Nərgiz İsmayılova
Qalibi naməlum duel...
İnsanın daxilindəki duyğular daima mübarizə içindədirlər.
Xəyallar və ümidlər.
Doğrular və səhvlər .
Doğrunu axtaran hər insanın cibində doğrularıyla birlikdə təcrübə adlandırdığı səhvləri də mövcuddur.
Səhvlər, ya da hər nəysə təcrübələr.
Əgər səhvləri tərbiyə edirsə insanı, niyə səhv adlandırılır səhvlər?
Bəlkə də səhvlər tərbiyə olunmuş təcrübələrdir...
Ya da təcrübələr təlim almış səhvlərdir...
Bəzən ciddi - ciddi düşünür insan, hələ bir xəyal da qurur.
Hər zaman son parça uymur xəyallar yerlə bir olur.
Sonra xəyalına ümidlərdən bər-bəzək vurur, yenə yorulmur.
Bəzən xəyallar belə yorulur xəyal edilməkdən, ümidlər bezir insanı aldatmaqdan...
Bəli, bəzən doğrularından sıxılır insan...
Mənim kimi
Ən çox yanlışını sevir insan...
Mənim səni sevdiyim kimi
Ya da yanlış adlandırılan doğruları
Bizim kimi...
İnsanın daxilində duyğular daima mübarizə içindədirlər bəli, elə insanı da ən çox bu qorxudur.
Bəzən insana doğma gəlir səhvi, onu doğruluğu təsdiqlənmiş bütün doğrularına qarşı qoruyur.
Çünki odur insanın doğrusu...
Bəzən doğrusunu “yanlış” adlandırır,
Bəzən yanlışını “doğru” ....
Fikirdən fikrə sürüklənir insan.
Nəfsiylə sirdaş olur, sirdaşıyla düşmən,
Bəzən çox üşüyür insan sarılır ağlındakına
Yorulur yaşamaqdan, ümidləri qətl edir
Bəzən susur insan, əzab verir danışmaq
Etiraf edə bilmədiyi sevgisini qurban edir ətrafın “doğruluq” nəzəriyyəsinə...
Bəzən insan olmaq üçün çox darıxır insan