"Emil Quliyevin filminə ötürə-ötürə baxdım" - Sevda Sultanova

"Emil Quliyevin filminə ötürə-ötürə baxdım" - Sevda Sultanova
17 mart 2025
# 13:05

"Mən burada tək olmuşam" psixoloji triller janrının natamam şəkildə təqlididir. Daha çox, hadisələrin getdikcə katastrofik həddə çatması xətti – trillerin qaydalarına uyğun gəlirdi. Ümumən isə triller janrına xas qəfil, gözlənilməz dönüşlər sarıdan boşluq çoxuydu".

Kulis.az xəbər verir ki, bu sözləri kinoşünas Sevda Sultanova teleqram səhifəsində qeyd edib.

Onun sözlərinə görə, baş rolların ifaçıları Hikmət Rəhimov və Azər Aydəmir obrazlarını individullaşdıran fərqləndirici xüsusiyyətləri işləməyiblər.

Emil Quliyevin “Mən burada tək olmuşam” filminə (yutubda var tam versiya) darıxaraq, hətta bəzi epizodları tez-tez ötürərək baxdım.

“Mən burada tək olmuşam” psixoloji triller janrının natamam şəkildə təqlididir. Daha çox, hadisələrin getdikcə katastrofik həddə çatması xətti – trillerin qaydalarına uyğun gəlirdi. Ümumən isə triller janrına xas qəfil, gözlənilməz dönüşlər sarıdan boşluq çoxuydu. Yəni qəhrəmanın - Həsənin necə davranacağını təxmin edirsən. Çünki qəhrəmanın şübhələri dərhal yaranır və bu şübhələr onun nəsə addım atacağı bir triller üçün lazım olduğundan çox qabarıq ifadə edilir, aydın oxunur. Üstəlik, Həsənin, baş vermiş hadisənin izinə düşməsinə səbəb verəcək gözlənilməz detal olmalı və bu, elə şəraitdə meydana çıxmalıydı ki, hekayəyə həqiqi saspens qatsın.

Həsən əvvəldən gözüqıpıq, kompleksli obraz kimi təqdim olunur. Sakit, üzüyola adamın gedişatda monstra dönüşü (ssenaristlər Emil Qulyev, Nurlan Həsnəli, Nicat Muxtarov) çoxdankı fənddir. Amma rejissor Həsənin monstra dönməsi prosesini detallı işləmir. Emil qəhrəmanın gördüyü dəhşətli hadisəni tamaşaçıya göstərmir.

Əvəzində hadisəni tamaşaçıya Həsənin yaddaşından fraqmentlərlə göstərir. Və bunu Həsənin qatilə çevrilməsi üçün yetərli sayır. Həsən qəzəblənir, gərilir, amma bu gərilmə niyəsə ekrandan axıb bir tamaşaçı kimi mənə təsir etmir. Triller janrını sevən və bu janrın bütün istiqamətlərində xeyli film izləyən biri kimi deyirəm, epizodlarda qəhrəmanın psixoloji gərginliyini dərinləşdirən əlavə elementlər qeyri müəyyən, sirli, ürküdücü nələrsə mütləq olmalıydı.

Emilin demək olar ki, bütün filmlərində klaustrofobiya atmosferi var. Kamera personajlardan yayınmır. Belə təsəvvür yaranır ki, personajın içində olduğu situasiyadan, kadrdan kənarda nəsə mövcud deyil. “Mən burada tək olmuşam” filmi də klaustrofobik çəkilib və nəqlin quruluşu belə bir yanaşmaya uyğundur. Lakin Emil asan, rahat çəkiliş metodu seçir. Dünya kinosunda da çox yayılmış, rejissorda zəhmət, çevik yaradıcı düşüncə tələb etməyən çəkiliş metodu. Yəni dediyim kimi kamera personajlardan yayınmır, epizodlar bitkin deyil, əvvəl, orta, son yoxdur; vəziyyətlər, sadəcə, qısa, statik planlarda təsvir edilir, arada rakurslar dəyişir, qəhrəmanın daxili aləmi yaxın,yaxın-orta planlarda onun susması, fikirli olması ilə izah edilir, mənfi qəhrəmanlar isə ümumiyyətlə, açılmır. Bəzən gərginlik yaratmaq səbəbiylə uzun, səssiz planlar verilsə də, bu “nəsə baş verəcək” hissi əvəzinə yoruculuq gətirir.

Operator Orxan Abbasov ilk epizodlarda daha stilistik işləyir, dərin yadlaşma atmosferi yaradır, sonrakı hissələrdə isə sıradan horror filminin ab-havasına keçir.

Nəsibə Eldarova maraqlı xarakter yaratmışdı. Bunu müəyyən mənada Zemfira Əbdülsəmədova haqda da demək olar. Azər Aydəmir və Hikmət Rəhimova gəlincə, hər iki aktyor obrazların düşdüyü vəziyyəti emosional psixoloji cəhətdən yaxşı çatdırır. Amma emosional-psixoloji oyun onları fiziki planda başqalaşdırmır, ənənəvi maneralarını, səs tonunu, intonasiyasını dəyişmir, çünki obrazlarını individullaşdıran fərqləndirici xüsusiyyətləri işləməyiblər.

Sual: Mövzu cəmiyyətimizdə aktualdırmı, nə qədər geniş yayılıb və rejissor bunu universallaşdıra bilibmi?

Bir hadisənin real olması, onun aktuallığı anlamına gəlirmi?

# 222 dəfə oxunub

Oxşar xəbərlər

"The Electric State" filmi tənqid olundu - Səbəb

"The Electric State" filmi tənqid olundu - Səbəb

16:30 17 mart 2025
Rusiyada milyonlarla dollar qazanan film

Rusiyada milyonlarla dollar qazanan film

09:41 17 mart 2025
Xalq artisti Ənvər Həsənov vəfat etdi

Xalq artisti Ənvər Həsənov vəfat etdi

21:02 16 mart 2025
Özgü Delikanlı "Bahar" serialında

Özgü Delikanlı "Bahar" serialında

18:50 14 mart 2025
Murad İbrahimbəyovun yubiley tədbiri keçirilib

Murad İbrahimbəyovun yubiley tədbiri keçirilib

16:45 14 mart 2025
"Prison Break" serialı yenidən çəkiləcək

"Prison Break" serialı yenidən çəkiləcək

16:00 14 mart 2025
# # #