Xəyalə Əliyeva
Əlvida deyə bilmədiklərimə…
Getdiyim ərəfədə sağollaşmadığım insanlar oldu,
bir “sağ ol”a sığmayan sarılmaqlar,
bir nəfəslik öpüşlər, bir payızlıq sevgilər...
o birlər çıxdı sonumuza...
Əlvida deyə bilmədiyim gözlərdə
bəbəklərim böyüyüb qara dəliyə çevrildi
ve gözlərimdəki işığı da beləcə söndürdü....
Son xatirəyə çevrilməyim deyə qaçdığım üzlər oldu,
xatirə olmaqdan yoruldugum...
hərarətini hiss etməkdən qorxduğum
əllərdən asdım əlvidalarımı…
Bağrıma basıb hönkürmək istədiyim insanlar da oldu...
Onlara da bir köks ötürüb uzaq durdum,
iz salmaqdan qorxdugum həyatlara
zülmətdən baxdım ki, kölgəm belə düşməsin yollarına.
Lap uzaqlardan əl sallamaq istədim
əlimin əllərə qaçmasından yorulub
onu da gah qoynuma, gah da dizlərimə tikdim...
Uzaqlardan boylandim yaxınlara,
boylandıqca boyum qısaldı,
uzaqların qısası oldum,
qısaldıqca gözdən itdim,
itdim ki, təkliyim çoxluqla dolmasin...
10-acan sayıb qaçıb gizləndim,
gizləndiyim yeri unutdum,
daha özümü də tapmadım.
Mən iz salmaqdan qorxduğum həyatlar üçün
gizləndiyim yeri unutdum,
unutdum ki, əlvida deyə bilmədiyim gözlərdə
gizlənqaç oynayan uşaq kimi qalım...
“Alma desəm gələrsən,
armud desəm gəlməzsən” deyənim olmadı…
və gizləndiyim yerdə beləcə, unuduldum...