Mədəniyyət Nazirliyinin əxlaq polisləri

Mədəniyyət Nazirliyinin əxlaq polisləri
22 noyabr 2023
# 14:00

Kulis.az Ömər Xəyyamın "...Çatmırdı saqqal darağımız" adlı yeni yazısını təqdim edir.

Deməli, mübarək Mədəniyyət Nazirliyinin təşəbbüsüylə kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb.

Şura ictimai əsaslarla fəaliyyət göstərəcək.

Məqsəd dövlət tərəfindən maliyyələşdirilən, həmçinin istehsal yerindən asılı olmayaraq, ölkə ərazisində ictimai qaydada yayımlanan kinematoqrafiya və digər audiovizual əsərlərin (audiovizual media materialları istisna olmaqla), o cümlədən rəqəmsal platformaların və internet informasiya ehtiyatları vasitəsilə yayımlanan məzmunların qiymətləndirilməsindən ibarətdir.
Qiymətləndirmə kontetin uşaqlar üçün zərərli olub-olmaması, Azərbaycan dilinin, mədəni dəyərlərin qorunması və inkişafına, ümumi estetik tərbiyənin gücləndirilməsinə töhvə verməsi, mövzusunun aktuallığı və mədəniyyətin inkişafının prioritet istiqamətlərinə uyğunluğu kimi meyarlara əsasən aparılacaq.

Səlahiyyət müddəti iki il olan, müvafiq sahə üzrə mütəxəssislərdən təşkil olunmuş Şura ildə azı, dörd dəfə iclas keçirəcək.

Ekspert şurasının fəaliyyətinin təşkili məqsədilə katiblik da yaradılıb.
Katiblik şuranın iclaslarını təşkil edəcək, Şuraya daxil olan müraciətlərin qanunvericiliyin və əsasnamənin tələblərinə uyğunluğunu yoxlayacaq, iclasların keçiriləcəyi vaxt və yer barədə üzvlərə məlumat verəcək.
İclasın gündəliyi, protokolu, uçot, təhlil, ümumiləşdirmə - hamısı katiblikdir.

Üstəlik, Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən bu ilin iyul ayında elan edilən film layihələri müsabiqəsinin pitçinq mərhələsində qalib gələn əsərlər də Ekspert şurasının rəyi əsasında müəyyən olunacaq.

Bəs belə!

…Çatmırdı saqqal darağımız.

Hə də, milli kinonun vəziyyəti, acı bağırsaq kimi uzanan mənasız, səviyyəsiz serialların keyfiyyəti əqli qüsuru olmayanları qane etmir.

İnzibati balta mütləqdir! Özü də mən bu məsələdə lap radikalam. Əmma…
Olmayan şeyi necə baltalayasan…

Hanı kino? Hanı serial?

Mübarək nazirliyin əməkdaşları, tabeliyindəki şöbələr, bu işlə məşğul olan ağsaçlılar milli kinonu elə beşikdəcə boğublar.
İndi də onun ölüsüylə məzələnirlər.

Kino yoxdur!
Kino sənayesi yoxdur!
Müstəqil kinoteatr yoxdur!

Nəynən, Alış?

Kinoya heç bir mənada dəstək yoxdur! Dəstək verənlər də diktə edir.
Kinoya ayrılan pulların hesabatı verilmir! Ümumiyyətlə kinoya nə qədər pul ayrılır, o pul necə yeyilir…
Kino haqqında qanun yoxdur!
Nazirlik dövlətlə kino arasında körpü rolunu oynamalıdır, düzdür, fəqət bizim mübarəklər eləcə oynayır.

Müstəqil, ordan-burdan pul tapan rejissorlara küçələrdə, xəstəxanalarda, parklarda (və sair və ilaxır) çəkiliş icazə verilməlidir, verilmir!

Dron qaldırmaq üçün min iki yüz əlli yeddi yerdən icazə almaq lazımdır...

Kinostudiya? Kinostudiyanın döşəmələri hələ də nöyütlə silinir.

Hələ də “Eurimages”in üzvü deyilik.

Gömrük rüsumları… Birbaşa avadanlığın icarə qiymətinə təsir edir.
Tutalım, 1300 manatlıq detal sifarişçiyə rüsumla birlikdə 3000 manata oturur…

Mesenatımız yoxdur. İş adamları alverçi təfəkkürüylə yanaşır layihələrə.
Yox, məlum, dünyada az büdcəylə, hətta büdcəsiz film çəkənlər də var. Fəqət bizim ölkədə sərbəst film çəkmək üçün şərait də yoxdur axı. Birinci, o şəraiti yaratmaq lazımdır...
Alternativ verməlisən ki, qadağa da qoyasan...


Vəziyyətdən çıxmaq üçün dövlət özü işə qarışmalı, ildə üç-dörd dəfə büdcədən pul ayırmalı, keyfiyyətli layihələrin bədii-vizual həllinə kömək etməlidir.
Fəqət haman pula Mübarək nazirlik nəzarət etməməlidir.

Və sair və ilaxır…

Ekspert şurasının heyəti isə fantastikdir!

Ayaz Slayev, Vaqif bəy Mustafayev, məşhur “Qulp” verilişinin aparıcısı Mübariz bəy… Rasim Balayev… Şəfiqə xanım, Fəxrəddin bəy...

Müasir tendensiyalardan, mövzulardan mil yol uzaq adamlar…

Ən cavanı 55-60 yaşlıdır... Ən cavanı təfəkkürən öz yaşından üç dəfə böyükdür...


Bəlkə də, axırıncı kərə on beş il öncə film izləyiblər. O da çox güman bir rus rejissorunun filmi olub…

Müasir dilə lal, müasir rənglərə kor ağsaqqallar…

Bəs nə! Milli adət-ənənə, əxlaq…

Kinonun qabağına “milli” təyini qoy, yanına da belənçi əxlaq polisləri… sonra da əsl kino gözlə…

Əsl kinonu elə Mübarək nazirlik özü çıxardı: Ekspert şurası.

Yəni öz adıyla “Sovet orağı”.

# 4082 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #