Sevgisiz nikahın qurbanı - Bir-birinə xəyanət edən ər-arvad

Sevgisiz nikahın qurbanı - Bir-birinə xəyanət edən ər-arvad
6 fevral 2025
# 15:00

Bu gün görkəmli rejissor Andrey Zvyagintsevin doğum günüdür.
Kulis.az bu münasibətlə Ömər Xəyyamın “Sevgisiz” filmi haqqıda təəssüratını təqdim edir.

Andrey Zvyagintsevin “Sevgisiz” filmi soyuq rənglərlə işlənilib.
Yəni, sevgisizlik rəngində.
Dialoqlar qısa-konkret, dərd ağır, hava da pis...

Moskva. Kamera 12 yaşlı yeniyetmənin dalınca...
Daha doğrusu, Boris və Jenyanın qurbanı, təsadüfən doğulmuş Alyoşa kameranı həqiqətə tuşlayır.

Əlüstü evlənmiş sevgisizlər – Jenya və Boris boşanma ərəfəsindədirlər.

Boris, adətən, evə gec gəlir. Söz-söhbət, təhqir, dava-dalaş...
Sevgisizlikdən əziyyət çəkən, təsadüfən doğulan Alyoşanın yanında ağzına gələni danışan valideynlər uşaqla elə rəftar edirlər ki, deyərsən, onların ağrılarına, bədbəxtliyinə səbəb Alyoşadır.

Alyoşa yaddır.

O, nə uzaq, nə də yaxın - heç bir planda yoxdur.
Anası üçün o, ikiayaqlı səhvdir. Ondan qurtulmaq istəyir. Görməzlik, nifrət...

Əslində, anasından ötrü Alyoşa Borisin özüdür; onun boyu balaca, yaşı az olsa da, - Borisdəndir, xatirədir. Jenyaya özünü xatırladır.

Boris də Alyoşanı görmür. O, heç vaxt Alyoşanın otağına girməz, başını sığallamaz, hal-əhval tutmaz...

Əgər Alyoşa Jenyadan ötrü Borisdirsə, Borisdən ötrü də Jenyadır.

İndi Borisi bir şey maraqlandırır: Boşanmağı şirkətdə necə qarşılanacaq? Kariyerasına təsir edəcəkmi?,

Onlar hər dəfə dalaşanda uşağın gələcəyini müzakirə edirlər. Müzakirə deyəndə ki… Əslində, iksi də öyrənmək istəyir ki, uşaq kimdə qalacaq? Daha doğrusu, bu haqda öyrənmək istəmirlər.

Alyoşa eşidir, görür, fəqət susur.

Və biryolluq qaçır...

Qaça-qaça kadrdan çıxır.

Beləcə, yoxalır…

***

Borisin də, Jenyanın da sevgilisi var.

Üstəlik, Borisin sevgilisi hamilədir.
Məsələn, Alyoşa yoxalan gün onlar əvvəlcə alış-veriş edirlər, sonra qəşəngcə sevişirlər.

Jenya da özünə çəki-düzən verir, makiyajını təzələyir, sevgilisi ilə görüşür.
Onlar əvvəlcə şam edirlər, sonra qəşəngcə sevişirlər.

Bir növ, obrazlar kişi/qadın kimi yox, sırf heyvani instinkt kimi mövcuddurlar. Sevda Sultanova ilə razıyam, personajlar qadın və kişi təyinatlarını yalnız cinsi səviyyədə yaşayırlar.
Təsadüfi deyil ki, cinsi aktlar kölgə effektilə işlənib. Bu münasibətdə seks ancaq fiziki tələbatdır: üzləri görünmür, duyğuları hiss olunmur.

Jenya gecənin ölü sevindirən çağı qayıdır, Alyoşanın otağına baxmır, eləcə yatır...

Və məktəbdən zəng gəlir.
Məlum olur ki, Alyoşa iki gündür məktəbə getmirmiş.

***

Könüllülərdən ibarət axtarış-xilasetmə qrupu, polislər...

Axtarış prosesi Borisə də, Jenyaya da təsir edir. Fəqət dərs alacaqlarmı?

Bu film, əlbəttə, sadə ailə dramı deyil. Andrey mahiyyətcə Rusiyanı, Rusiyanın timsalında həm də bizi göstərir.

Jenyanın köynəyində böyük hərflərlə yazılmış “Rusiya” elə Jenyanın özüdür. Ya da belə: Rusiya Jenyadır – sevgisiz, ruhsuz...

***

Könüllülərdən ibarət axtarış-xilasetmə qrupundan, ara-sıra görünən uşaqlardan başqa filmdə simpatik, sevimli xarakter yoxdur. Obrazların hamı sevgisiz... Məsələn, Borisin yeni sevgilisi onun evə gec gəlməyindən bezib, uşağı axtarmağın mənasız olduğunu deyir. Təsadüfi deyil ki, o özü də növbəti Alyoşaya hamilədir.

Alyoşanın aqibəti müəllimi üçün də o qədər maraqlı deyil.

Alyoşanın aqibəti nənəsi (Jenyanın anası) üçün də maraqlı deyil. O vaxtilə bu münasibətin əleyhinə olub. Alyoşanın yoxalmağı nənədən ötrü özünüsübut zəminidir.

Qayıdaq əvvələ: Jenya yeni sevgilisiylə restoranda...

Səhnə bir ayrı qadının tualetdən dönüşüylə başlayır. Qadın bu qısa yolda ondan tanışlıq üçün nömrə istəyən tanımadığı bir adama rahatlıqla nömrəsini verir.

Bu səhnə filmin havasına, Andrey Zvyagintsev estetikasına tamamilə yad üslubda çəkilib: Qadın birbaşa obyektivə baxır və nömrəsini deyir...

Andreyin qara hərflərlə altını xətləyib cinsiyyətçilik etməyini, bir növ, əxlaq mühafizəkarlığına və bu mühafizəkarlığın görünüşü şıq olsa da, içi başdan-sonacan qəlib, işlənilmiş versiyalarına əl atacağını gözləməzdim.

Məsələn, basmaqəlibin növbətisi: Qatar. Hamının başı telefonda…

Unutmayınız: nikah yatıb durduğunuz adam haqqında rəsmi məlumatdır…

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

15:30 16 iyul 2026
Sem Nilin ölüm səbəbi açıqlandı

Sem Nilin ölüm səbəbi açıqlandı

13:32 16 iyul 2026
Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

11:30 16 iyul 2026
93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı

93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı

18:10 15 iyul 2026
2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı

2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı

16:30 15 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin finalçıları müəyyən edildi

“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyən edildi

14:00 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər