İnciməyin, siz Allah! - Çingiz Abdullayevə açıq məktub

İnciməyin, siz Allah! - Çingiz Abdullayevə açıq məktub
8 sentyabr 2023
# 11:05

Kulis.az tanınmış jurnalist İlhamiyyə Rzanın “Azərbaycan dili və ədəbiyyatı forumuna sözardı” adlı yeni yazısını təqdim edir.

Forumda çıxış edən Çingiz Abdullayevə açıq məktub

Əziz Çingiz müəllim, sizə həmişə simpatiyam olub. Heç bilmirəm niyə? Axı sizin bir əsərinizi belə sonadək oxumamışam. Hövsələm çatmayıb. Bir neçə dəfə fərqli əsərinizi oxumağa başlasam da, sona çatdırmamışam. Əvvəla ona görə ki, rus dilində oxuyacağım dünya çapında ədəbiyyat nümunələri var. Bəli, məhz ədəbiyyat! Sizin yazdıqlarınız isə ciddi ədəbi dairələrdə ədəbiyyat yox, oxu nümunəsi hesab edilir. Rus dilində “çtivo”. Yəni oxumağına oxu, amma özünə heç nə götürmə. Götürə bilmə. Hər dəfə də fərqli kitablarınızı götürüb oxuyamağa başlayanda elə bilmişəm ki, yenə də birinci oxuduğumdur. İnciməyin, siz Allah. Bu qədər incik olmağınız sizin təmiz qəlbli insan olduğunuzdan xəbər versə də, incimək, söhbətdən yayınmaqdır.

Axı sizin “Azərbaycan dili və ədəbiyyatı” forumunda nə işiniz var idi? Bəli, Yazıçılar Birliyinin məsul işçisisiniz. Amma Azərbaycan dilində yaradıcılığınız yoxdur. Heç ana dilimizi də yaxşı bilmirsiniz.

Fikir vermişəm, bir çox tədbirlərdə, böyük yazıçılarımızın yubileylərində giriş sözünü məhz sizə həvalə edirlər. Burda bir qəsd görmürsünüzmü? Vallah, dili bilməməyinizi, bəli, məhz bilməməyinizi, bu dildə danışa bilməməyinizi, bəlkə də, necəsə keçmək olardı. Amma, məsələn, İsmayıl Şıxlı kimi yazıçının yubileyində onun yaradıcılığı haqqında danışmaq iddianız bağışlanmazdır. Deyim niyə. Çünki, məncə, siz onun əsərlərini oxumamısınız. Ən yaxşı halda Dəli Kür filmini izləmisiniz. Əziz Çingiz müəllim, deyəcəksiniz, hardan bilirəm? Cavab verim: əgər siz İsmayıl Şıxlı, Sabir Əhmədli, İsa Muğannanın əsərlərini oxusaydınız, bu əsərlərin yazıldığı Azərbaycan dilini mənimsəyib, bu gün daha gözəl çıxışlar edə bilərdiniz. Siz heç klassik Azərbaycan ədəbiyyatını da orijinaldan oxumamısınız. Türkdilli klassikanı deyirəm. Məsələn, Nəsimidən nəsə oxumusunuzmu? Axı o azərbaycan türkcəsində yazıb. Amma əminəm ki, Nəsiminin yubileyində də çıxış etmisiniz.

Əziz Çingiz müəllim, dilimizdə belə bir deyim var, bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır. Axı yaşadığınız bu, maşallah, uzun ömrünüzün bir neçə ilini həsr edib dili mükəmməl öyrənə bilərdiniz. Vallah bu, mümkündür.

Baxın prezidentimizə. İbtidai, orta və ali təhsilini rusca alıb, rusdilli mühitdə böyüyüb formalaşıb. Amma necə danışır! Necə böyük inkişaf yolu keçib, onun şifahi ədəbiyyatdan nümunələr gətirməsi, özü də bədahətən, tam yerində məsəllərə, atalar sözlərinə istinad etməsi göstərir ki, danışdığı dili sadəcə çıxışlar etmək üçün öyrənməyib. Sevə-sevə, nazını çəkə-çəkə, əziyyətinə qatlaşaraq mənimsəyib. Bu öz dilinə sevgi nümunəsidir, dolayısı ilə xalqa da…

Çingiz müəllim, bir daha xatırladım ki, sizə həmişə simpatiyam olub. Çünki gözəl ziyalı obrazınız, gülümsər çöhrəniz var. Sizin ranqda olan insanlardan fərqli olaraq yekəxana deyilsiniz, adam ərk edib sizinlə dərdləşmək istəyir. Elə bu müraciətim də o qəbildəndir.

44 günlük müharibə zamanında Rusiya təbliğat maşınını bircə çıxışınızla nakaut etməyinizi də unutmamışam. Möhtəşəm idiniz! Elə də qalın. Xahiş edirəm. Məncə, sizin rus dilini mükəmməl bilməyiniz xalqımızın haqq səsinin oralarda eşidilməsinə xidmət etməlidir və yalnız bu yolla öz dilinizi yaxşı bilməməyinizi bağışlamaq olar.

Mən başa düşürəm ki, dilimizin mövqeyi o qədər də ürəkaçan deyil. Nə zamansa Azərbaycan dilini bilmədən hətta Mədəniyyət naziri olmaq da mümkün olub. Bütöv mənzərəyə nəzər salanda, rusdilli insanların məsul vəzifələrə irəli çəkildiyini görməmək mümkün deyil.

Kommunikasiya strategiyalarında vacib addımlardan biri də qarşındakı insana öz dilində xitab etməkdir. Onun dilini bilməsən də, hörmət xatirinə bir-iki kəlmə o dildə öyrənib ünsiyyət zamanı istifadə etmək, buzları əridə bilir.Yəni bu gün dilin qol qabırğasını sındırmadan danışsaydınız, böyük sevgi qazanmış olardınız. Amma siz bunu istəmədiniz. Odur ki, inciməyin.

Yeri gəlmişkən, bu forumun təşəbbüskarları və təşkilatçılarına minnətdarlığımı bildirirəm. Mövzunu gündəmə gətirdiniz. Bütün təşkilati çatışmazlıqlarına rəğmən, bu tədbirin keçirilməsi möhtəşəm bir ideyadır. Hər iki nazir öz portfoliolarına müsbət bir nailiyyət əlavə etdi. Odur ki, tədbirin mütəmadi keçirilməsini ürəkdən arzu edirəm.

Trendə uyğun olaraq, hər iki nazirliyə böyük bir "LİKE" !!!

# 6876 dəfə oxunub

Müəllifin son yazıları

# # #