Elçin Musaoğlu: “Mənə gələn məktubları gizlədirdilər” – Müsahibə

Elçin Musaoğlu:  “Mənə gələn məktubları gizlədirdilər” – Müsahibə
11 iyul 2022
# 08:58

Bu gün kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğlunun ad günüdür. Kulis.az bu münasibətlə rejissoru təbrik edir, ona can sağlığı arzulayır və onunla olan müsahibəni təqdim edir.

- Ədəbi mühitdə yaşlı nəsil gənc nəslin irəli getməsinə o qədər də imkan vermir. Kinoda bu barədə vəziyyət necədir?

- Bizdə də var elə adamlar. Çoxdurlar, mən də tanıyıram. Cavanlardan qorxmaq lazım deyil. Yəni mən özümə bu qədər arxayın deyiləm ki, gənclərdən qorxum? Mənə stimul lazımdır. Sevirəm stimulu. Uşaqlar festivallarda iştirak edəndə, bu mənə stimul verir. Görünür, daxilən çox cavanam. Tarkovskinin bir sözü var, deyir, insan içindəki o uşağı diri saxlamağı bacarmalıdır. Vay o gündən ki, o uşaq öldü. Onda insan da qocalır, ölür. Bəzən yaradıcı ölüm fiziki ölümdən tez baş verir. Yaradıcı insan öz qəlbini, düşüncəsini təmiz saxlamağı bacarmalıdır.

Fərqli insanlarla dostluq edirəm. Bir tanışım var göyərçin saxlayır. Çox maraqlı və işinin peşəkarı olan adamdır. Mən də peşəkar insanları sevirəm. Su satsın, amma işinin peşəkarı olsun. Bir dəfə onunla söhbət edirdim. Mənə dedi ki, göyərçinlər hava qatının müəyyən bir hissəsindən sonra gələn çəkisizliyi bir dəfə hiss edəndən, ora bir dəfə gedib dəyəndən sonra həmişə oranın kefi, həvəsiylə yaşayır ki, bir də nə zamansa həmin sahəyə qalxsın. O elə deyəndə, mən sufiləri daha yaxşı başa düşdüm. Sufilər də o uçuşu, eşqi görəndən sonra geri qayıda bilməzlər.

- Bəzi şeylərin cavabı və izahı olmur...

- Elədir. Amma hərdən düşündüyüm bəzi şeylərin cavabını Allah mənə başqa cür verir.

- Bu cavab həmişə hər adama da verilmir. Nadir hallarda, nadir adamlara cavab gəlir.

- Bəli. Özü də Allah heç vaxt insana düzünə cavab vermir. Yadıma gəlmir ki, düşündüyüm nələrəsə cavab birbaşa gəlsin. Dolayı yolla olur. Misalçün simvolik şəkildə bir hadisə baş verir və sən istədiyin cavabı həmin hadisədə tapırsan, cavab alırsan və öz-özünə fikirləşirsən ki, mən bayaqdan bunun haqqında düşünürdüm axı. Sadəcə bir az diqqətli olmaq və qəlbi təmiz saxlamaq lazımdır. Vay o gündən ki, qəlbi kirlətdin. Kiminsə bahalı maşını, ayaqqabısı, paltarı haqqında düşündün. Vəssalam.

- Yaradıcı adamların təmiz qalması sanki bir az çətindir...

- Məncə, yox. Mən çox ölkələrdə olmuşam. İnanın mənə, bir çox yerlərdə adamlar çox təmizdirlər. Oskarlı aktyorlardan, lap elə Leonardo Di Kapriodan gedib kömək istəsən, qarşına düşüb sənə köməklik edər. Düşünməz ki, mən Oskarlı aktyoram. Yəni təkəbbür hissi yoxdur. Bizdə isə sanki adamların başına yeridiblər ki, özündən sonra gələn cavanı vur ki, gəlib sənin yerini tutmasın. Yer məsələsini də mən anlamıram açığı. Biri var Allahın məqamı, bir də var indi bizim oturduğumuz yer, bu masanın arxası.

- Bizdə "məni gəlib keçməsin" fikri əsas götürülür.

