Aləmdə səsi olan Əzizə Cəfərzadə

Aləmdə səsi olan Əzizə Cəfərzadə
29 dekabr 2023
# 11:00

Bu gün yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin doğum günüdür.

Kulis.az Aynur Turanın "Aləmdə səsi olan Əzizə Cəfərzadə" yazısını təqdim edir.

Dilimizdə bir-birindən şirin, bir-birindən poetik və yığcam söz birləşmələri səslənir: Sərin su, şirin söz, mehriban insan, xeyirxah adam, əziz dost, qayğıkeş qohum... Bu qəbildən olan söz birləşmələrinin məna tutumu və hikməti, ana nəfəsi, ana səsi, ana əllərinin təması, ana sözünün, ana nəvazişinin içərisində əriyib itir. Görünür buna görədir ki, ana qədər şeirdə, sənətdə təsvir və tərənnüm olunan ikinci bir varlıq yoxdur. Şairdir ana, sözü-söhbəti ilə. Nəğməkardır ana, dürlü-dürlü nəğmələri ilə. Belə qadınlardan biri də Əzizə Çəfərzadə idi. Mənsub olduğu xalqın ədəbi, tarixi-mədəni irsinin öyrənilməsi sahəsində böyük xidmətlər göstərən şəxsiyyətlər həmişə minnətdarlıqla xatırlanır. Xalq yazıçısı, içtimai xadim, ədəbiyyatşünas alim, professor Əzizə Cəfərzadə ömrünü Azərbaycan ədəbiyyatına, folkloruna dilçiliyinə, etnoqrafiyasına həsr edib. Qələmə aldığı tarixi romanlarla böyük nasir Məmməd Səid Ordubadi ənənələrinin davamçısı kimi tanınıb. XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan görkəmli yazıçı Əzizə Cəfərzadənin ötən aylarda 95 illik yubileyi qeyd olundu.

Əzizə Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakıda anadan olub. 38 saylı məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr məktəbində oxuyub. Əlaçı oxuduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundov mükafatına birinci o layiq görülüb. 1942-44-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-47-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1944-46-cı illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-49-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-55-ci illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Əzizə Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1937-ci ilin vurhavur vaxtlarında ilk dəfə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra onun çap edilən ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb. Sovet senzurası gənc yazıçını salon lirikasını tərənnümdə, yəni “Axmatovşina”da ifşa edərək kitabı yığışdırır. Bu qərar Əzizəyə pis təsir etsə də, onun bir yazıçı kimi tarixi əsərlər yazmasına mane olmayıb. Müasir Azərbaycan nəsr tarixində tarixi roman janrı onun qələmi ilə yenidən canlanıb. Yazıçı 1963-cü ildə “Natavan haqqında hekayələr”i yazıb. Bu hekayələrdə o, Xurşudbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alıb. Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-78-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib. XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Səlyan bölgəsində baş verən hadisələr romanda müfəssəl təsvir olunub. Artıq bu illərdə hamı–ədəbi ictimaiyyət də, sıravi oxucular da yazıçıdan yenə tarixi əsərlər gözləyirdi. 1980-ci ildə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan romantik şair Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. Əzizə Cəfərzadənin qadın həmkarlarından ən böyük fərqi onun tutduğu yolu dönmədən, kişi kimi mətinliklə davam etdirməsindədir. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada “Klassik irsimizdən”, “Aşıq Pəri” və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən proqramların və “Ana” radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur.

1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur. Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı–“Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə “Azərbaycan Anası” və “Xalq Yazıçısı” kimi yüksək adlara layiq görülmüşdür. Yazıçı mənsub olduğu xalqın tarixini bədii ədəbiyyata gətirməklə onun təbliğinə çalışırdı. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” (1989) romanı XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” (1992) XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi” (1995), “Gülüstan”dan öncə” (1996), “Zərrintac-Tahirə” (1996), “İşığa doğru” (1998), “Bəla” (2001), “Rübabə sultanım” (2001) tarixi romanları Əzizə Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. Əzizə Cəfərzadə bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayib çap etdirmişdir ki, bunlara “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974-1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani. Sünbülstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir.

O, “Natavan” adli kino ssenari, çoxlu sayda radio-televiziya pyesləri xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlər ilə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan birində 1965-1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya səfərinin gündəlikləri “Qızıl sahilə səyahət” (1968) xatiratını yazmasıdır.

# 810 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #