Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri
27 iyul 2025
# 17:00

Kulis.az Xəyalə Sevilin şeirlərini təqdim edir.

Səninlə aramızda
Nə qaldı ki, bitdimi?
Darıxmaq tənhalığın
Ən sonuncu həddimi?..

Əvvəl-əvvəl çətindi,
Gündüz-gecə darıxdım.
Adam necə darıxar?
Bax, eləcə darıxdım.

Darıxdım sözün düşən
Hər kəlmənin başında.
Nə getmədin gözümdən,
Nə görmədim qarşımda.

Sonra qəfil oyandım,
Gördüm hər tərəf sudu.
Dedim, bu gündən sonra
Yığışdır bu buludu...

İçim axşamtərəfi,
Nə yazdı, nə payızdı.
Görmür ki, dəyişmişəm,
Deyir, həminki qızdı.

***

İndən belə nə mənası,
Az elədin, çox elədin.
Sən də belə sehrbazsan,
Öz-özünü yox elədin.

Gün batdı, Ayam özümə,
Səhvəm, cəzayam özümə.
Gül kimi payam, özümə
Gör kimi qucaq elədim!

And deyilsən, içim səni,
Yol verdin ki, keçim səni.
Saxlamağa gücüm səni
Çatardı, uzaq elədim.

***


Sonra hamı getdi, bir-bir, iki-bir,
Adamlar azaldı, səslər azaldı.
Təkləndim bu boyda dünya içində,
Ən yaxın, ən doğma kəslər azaldı.

Sonra unuduldu bütün pisliklər,
Sonra alışıldı olanlara da.
Sonra şükür dedim gündə yüz dəfə
Əlimdə, ovcumda qalanlara da.

Sonra sən də getdin - nə önəmi var?
Könlümdə yerini hər an saxladım.
Ən vacib işimin arasında da
Səni düşünməyə zaman saxladım.

Sonra anladım ki, həyat belədi,
İnsanı ən həssas vaxtında yorur.
...Kim gözündən salır məni, görəsən?
Bir biləydim, məni kim unutdurur...

***


Deyirdim dəə...
Ayrılmağa nə var ki?!
İndi səndən dönmək var e.
İndi səni unutmaq var,
İndi özümə söz vermək,
İndi sözümü tutmaq var.
Deyirdim dəə,
Deyirdim.
Səndən sonra nə qaldısa,
Şeirdi.
İndən belə deyiləsi
Söz yoxdu- yüzün bilirəm.
Gəlmirsənsə, get, yaşayım,
Bacarsan, öyrət, yaşayım,
Ölməyi özüm bilirəm.

***

İndən belə sən də lazım deyilsən,
Qırılmışam, tökülmüşəm, qəmliyəm.
Sən ki mənim alın yazım deyilsən,
Vaxt lazımdı ki, özümü cəmliyəm.

Nəyin var ki? Sözünü tutmağın yox,
Məni yaxşı unutmağın var sənin.
Ürəyimin heç xeyrini görmədim,
Ürəyimdən topladığım bar sənin.

Bu gecə də özün yoxsan, sözün var,
Sən bilməzsən, susub danışmaq olur.
Salamımız, sağolumuz yerində,
Görürsənmi? Küsüb danışmaq olur.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

# # #