- Bəli. Bizdə kino sahəsində elə adamlar var ki, mən onların hərəkətlərindən dəhşətə gəlirəm. Amma kinoya başlayan gənclərə deyirəm ki, siz pis olan fikri yaxına buraxmayın. Çünki enerjinin itməməsi qanunu var. İnsan həmişə yaxşı tərəfi düşünməlidir. İsa deyir ki, bir üzünə vuranda, o biri üzünü çevir. Yaxşıya yaxşı demək çox rahatdır. Əsas məsələ pisə qarşı münasibətdir. Mənim də bəzən hövsələsizliklərim olub. Ancaq mən gəncləri çox istəyirəm. Bu xasiyyət mənə atamdan keçib. Onun tələbələri ilə davranışını görmüşəm, ondan öyrənmişəm. Düzdür, anam da xeyirxah insan idi. Ondan da çox şeylər mənimsəmişəm. Anamın adı çəkiləndə, həmişə kədərlənirəm. Allah ona rəhmət eləsin. İnsan həyatında genetikanın rolu çox vacibdir.

- Tarkovskinin anası dünyasını dəyişəndə gündəliyinə yazır ki, məni hamıdan çox istəyən insan bu dünyadan getdi...

- Ana bizim bu dünya ilə əlaqəmizdir. Yəni, bizi bu dünya ilə bağlayan yeganə şəxs anadır. Hətta mən bir dəfə ekstrasenslərlə bağlı film çəkmək istəyirdim. Onda baxırdım, maraqlanırdım. Görürdüm ki, bizim ətrafımız haqqında informasiya almaq istəyəndə onlar həmişə birinci ananın adını soruşurlar.

- Elçin müəllim, taleyinin yönünü dəyişən qəhrəmanlara münasibətiniz maraqlıdır. Sadə həyat sürən insan birdən qəhrəmana çevrilir və taleyinə özü təsir edir. Qanunauyğunluğun dəyişməsi isə çox vaxt uğurlu həyat vəd etmir. Misalçün, Milli qəhrəmanımız Vəzir Orucov Rusiyada yaşayırdı, hər şeyini atıb Qarabağa gəlməsəydi, sağ qala bilərdi. Amma gəldi, həyatını itirdi, qəhrəmana çevrildi…

- Allah ona rəhmət eləsin. O, böyük adam idi. Vəzirin ovuclarına baxsaydılar, görərdilər ki, taleyi orada yazılıb. Yəni qəhrəmana çevrilməyi, şəhid olmağı ounun alın yazısı olub. Vəzir artıq bura gələndə şəhid olmaq üçün gəlmişdi. Bəzən bir adamın sağlığı heç bir iş görmür, adam da var ki, ölümü ilə milyonları ayağa qaldırır. Polad Həşimov kimi. Allah da deyir ki, sən öləcəksən, amma ölümünlə böyüyəcəksən. Böyük adamlar seçilmiş adamlardılar. Yəni taleyimiz də bizimlə birgə doğulur.

- Orhan Pamuk romanlarını yazmazdan əvvəl sadə insnalarla, kəndlilərlə, torpaq adamları ilə söhbət etməyi, ünsiyyətdə olmağı sevdiyini deyirdi. Sizcə, sadə adamlar hansı həqiqətləri bilirlər və yaxud hiss edirlər?

- Onlar heç nə bilmirlər. Onlar təmiz ruhdurlar. Tarkovski də deyirdi ki, kənddə yaşayan qarı Allaha tam qəlbi ilə yaxındır. Və bu yaxınlıq üçün o, ağıl işlətmir, qəlbi ilə hərəkət edir.

- Tolstoyun “Sergi ata” əsərində də buna bənzər məqam var. Hər cür imkanları olan qəhrəman ağır günah işləyəndən sonra kəndə gedib orada yaşayan sadə qohumu ilə ünsiyyət qurur, ona "mənə həyatı öyrət" deyir...

- Hə, eyni məsələdir. Allah onun yanına inancı ilə gedən insanları sevir. Tanrı bəzən insanları sınamaq üçün çox ağır imtahana çəkir. Həmin sınaqdan çox vaxt meydana şəxsiyyət çıxır. Fransız, rus ədəbiyyatında belə məqamları əks etdirən əsərlər çoxdur. Katorqada olan dustaqlar Tolstoya məktublar yazırmışlar, bildirirmişlər ki, onun əsərlərini oxuyandan sonra dəyişiblər. Hətta katorqadan çıxandan sonra gəlib onu axtarıb tapıblar. Bu adamlar cinayət işləyiblər, adam öldürüblər, amma sonradan dəyişiblər. Tolstoy, Hüqo kimi adamların gördükləri böyük iş budur. Onların bir məktubu, bir sözləri ilə adamların həyatı dəyişə bilir.

- Sizinlə rəqabəti paxıllığa çevirənlər olub?

- Bizim çox yaxşı sənədli filmlərimiz olub. Əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, AzTv-də işlədiyimiz vaxtlar Rafiq Həşimovla çox yaxşı filmlər çəkmişik. Qəpik-quruşla film çəkib festivallara gedirdik. O vaxt üçün bu yüksək hadisəydi. İki uşaq əl-ələ verib elə filmlər çəkirdik. Ona görə, mən indi kinoya başlayan gəncləri yaxşı başa düşürəm, onlara kömək olmağa çalışıram. Çünki özüm peraşki yeyə-yeyə film çəkmişəm. Amma o vaxt bizə gələn məktubları gizlədirdilər. Almaniyadan bizə dəvət gəlmişdi, səfərə iki gün qalmış məktubu mənə verirdilər. Qəsdən gizlədirdilər ki, Elçin festivala getməsin. Mən viza almalı, hazırlaşmalıyam axı. İki günə bunu necə etmək olar?

- Kim idi?

- Adını çəkmək istəmirəm. Dünyasını dəyişib. Yəni paxıllıq edənlər də çox olub. Mən özüm də təəccüblənirəm ki, adamlar bir-birlərindən nə istəyirlər? Adamlar var ki, səndən, məndən və digərindən çox istedadıdır. Amma dünya dağılsa da, o, mənim çəkdiyimi çəkə bilməyəcək. Nə də mən onun çəkdiyini çəkə bilmərəm. Çünki biz ağlımız, ruhumuz, rəngimiz, keçmiş həyatımızla bir-birimizdən fərqləndiyimiz kimi, gördüyümüz işlərələ, çəkdiyimiz filmlərlə də fərqlənirik. Ola bilər ki, mən kimdənsə maraqlı düşünüm. Amma bu o demək deyil ki, qarşıdakı adam mənim başımı kəsməlidir. Sən başqası kimi yaza, film çəkə bilmirsənsə, onu öldürməlisən?

- Bizdə niyəsə kiminsə əsəri, filmi, tamaşası haqqında tənqidi yazı yazanda, həmin yazı da, tənqidçi də pis hesab olunur. Sizcə, tənqidi yazını pis yazı hesab etmək olar?

- Yox. Ancaq tənqid başqadır. Bizimkilər təhqir edirlər. Hüseyn Seyidzadə yaxşı tənqidçi idi. Onun yaxşı bir sözü vardı. Deyirdi, yazı yazanda, vəhşi olmayın. Belə şeyləri danışmağı sevmirəm, amma bizim indiki kino yazarlarını oxuyuram, görürəm ki, nə qədər haqsızlıq edirlər. Çünki mən də bu sahənin içərisindəyəm və ətrafda baş verənlərdən xəbərdaram. Mən görmədim ki, bu adamlar bir dəfə də mədəniyyət nazirinin haqqında yazı yazsınlar. Allah istedadı insana verir və yoxlayır ki, adamlar onu necə istifadə edəcək. Pis işlərə xərclənən istedad gec-tez yox olur.

- Tarkovskinin bütün filmlərində su var. Yağış, bulaq, göl və digər formalarda. Amma o bunu simvol kimi qəbul etmirdi. Sizin filmlərinizdə də simvollar var...

- Tarkovski heç vaxt simvol sözünü işlətmirdi. O, obraz sözünü işlədirdi. Obraz daha geniş anlam daşıyır. Hansısa fikrin, düşüncənin obrazı başqadır. Misalçün, lampanın pəncərədə yanması obrazdır. Lampa gəlin, ev, ocaq və.s. deməkdir.

- “Nabat” filminizdə də lapma, yəni obrazlar var...

- Bəli, Nabat filmdə obrazdır. Bu söz ərəb dilində təbiət, nəbatət deməkdir. Yəni filmdə Nabat dünyanın anası kimi qoyulmuşdu. Bizim filmimizi qəbul edən ölkələr arasında italiyanlar çox həsass yanaşmışdılar. Onlar zalda elə hönkürtü ilə ağlayırdılar ki, mən özüm dəhşətə gəlirdim. Almanalar, yaponlar da çox müsbət qəbul etmişdilər.

- Yapon mədəniyyətinin izləri hiss olunur “Nabat” filmində...

- Hə, mən Kurosavanı, Odzunu çox sevirəm. Tokiyoda olanda, onların hər ikisinin qəbrini tapmışdım. Orda Kurosovanın nəvəsi ilə görüşdüm. O, eynilə babasının cavanlığına oxşayırdı. Ona bunu deyəndə, dedi, hə, mən babamın paltarlarını geyinirəm. Kurosovanın qəbrinə getmək üçün bir saat yol qət etməliydik. Onun məzarı evlərin arasında balaca bir məzar idi. Ancaq mən dedim ki, məsafə nə qədər olur olsun, gedəcəm.

- Nə hisslər keçirdiniz orda?

- Hər iki rejissorun məzarında onları hiss elədim. Misalçün, biz Rafiqlə Azad Mirzəcanzadənin qəbrinə gedəndə də mənim içimdən bir titrəmə keçir.

- Tarkovskinin qəbrini görməmisiniz?

- Yox. Fransada olmuşam, amma həmin vaxt çəkilişlərim vardı, çıxa bilmədim. Rahat bir zamanda mütləq gedəcəm. Aydın məsələdir ki, orda onun paltarı basıdırılıb. Bədən də geyim kimi bir şeydi. O məzarda Tarkovski yoxdur. Amma orada ona olan sevgi, enerji cəmləşib. Həm də oranı ziyarət ustada hörmət əlaməti olaraq salam vermək, təzim etmək kimidir. Ustad, müəllim hər zaman tələbələrin ruhunda yaşayır. Belə sənətkarlar kimlərə ki, müəllimlik edirsə, onlarla da yaşamağa davam edir. Bir də sən kimisə özünə müəllim götürürsənsə, o qoymur səhv yol gedəsən. Mayak rolunu oynayır. Mənim üçün belə adam atamdır. Bilirəm ki, o heç vaxt rüşvət almayıb. Onun üçün belə şeylər faciəyə bərabər idi. Bilirəm ki, tələbərləri, onu tanıyanlar atamı çox seviblər. Onun tələbələri arasında vəzifəli insanlar da çox olub. Onlarla görüşəndə belə deməmişəm ki, filan adamın oğluyam. Atam da deyib ki, demə, işin çətinə düşsə, mənim oğlum olduğunu deyərsən. Bir dəfə bizim işimizə mane olan belə bir adam vardı. Mən bilirdim ki, o, atamın tələbəsi olub, amma heç nə demirdim. Sonra ona bunu deyəndə, o, çox pərt və peşman oldu. Niyəsə həmin məqamda istədim, həmin adamı incidim.

- Qarabağ mövzusu sizin üçün həssas mövzudur.

- Xocalı hadisələri, orda insanların başına gətirilən hadisələri düşünəndə, mən uşaq kimi ağlaya bilərəm. Bu mövzu mənim üçün çox ağırdı (kövrəlir). Bu mövzu ortaya gələndə gücsüzlüyümü hiss etmişəm. Mənə çox deyiblər ki, Xocalı haqqında film çək, imtina etmişəm. Əsəbdən ürəyim dayana bilər.

