Göz yaşı içinə töküldüyündə

Göz yaşı içinə töküldüyündə
10 aprel 2014
# 07:00

Elvir

Rəssam...

Qoca rəssam
rəng qatmaq üçün gününə,
keçdi lövhənin önünə,
aldı əlinə fırçanı...
Xəyalından ötən anı,
- gəncliyində ilk gördüyü
gözəl qızın rəsmini çəkmək istədi.
Əli əsdi...
Qoca rəssam gah yubandı,
gah tələsdi.
Dəniz kimi gözlərini,
qürub kimi qaşlarını çəkdi,
nəsə...
Cizdi incə dodağını,
gülümsətdi əsə-əsə,
Parıldatdı yanağını...
Sonda isə,
saçlarını tən yarıdan
ayırmaq istəyirdi ki,
fırça əlindən sürüşdü,
o gənc qızın alnına qırışlar düşdü...
Qoca durdu,
qoca çaşdı...
Zalım fırça bir qədər də ağırlaşdı,
hələ bir də gül üzünə cığır açdı,
qırış saldı.
Və beləcə bir andaca qız qocaldı...
Tez qocaldı...

Əlcək...

Mən necə,
mən necə özüm olum ki,
- sənin deyiləmsə taleyim boyu?!
İzn ver, yanında elə qalım ki,
Hər yanda mən durum məndən savayı.

Məsələn bir ünvan - varaqladığın,
İllərlə axtarıb, soraqladığın,
bir ümid qapısı olaydım...
Sən də
zərif əllərini sinəmə çırpıb,
durub-dayanmadan "döyəydin" məni...

Məsələn qayıdıb kor-peşman geri,
Gizlədib hamıdan olduğun yeri,
Xəlvət bir otağa çəkildiyində,
- Əlin ətəyinə,
saçın üzünə...
göz yaşın içinə hey öz-özünə
bənd aşan sel kimi "töküldüyündə"...
Aynada zillənib öz görkəminə,
susub, saatlarla dikildiyində,
Barı ayna olub dayanaydım lal...
Sən öz ürəyində durub dalbadal,
Məzəmmət edəydin, söyəydin "məni".

Yerini otağın küncünə salıb,
Xəyala dalanda, fikrə gedəndə...
Özünü qəhərin əlindən alıb,
Yuxuya verməyə vadar edəndə...
O an
uydurduğun nağıl olaydım,
- ta yuxu gəlincə özün-özünə
oxuyaydın məni, deyəydin məni...

Mən necə,
mən necə özüm olum ki,
- sənin olmadıqca...?!
eh...
...barı düşün.
- Qışın sazağında
bir damın altda,
sobanın önündə bir qarı düşün.
o da hey düşünür - qayıdar bir gün,
“70 il öncəki savaş”dan yarı.
Gözünün nurunu itirirsə də,
qəlbində qoruyur əhdi ilqarı.
Taleyi qapqara,
saçları dümağ...
Ruhunda təsəlli,
əlində yumaq,
gecədən sübhədək nəsə toxuyur,
Cəsarət dolayır titrək səsinə,
“Qələbə” əzmilə nəsə oxuyur...
Əlqərəz, ən gözəl xatirələrin,
rəngini qatdığı naxışlar ilə,
Düşüb ilmələrlə qarışan,
dərin,
sabaha ümidli baxışlar ilə,
Araya-ərsəyə yetişən "ƏLCƏK",
bütün bəşər üçün kara gəlsə də,
bir onun karına yetişməyəcək...
Bax, gülüm,
o əlcək kaş mən olaydım.
Zövqünü gözündən elə alaydım,
Lap yayın ən qızmar çağında belə,
çaşıb götürəydin, alaydın ələ.
Barı bir işinə yarımaq üçün...
- demirəm soyuqdan qorumaq üçün,
məsələn, qısqanıb səni hər şeyə,
o incə əlləri, zərif əlləri
başqa nəzərlədən gizlədim deyə,
evdə gözlərinin üstünə qoyub,
çölə çıxan kimi geyəydin məni...

Nə bilim,
Bir ÖZÜM olmuşam,
fəqət,
bir də SƏN olmaqdır qismətim əlbət.
Sən də rast gəldiyin bu qismətinlə,
Öz eşqin, öz ruhun, öz ismətinlə
ÖZÜN özün üçün öyəydin MƏNİ...
ÖZÜN özün üçün öyəydin MƏNİ...

# 2026 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #