Flora Kərimova: "Faciə yaşasam da, dərdim yadıma düşmürdü"

Flora Kərimova:  "Faciə yaşasam da, dərdim yadıma düşmürdü"
18 iyul 2023
# 16:20

“Hər mahnını oxumaq olar. “Bilməzdim” mahnımı cəhd etdilər, amma oxuya bilmədilər. Zəng edib mahnılarımı oxumaq üçün icazə istəyən gənclər çoxdur. Onlardan xahiş edirəm ki, musiqiyə, mahnının sətrinə dəyməsinlər. Çox rahatlıqla icazə verirəm, amma mahnıya toxunmasınlar. Mahnını bəstəkar yazır, verir müğənniyə. Müğənni də mahnının üzünü ağardır. Artıq mahnı nə müğənninindir, nə də bəstəkarın. Mahnı xalqındır. İcazə istəyənlər sağ olsunlar. Tərbiyəsi çatanlar zəng edib, icazə istəyirlər”

Kulis.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova deyib.

“Hər ifa, hətta ürəyimcə olmayan da mahnını yaşadır. Özüm də sənətkarlardan belə münasibət görməmişəm. Nə Sara xanım, nə Şövkət xanım, nə də Rübabə xanım deyiblər ki, bizim oxuduqlarımızı oxuma. “Leyli və Məcnun” tamaşasında Leylini oynadım, Rübabə xanım qətiyyən bir söz demədi. Şövkət xanımın mahnılarını oxudum, bir dəfə də eşitmədim, desin ki, dünənin uşağısan, niyə mahnılarımı oxuyursan? O dövrdə paxıllıq bəlkə də var idi. Amma heç kim qürurundan dolayı üzə çıxartmırdı. İndi bunu çox açıq şəkildə bildirirlər”.

Flora Kərimova duet təkliflərindən də danışıb.

“Duet oxumaq üçün gəlib, xahiş edirlər. Mən o adamları tanımıram. Hiss edirəm ki, onların yanında olmalıyam. Heç vaxt böyük sənətkarlardan özümə qarşı paxıllıq görməmişəm. Yaradıcılıq gecələrində mən də səhnəyə çıxırdım, digərləri də. Onlar səhnəyə çıxanda iki-üç alqış gəlirdi, mən çıxanda zal ayağa qalxırdı. Utanırdım, bilmirdim ki, necə oturum? Amma başım gicəllənməyib”.

Sənətkar heç vaxt öz həyatına aid mahnılar ifa etmədiyini bildirib.

“Heç vaxt öz həyatımı oxumamışam. Ağlıma gəlməyib. O faciədə özümü görməmişəm. Baxmayaraq ki, Oqtay Kazımi “Əgər istəsən” mahnısını yazmışdı. O zaman şəxsi həyatımda böyük bir faciə yaşadım, həyat yoldaşım dünyasını dəyişdi. Heç o mahnıda da özümü görmədim. Daha sonra Elza İbrahimova “Yoxluğunu bilə-bilə” adlı mahnı yazdı. O mahnıda da özümü tapmadım. Kiminsə dərdindən oxuyurdum, heç öz dərdim yadıma düşmürdü. Kiminsə dərdinə ağlayırdım. Elə bil kiməsə kömək edirdim ki, o dərdi yaşaya bilsin”.
Xalq artisti Şuşadan, oradakı məhəllələrindən də danışıb.

“Gözləmirdim ki, Şuşanı görmək mənə qismət olacaq. Bir neçə il əvvəl Şuşaya getdim. Orada olanda nəfəsim çatmırdı, boğulurdum. Məhəlləmizi düşmən biçib, nə günə salıb. Yaqut məndən soruşurdu ki, xala, bu həyəti niyə bu günə qoyublar? Deyirdim ki, Yaqut, gedəcəkləri bilirdilər, canları yanmırdı. Onlar müvəqqəti məskunlaşmışdılar. Ən böyük təsəllimiz Şuşanın mədəniyyət paytaxtına çevrilməsidir. Şuşanı indi görsək, tanımarıq, o qədər abadlıq işləri aparılıb ki”.

Moderator.az

# 1609 dəfə oxunub

Müəllifin son yazıları

# # #