Fərqanə Qədimova
İnsan qarşısına qoyulmuş missiyanı yerinə yetirmək üçün dünyaya gələndə ata və anasının kim olacağını, necə bir ailədə dünyaya gələcəyini bilmədiyi kimi, hansı dildə ilk sözlərini deyəcəyini, cahanın hansı guşəsində doğulub, oranı Ana Vətəni olaraq qəbul edəcəyini bilmir. Həyatda əslində çox az şey bizdən asılı olur. Bir insanın formalaşması üçün lazım olan mühiti, cəmiyyəti əsla biz seçmirik. Bəzi insanlar üçün doğulub, boya-başa çatdığı yer doğma olduğu halda, digərləri üçün əcdadlarının canı, qanı hansı torpaqlarda yoğrulmuşsa, ürəkləri harada döyünürsə dünyanın ən ucqar nöqtəsi belə olsa, əsl Vətəni, ana qucağı kimi şəfqətli olan doğma yurdu məhz oradır. Vətən, yurd sevgisi insanın öz mənini dərk etməsi ilə bağlıdır. Əvvəlcə özünü, sonra ailəsini, dostlarını, məktəbini, mühitini, cəmiyyətini və bunları bir arada tutmağı bacaran Vətən anlayışını...
12 il bundan əvvəl baş vermiş hadisə daxilimdəki “Mən”i formalaşdırdı.
Sinfimizin ən gözəl, göz oxşayan bir guşəsində doğulduğum, boya-başa çatdığım ölkəni canları, qanları bahasına qorumuş, ən şərəfli insanların – şəhidlərimizin rəsmləri asılmışdı. Üzərində isə qara rəngli, böyük hərflərlə “Unutmayaq, unutdurmayaq!” cümləsi bu yaşıma çatmağıma baxmayaraq, hələ də gözümün qabağından getmir. Çünki o cümlənin bəlkə də çoxdan, dəfələrlə dəyişilməsinə baxmayaraq, əlifbanı yeni bitirdikdən, bütün hərfləri tam öyrəndikdən sonra oxuduğum ilk cümlə olmuşdu. İlk dəfə anlamamışdım mənasını, bu cümlənin altında yatan dərin fikri. Beynimdə suallar yaranırdı. “O insanlar kimdir ki, biz onları unutmamalıyıq? Niyə unutdurmamalıyıq? Kimə unutdurmamalıyıq?” Evə gəldiyim zaman ilk gördüyüm iş babamın yanına qaçaraq, beynimdə yaranmış bu suallara cavab axtarmaq oldu. O, mənə hər şeyi izah etdi...
“Bax qızım, Vətənimiz çox ağır günlər keçirib, yeni-yeni özünə gəlməyə başlayır. Vətənimizin azadlığı üçün, torpaqlarımızın əlimizdən getməməsi, düşmən tapdağı altında qalmaması üçün bu yurd sinfinizdə şəkilləri asılan və asılmayan minlərlə şəhid verib. Onlar canlarını Vətən yolunda ona görə qurban veriblər ki, sən yaşaya biləsən. Dövlətinin, millətinin adını harada olmağından asılı olmayaraq uca tutmağı bacarasan. Bədəninin hansı yeri ağrıyırsa, canın ordadır, - deyirlər. Bizim də canımız Qarabağdadır. Vətənimizin yaralı yeri, erməni dığalarının tapdağı altında olan Qarabağ ... Heç bir zaman o dilbər guşəni görməmişəm. Lakin mən də orada öz yurd yuvalarından qovulmuş, didərgin düşmüş insanların dərdlərini anlamağa çalışıram. Biz Qarabağlı olmasaq da, o hadisələr baş verərkən hər kəs özünü onların yerinə qoymağı bacardı. Hamı bir nəfər kimi Qarabağlı oldu. Bir-birimizə dəstək olduq. Biz şəhidləri heç vaxt unutmamalıyıq. Çünki onlar bizim tanımadığımız doğmalarımızdır. Doğma olmaq üçün qan əlaqəsinin olması önəmli deyil. Əgər bir insan sənin bu dünyada yaşamağın üçün canından belə keçməyə hazırdırsa, deməli sənin doğmandır. Siz bir-birinizi tanımasanız belə...”
Babamın dedikləri ilə beynim tamamilə qarışmışdı. Anlamağa cəhd göstərirdim, lakin bu işdə uğursuz alınırdım. Çünki müharibə, faciə görməmiş, ölümləri dadmamış altı yaşlı bır qız uşağının bunu anlamaması hər halda normal qarşılanardı.
Vətən sevgisini böyüdüyümüz zaman anlayırıq. İnsan nə zaman böyüyür bilirsinizmi? Dünyanın faniliyini anlayanda. Gördüyü hər şeyin zamanı çatdıqda əslində bir heç olacağını, itəcəyini öyrəndiyi gün. Uşaq vaxtından bizlərə nağıllarda, dastanlarda sevdiyimiz, dəyər verdiyimiz hər hansısa bir şeyi itirmək qorxusu və bu vəziyyətdən necə çıxmaq lazım gəldiyi öyrədildi. Öyrədilməsinə öyrədildi, amma həyatda görmədikcə, insan qəbul etmək istəmir bu reallığı. Babamı itirəndə altı yaşım var idi və ailə üzvlərimin arasında ən çox sevdiyim, bağlandığım insan olduğunu nəzərə alsaq, mənim üçün onun yoxluğunu qəbul etmək heç də asan olmamışdı. Halbuki uzun müddət xəstə yatmışdı və onu tezliklə itirəcəyimi anlamalıydım. Uşaq ağlımla bir möcüzənin baş verəcəyini, onun bizləri heç vaxt tərk etməyəcəyini düşünürdüm. Amma o getdi, tərk etdi bizləri. Bir daha bu dünyada onu görməyəcəyimi, mənə xoş sözlər deməyəcəyini, saçlarımdan öpüb, ətrini ciyərlərinə çəkməyəcəyini anladığım gün böyüdüm mən.
Ölümündən bir gün əvvəl öz körpə əllərimlə ağappaq saçlarını daramışdım. Səhəri gün onun ruhsuz bədənini gördükdə isə nə edəcəyimi bilmədim. Əllərimə baxdım. Buz kimi olmuş bapbalaca əllərimlə qışqırmamaq üçün ağzımı qapadım. Bu zamansa əllərimə hopmuş ağappaq saçlarının ətrini içimə çəkdim və dodaqlarımdan ixtiyarsızcasına bu sözlər töküldü: “Səni heç vaxt unutmayacağam, unutdurmayacağam!”
İnsan itirmək qorxusu olduğu zaman dəyərini anlayır əlindəki gövhərin. Ona görə qorumağa, əziz tutmağa çalışır qiymətlisini. Vətən sevgimizin qayəsi də məhz budur. Bütün sevgilər kimi yurd sevgimizin altında da yatan yeganə hiss dəyər verdiklərimizi itirmək qorxusudur. Bu qorxu heç kim üçün yaşadığı dörd divar deyil, onun hər küncündə olan min bir xatirədir. Təkcə quru torpaq deyil, onun üzərində olan bizim sevdiklərimizdir vətən. Vətən biz özümüzük əslində. Görən gözümüz, danışan dilimiz. Məkanımızdan asılı olmadan bu sevgi hər zaman bizlədir. Vətən sərhədlərin bitdiyi yerdən başlayır...