Nizami Məcidlinin şeirləri
Düz anlar məni
Mənə ustad çalan bir saz gətirin
Mən saza aşiqəm, saz anlar məni
Mənə qələm verin, kağız gətirin
Sözün vurğunuyam, söz anlar məni.
Baş-başa buraxın məni mənimlə
Sevən urəyimlə, dəli dəmimlə
Alışım, köz olum sarı simimlə
Yanmaq gözəl şeydi, köz anlar məni.
Mənə ustad çalan bir tar gətirin
Mənə ''Segah'' çalın, ''Qatar''gətirin
Yaralı Murovdan ağ qar gətirin
Ləkəsiz, qarasız, düz anlar məni.
Dunyanın
Çox ərlər çalışdı cilovun yığa
Nədənsə qurtarmır qalı dünyanın.
Ayağı büdrədi hey zaman-zaman
Tərsinə nallanıb nalı dünyanın.
Şıltaqlıq eləyib özündən çıxar.
Söz verib, verdiyi sözüdnən çıxar,
Adamın yediyi gözündən çıxar,
Zəhərdi şəkəri, balı dünyanın.
Kiminin ağlı kəm, kiminin baxtı,
Fironu qocaldıb axrına çıxdı.
Büs-bütun dağıldı Süleyman taxtı.
Qalmadı kimsəyə malı dünyanın.
Ən şirin nəğməsi fəryaddı, qəmdi
Namərdə anadı, mərdə sitəmdi.
Bircə təpəsinin gülləsi kəmdi
Çax, gəlsin başına ağlı dünyanın!
Mollalıq eyləyir, başında çalma,
Səni də udacaq, kefindən qalma.
Nizami, dünyanı vecinə alma,
Ağası ol, olma qulu dünyanın.
Qarabağım dardadır
Ürəyimdə bir ağrı var incidir
Yaralıdı Qarabağım dardadır
Məni həsrət, bu intizar incidir
Aralıdı Qarabağım, dardadır.
Şuşa dözmür daha, səsləyir bizi
Ayna bulaqların ağlayır gözü
Nələr çəkir görəsən, Cıdır düzü
Saralıbdır Qarabağım dardadır.
Laçın yol gözləyir xəyalı dalğın
Gözləri yol çəkir orda bir dağın
O gözəl məkanın, tərlan oylağın
Sar alıbdır Qarabağım dardadır
Nizami, Vətəndən keçilərmi, de
Tərlan oylağından köçülərmi, de
De, bütün ellərə sən bu dərdi de
Tək qalıbdır Qarabağım dardadır.
Qəzəl
Hicri-yar ilə edən könlümü viran eşqidir,
Gecə-gündüz eyləyən bağrımı al qan eşqidir.
Eşq əlindən dərdə düşdüm, ayrı qaldım yaridən
Vəsli-yar ilə mənim dərdimə dərman eşqidir.
Eşqi candır, can isə cananımın qurbanıdır
Mən də qurbanam yara, həm də qurban eşqidir.
Tanrı eşqindən bütün cümlə-cahan abad olub
Ərşi eşqdir, ferşi də cümleyi-cahan eşqidir.
Ey Nizami, eşqidən kam al, kamalın artırar,
Eyliyən kamilləri bil, kamil insan eşqidir.
Gözlərin
Gözünə baxanda gözüm qurudu,
Məni eşq oduna saldı gözlərin.
Gözüm gördü könlüm elə vuruldu
Ağlımı başımdan aldı gözlərin.
Hara gedirəmsə mənimlə gedir,
Hərdən sevindirir, hərdən incidir,
Qəlbimin hüdudsuz bir sevincidir,
Ruhumda əbədi qaldı gözlərin.
Baxışların mənalıdır, dərindir
Bir baxışla qəlbimi al, sevindir
Nizamiyə canından da şirindir
Elə bil şəkərdi, baldı gözlərin.