“20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil olunacaq

“20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil olunacaq
16 yanvar 2024
# 10:15

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilən 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil olunacaq.

Kulis.az xəbər verir ki, 17-21 yanvar tarixlərində baş tutacaq sərginin məqsədi doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarını yad etmək, onların göstərdikləri şücaəti geniş auditoriyaya çatdırmaqdan ibarətdir.

Layihə çərçivəsində “20 Yanvar – Rəssamların gözü ilə” adlı rəsm sərgisi ilə yanaşı, gəmi-muzeyin “Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik" zalında Qanlı Yanvar qurbanlarına aid şəxsi əşyalar, arxiv sənədlər, o cümlədən faciəni özündə əks etdirən müxtəlif materiallardan ibarət sərgi də təşkil olunacaq. Burada həmin gün dənizdə haqq savaşında ölüm-dirim mübarizəsi aparan dənizçilər haqqında məlumatlar da yer alacaq.

Ziyarətçilər “Sabit Orucov” gəmisinə məxsus eksponatlarla yanaşı, hadisələr zamanı yaradılan “Kapitanlar şurası”nın 7 üzvündən biri, o dövrkü SSRİ hərbi naziri Dmitri Yazovla görüşən Müzəffər Əliyevə aid şəxsi əşyalarla da tanış ola biləcəklər.

Sərgi ərzində ASCO-nun təşəbbüsü ilə çəkilən və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan “20 yanvarda doğulanlar” bədii-sənədli film ziyarətçilərə təqdim ediləcək. 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqları özündə əks etdirən ekran işi saat hər gün 7 dəfə nümayiş olunacaq.

# 702 dəfə oxunub

Müəllifin son yazıları

# # #