- Zvyagintsevin bir master-klassının tərcüməsini oxumuşdum. Prodüsserlərə dövlət tərəfindən müəyyən şərtlər qoyulur. Misalçün rus insanının çox içki içməsini filmdə göstərməmək kimi. Bu cür şərtlər konyutkuraya aparıb çıxarır?

- Əslində konyukturadır də. Rusun bir obrazı var, rejissorlar da yapışırlar o obrazdan. Tarkovski kimi çəkirdi? O, tamam başqa şeylər çəkirdi axı.

- Amma Zvyagintsev deyir ki, əgər mən bununla mənəvi, vicdani cəhətdən barışmışamsa və dramaturgiyanı bu kimi məsələlər təşkil edirsə, bunu etməliyəm. Mən rahatamsa, onlar da rahat olsunlar.

- Mən bu barədə onunla razıyam. Zvyagintesvlə mənim çox yaxşı münasibətim var. Bir dəfə festivalda rastlaşmışıq, ondan sonra yaxşı münasibətimiz yaranıb.

- Sizin başqa ölkədə yaşamaq çanslarınız da olub. Amma getməmisiniz...

- Çox olub. Amma bir dəfə olmayıb ki, ölkəmin əleyhinə davranım. Yadıma gəlir. Bir dəfə Almaniyada festivalın direktoru mənə dedi ki, sizin ölkədə avtoritar rejim var. Onun bu sözü mənə çox toxundu. Mən bilmirəm, harda yaşayıram, necə yaşayıram? Onun deməsi isə məni incitdi ki, siz məni bura ölkəmə görə cavabdehliyə çağırmısınız, ya rejissor kimi dəvət eləmisiniz? Onda mən onlara lazımi formada davrandım. Davranışımla da göstərdim ki, mənimlə bu cür formada danışa bilməzlər.

- “Nabat” filmində qadın kənddəki evlərin işığını yandırmaqla düşmənin kəndə girməsinə mane olur. Milli Qəhrəman Yusif Mirzəyev də Ağdərəni saxlamaq üçün on beş gün mübarizə aparıb. Bir maşında hər gün Ağdərənin içində on, on beş əsgərlə gəzib, ratsiya ilə yüz nəfərlik yemək, siqaret istəyirmiş. Məlumatınız vardı?

- Bu barədə bilməmişəm. İndi sizdən eşidirəm. “Nabat”da qadın qəhrəmanlıq etmək istəmir. Onun yaşadıqları sırf insani hisdir. Çünki Nabat o kənddə böyüyüb, evi, ocağı orda olub. O, evini həmişə işıqlı görüb. Ona görə də hər dəfə şər qarışanda işığını yandırmalı olduğunu hiss edir. Mənim yadıma gəlir ki, uşaq vaxtı kənddə gedəndə, nənəm qonşuluqdakı yarıuçuq bir ev həmişə diqqətimi cəlb edirdi. Evdə vaxtilə Lalə adlı qadın yaşamışdı. Nənəm çox simvolik danışırdı. Bir dəfə həmin evə baxıb dedi ki, bala, o evin işığı çoxdan sönüb. Mən uşaq idim deyə, soruşurdum ki, ay nənə, işığın məftillərini kimsə qırıb? Deyirdi, yox, ay bala, adamsız ev, xaraba kimidi. O evdə heç kim yaşamadığı üçün ev sanki ölmüşdü.

- Hiss olunur ki, uşaqlıq illərinin sizin də həyatınızda çox böyük rolu var.

- Elədir. Mənim indiki bütün yaradıcı qaynağımın əsası uşaqlığımdan gəlir. Həmişə çalışırdım ki, uşaqlarım da kəndə getsinlər. Onlara deyirdim ki, ayaqqabılarınızı çıxarıb ayaqyalın gəzin. Özüm də uşaq olanda, çox istəyirdim ki, kənd uşaqlarına oxşayım. Onlar nə geyinirdilərsə, mən də istəyirdim elə geyinim. Onlar kimi qənd, çörək yeyirdim (gülür). Sizə bir söz deyim. Bu milləti saxlayan, diri tutan bu millətin qadınıdır. Bu birmənalı şəkildə belədir. Bütün ötürücü, yaddaş funksiyasını yerinə yetirən qadınlardı. Bu ölkənin qadını olmasa, heç nə alınmazdı. Bu ölkədə ən güclü qadındır. Buna əminəm.

