Kulis Günay Rzayevanın şeirlərini təqdim edir.
Vüsal yaxındır
Ay yenə sadiqdir sevgilisinə,
Qaranlıq gecədə çatıb hayına.
Bəs qara günlərim məni alanda,
Ey yar, çatarsanmı mənim dadıma?!
Ulduzlar səpilsin göyün üzünə,
Min-min il beləcə asılı dursun.
Həsrətdən kövrələn yarın qəlbinə
Öz yarı yetişsin, məlhəmi olsun.
Bir bağın içində bihuş olmuşam,
Sərvlər layla çalır, heyran qalmışam.
Sönməyən sevgimin cənnəti kimi
Min ildir burdayam, fikrə dalmışam.
Onun adı ruhdur, eşqdir, sevgidir.
O dözümdür, istək, həvəs, vergidir.
O sənsən, mən sənəm, bu - bir gerçəkdir,
Min ildir mən-məndən ayrı qalmışam.
Həsrətin sonudur, vüsal çox yaxın,
Qəlbimin atışı həzinləşibdir.
Bir ildən çox keçib səni görəndən,
Yeni görüşün lap şirinləşibdir.
Payız gəldi
Qızmar yay tərk edib getdi,
Soyuyub, küsdü təbiət.
Saralıb düşən yarpaqla
Ağaclar etdi xəyanət.
Quşlar da köç etdi, uçdu,
Kəpənəyin ömrü puçdu,
Qarışqa yuvasın qucdu,
Payız gəldi, payız gəldi.
Yaşıl bağlar kol-kos oldu,
Yabanı göy çiçək soldu,
Qara-boz buludlar doldu,
Payız gəldi, payız gəldi.
Həzin-həzin yağdı yağış,
Pəncərəyə qondu baxış,
Xatirələr naxış-naxış,
Payız gəldi, payız gəldi.
Küçədən ayaq çəkildi,
Gündüzün beli büküldü,
Axşam qaş-qabaq töküldü,
Payız gəldi, payız gəldi.
Çılpaqlaşdı uca dağlar,
Tənhalaşdı parklar, bağlar,
Geridə qaldı şən çağlar,
Payız gəldi, payız gəldi.
Sakitləşdirdi hər kəsi,
Onun bu hüznlü gəlişi,
Qovuşdurub yayla qışı,
Payız gəldi, payız gəldi.
Həsrət
İndi nə sevimli Ay var, nə sevgili yar,
Aramızda qara-qara, dolu buludlar,
Bir ayrılıq iztirabı hakim havaya,
Amma əlbət bu dərdin bir bitən yeri var.
Ayrılıqda keçir ömürdən günlər, aylar,
Yaşlandım, qırışdı alın, ağardı saçlar,
Qorxacaq oldum qəlbdən sevinib, gülməyə,
Səbir, könül, həsrətin bir itən yeri var.