb bacısından xahiş edirdim, xanımıma göstərmək üçün mənə əlavə bir kağız verirdi, bu kağızda bütün nəticələrin normal olduğunu yazdırırdım. Elə bilirdi dalağına soyuq dəyib, ona görə müalicə alır. Bu 8 il belə davam elədi. Yalnız ölümünə 6 ay qalmış onkoloji mərkəzdə yatanda bildi ki, vəziyyət nədir. Onu yaşada bilmək üçün əlimizdən gələni etdik. Amma qismət beləymiş. Bəzi şeylər var ki, onun qarşısında gücsüz qalırıq. Bayaq onu nəzərdə tuturdum, onun xəstəliyi günlərində səhnəyə çıxıb komediya oynadığım da olub. Çox çətin günlər idi mənim üçün. Sonra qızımla ikimiz qaldıq. Anasını itirmək ona çox ağır travma vermişdi. 10 yaşı var idi onda. Məni də itirəcəyindən qorxurdu. Tez-tez zəng vururdu, harada olduğumu, necə olduğumu soruşurdu.

- İkinci dəfə ailə qurmadınız?
- Yox. Bacılarım, qohumlarım çox dedilər, dedim, bir daha bu barədə danışmayın. Belə fikrim olmayıb, olmaz da. Qızımı böyütməyimə bacım kömək elədi. Bacımla birlikdə yaşayırıq. Qız böyütmək asan deyil. Ömrümü ona həsr elədim. Mənimlə hər qayğısını rahatlıqla danışa, bölüşə bilirdi. Bütün valideynlər kimi arzu edirəm ki, o xoşbəxtlərin xoşbəxti olsun. İndi 3 yaşında bir nəvəm var. Əvvəllər düşünürdüm ki, İlahi, niyə mən? Nə üçün mən bunları yaşamalı idim, niyə mənim başıma gəldi? Amma sonra anladım ki, bu çətinliklər məni insan kimi kamilləşdirdi. Dünyanın, həyatın faniliyini öyrətdi. Yəni insan kimi yetişmək üçün acılardan da keçməlisənmiş.

- Aktyorların bir çoxu əlavə qazanc üçün müxtəlif məclislərə gedirlər. Siz necə?

- Mən getməmişəm. Gedənlərə pis baxmıram. Kloun, Şaxta Baba kimi gedənlər olur, tamadalıq edənlər var. Bu özü də əmək, istedad tələb edir. Mən etməmişəm. Profilim budur, sadəcə teatr.

- Bəs seriallara çəkilməyə zaman tapırsınız?

- Bir neçə serialda çəkilmişəm.

- Qonorarla bağlı kaprizləriniz olub?

- Yox. Nə qədər qonorar verirlər ki, kaprizimiz də olsun( gülür)

- Hər rola razı olursunuz?

- Gərək birinci özümü o rolda görəm. Hər rolu oynamaq olar, amma qəbul olunacaqmı? Aktyor ilk növbədə özünü verilən obrazda görməlidir.

- Xarici ölkələrdə qastrollarda çox olmusunuz. Bizim tamaşaçılarla xarici tamaşaçıların fərqi nədir?

- Bizim tamaşaçılar aktyordan çox istedadlı olmağı tələb edir, bizimkilərin qarşısında çıxış etmək daha çətindir. Gərək canını qanını qoyasan. Xaricilərə nə təqdim eləsən baxır, alqışlayır. Bizim tamaşaçı duyğularını gizlədir. Amma çox emosional və istedadlı xalqıq. Ona görə aktyordan da ən yaxşını tələb edir. Bizim aktyorlar da dünyanın ən istedadlı aktyorlarıdır. Bunu əminliklə deyirəm.

# 1497 dəfə oxunub

Müəllifin son yazıları

# # #