Mənim nənəm ensklopediya idi. Halbuki, iki, üç sinif oxumuşdu. Atam dünyaya gələn kimi babam müharibəyə getmişdi. Amma o qadın nə qədər nağıl, dastan bilirdi, təsəvvür edə bilməzsiniz. Yadıma gəlir ki, yayda nənəm, mən və bacım eyvanda yatırdıq. Biz göydəki ulduzlara baxırdıq, nənəm də bizə nağıl danışırdı. İndi hərdən o günləri xatırlayıram, deyirəm, İlahi, görəsən, o günləri necə geri qaytarmaq olar? Bəzən nənəmin böyrü ağrıyırdı, bacım tərəfə çevrilirdi. Mən onun belinə toxunurdum, deyirdim, mənə bax. Sonra bacım deyrdi nənə üzünü mənə çevir. Mən nağılları çox sevirdim. Düşünürəm ki, bu sənəti sevməyimdə nağılların çox böyük rolu oldu. Kitabxanalarda nağıl kitabları, dastanlar qalmamışdı. Hamısını almışdım. Mən uzun müddət nağıllara inandım (gülür).

- Bəlkə də nənəniz yorulanda, nağılların çoxunu uydururmuş...

- Hə, danışırdı, danışırdı, sonra biz ona deyirdik ki, nənə, axı belə nağıl yoxdu. Sonralar mən özüm də uşaqlarıma nağıl danışanda, həmişə improvizələr edirdim. Evimizdə kukla teatrımız da vardı. Anaları onlara nağıl oxuyur, mən də kuklalarla tətbiq edirdim. Çünki sonradan gördüm ki, onlar nağıl mərhələsini keçiblər. Artıq nağılların vizuallığını istəyirlər.

- Sonralar incəsənət sahəsinə meyllənmədilər?

- İstəmədim, mənim peşəm üzrə getsinlər. Uşaqlarımın ikisinə də dedim ki, bu sahədə atanız var, bəsdir. Xahiş edirəm, başqa peşə seçin.

- “Nabat” filmində vizuallığa, bər-bəzəyə çox üstünlük verdiyinizdən filmin əsas ideyasının alınmaması, itdiyi barədə fikir səsləndirənlər də var. Nə dərəcədə razısınız?

- O filmdə bəzək yox idi. Əgər “Nabat”ın ayrı-ayrı rakurslardan çəkilməsini deyilərsə, onda izah verim. Bu sinemadır. Misalçün, biz rəssama deyə bilmərik ki, sən bu rəsmi niyə filan rakursdan çəkmisən. Hər bir müəllifin yanaşma tərzi var. Filmdə 40-cı dəqiqədən sonra qadın, ümumiyyətlə, danışmır. Rejissorun bu yanaşmasını başa düşmək olar, bəs tamaşaçını bu sükutdan sonra nə ilə saxlamaq olar? Filmin ritmi olmalıdır. Görüntü də böyük ritm yükü daşıyır. Sinemanın birinci ifadə vasitəsi görüntüdür. Tarkovski deyirdi ki, ssenari ədəbi mətnlərin, ədəbiyyatın xarabalığı üzərində qurulur. Sinemada ədəbiyyatı nə qədər bacarırsan, öldürməlisən. Bundan sonra sinema yaranır, doğulur. Tamaşaçıya ədəbiyyat lazım olsa, kitab oxuyar. Ona sinema lazımdır. “Nabat” filmində də mənim üçün ən maraqlı olan sükutun ritmi idi. Bir saat on beş dəqiqə filmdəki adamlar danışmır, amma tamaşaçılar oturub bu filmə baxır. Festivallarda filmin seyri zamanı ən çox zövq aldığım məqam filmin bitməsi, ekranın qaralmasıdır. O zaman adamlar bilmir nə etsinlər, əl çalsınlar, yoxsa sussunlar. Film hamını alıb aparır, adamlar yaxşı mənada özündən gedib. Almanlar çox gözəl yazmışdılar “Nabat” filmi haqqında. Mən hətta oxuyanda, utanırdım. Bilgə Ceylanı, onun “Kış uykusu” filmini çox aşağılamışdılar. Bir alman filmə baxandan sonra mənə demişdi ki, filmə baxarkən mənim ürəyimin ritmi dəyişdi. Qəribədir ki, mən də çəkiliş heyətinə demişdim ki, uşaqlar tamaşaçı bu filmə baxanda ürəyinin ritmi dəyişməli, filmlə eyni ritmə düşməli, döyüntüsü fərqli olmalıdır. Məhz bu məqam mənim üçün çox vacibdir.

- Bir sənət adamı üçün ən vacib olan nədir?

- Ruhu qorumaq sənət adamı üçün çox vacibdir. Komfort içərisində, villalarda yaşayıb, sonra əzab-əziyyət haqqında film çəkmək mümkün deyil. Səmimi olmur həmin filmlər. Tarkovski cəmi yeddi film çəkib, amma görün necə filmlər çəkib. Onun gündəliklərini oxuyuram, o, nə qədər mənəvi, maddi sıxıntılar çəkib. Ən böyük namərdlikdir insanı maddi sıxıntı içərisində qoymaq. İnsanın çörək yeməyə pulu olmalıdır. Tarkovski bu sınaqlardan keçib. Ona görə onun filmləri o qədər güclüdür. Bir də insan özü ilə tək qalmağı bacarmalıdır. Mən özümlə qalmaqdan heç vaxt darıxmıram. Günlərlə, saatlarla özümlə qala bilərəm.

- Vaxt olur?

- Olur. Şükür Allaha, ailəm də bilir ki, mən hərdən tək qalmalı, ruhumu təmizləməliyəm.

- Yenə bayaqkı Azərbaycan qadını məsələsinə gəldik...

- Hə. Bu çox vacibdir ki, qadın həyat yoldaşını anlasın. Onun kim olmasını, hansı işlə məşğul olduğunu bilsin. Mən tək qalanda, özüm üçün yaratdığım dairədə olanda çox düşünürəm. Oxumaq, yazmaq, çəkmək qədər yaradıcı insan üçün düşünmək də çox vacibdir. Düşüncə ilə elə yerlərə gedib çıxırsan ki, həyatın boyu oralarda gəzişə biləcəyin ağlına gəlməz. Göyərçinlərin gedib çatdığı, sonra təkrar çatmaq istədikləri yerlər kimidir bu.

- Həyatınızın və yaradıcılığınızın hansı mərhələsindəsiniz?

- Mənə öyrədiblər ki, səndən nə soruşsalar, həmişə de ki, hər şey gözəldir (gülür). Amma həqiqətdə elə deyil. Sinema ilə çinovniklər məşğul olmamalıdır. Kino mərkəzi yaranmalıdır. Sinemaçılar bir-birlərini tanıyırlar. Onlar özlərinə bir əhatə yaratmalı, ora bildikləri rəhbəri təyin etməlidirlər. Mənim Gürcüstanda dostlarım var. Onlar kino mərkəzi yaradıblar. Orada üç il rəhbər olan adam özü film çəkə bilməz. Əmisi oğlu, qardaşı da çəkə bilməz. Bu çox yaxşı prinsipdir. Yəni, o adam artıq çinovikdir. Və çinovnik film çəkə bilməz.

Adam övladlarından, yaxınlarından rahat olandan sonra işləriylə məşğul ola bilir. Düşünürsən ki, Allah onları qoruyur. Hərdən dostuma deyirəm ki, mənim üçün ən böyük sirr duadır. İslam dinində Allahla ünsiyyətə girmək üçün vasitəçiyə ehtiyac yoxdur. Ona görə, dua və inanc insanda özünə inam, arxayınlıq yaradır. Güclü edir. Mən bu gücə inanıram. Heç nədən də qorxmuram. Əgər yolumun üstə bir maneə də varsa, deməli, bu da lazımdır və bunu da keçməliyəm.

Foto: İlkin Nəbiyev

2020/ iyul

# 4315 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #