Uşaqlıq xatirələrimin əksəriyyəti birbaşa, yaxud dolayısıyla, Yazıçılar İttifaqıyla bağlıdır. Zaman vardı ki, İttifaqın iki dənə yaradıcılıq evi vardı – biri Şüvəlanda, ikincisi Şuşada...
Hər il oralarda dincəlirdik – bir ayını Şuşada, ikincisini Şüvəlanda. İstirahət vərəqəsi İttifaqın üzvləri üçün pulsuz, ailələri üçün 75 faiz güşəştli idi... Atalarımız gündəlik məişət, həyat qayğılarından azad olub, əllərinə qələm götürür, ədəbiyyatımızın tarixinə öz adlarını xırda-xırda yazırdılar... Biz də dincəlirdik – uşaq üçün ata-anası, bacı-qardaşlarıyla bir yerdə dincəlməkdən yaxşı nə ola bilər ki?..
Yazıçılar Evi deyirdilər oralara. Və ev gözündə gördüyümüz, bizim üçün müqəddəs sayılan o yerlərin gözəl aurası vardı – həmin bu aura sözünü o zamanlar heç bilməsək də...
O dövrün kitablarına - romanlarına, povestlərinə, poemalarına baxsanız, əksəriyyətinin sonunda mütləq bir qeyd görəcəksiniz: Şuşa... Şüvəlan... Maleyevka... Peredelkino... Yaradıcılıq evləri həqiqətən yaradırdı. Qələm əhlini bir yerə toplayıb, aralarında bir səmimiyyət, bir ünsiyyət, bir sağlam rəqabət yaradırdı.
Bilirsiniz hansı rəqabətdən danışıram? Səhər tezdən, aşpazımız Səkinə xala yekə mis qazanını çömçəylə döyə-döyə, bizi yeməyə çağırmamışdan, həyətdəki köşkün sərinliyində gecə yazdığını dostlarınla daha tez-tez bölüşmək naminə girişdiyin rəqabətdən...
Onda hələ yaşadığımız hər günün tarix olduğunun fərqinə varmırdıq. Varsaydıq, hər anını yaddaşlarımıza elə köçürərdik ki, zamanın zavalına uğramasın və cavanlarımızla bölüşə bilək...
Bu evlər həm də ziyalılıq məktəbi idi. Başqa necə ola bilərdi ki? 6-7 yaşlı uşaq Əli Vəliyev, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Mirzə İbrahimov, Bayram Bayramov, Məmməd Rahim, Osman Sarıvəlli, Süleyman Rəhimov və bu pleyadadan olan başqa nəhəng şəxsiyyətləri bir arada, məişət şəraitində, cəmiyyət içində, ailədə görərək, bir-biriylə davranışını daha harda izləmək mümkün idi ki?
Görmək işin yarısıydı, həm də götürmək lazım idi axı... Və götürürdük də. Beləcə, formalaşdıq, beləcə, adam olmağa çalışdıq... Adam ola bildiksə, “Yazıçılar Evi” adlanan böyük həyat universitetini bitirərək, olduq...
Sizə indi təqdim edəcəyim kiçik xatirə də, əslində bir bəhanədi ki, o mühitə, o insanlara, o münasibətə olan sevgimi rəsmən izhar edim. Amma keçək bəhanənin özünə...
1965-ci il... Atam “Ədəbiyyat və İncəsənət” qəzetinin məsul katibi idi. Bu işi bilənlər – bilir, bilməyənlər üçün izah edim ki, qəzet əllə yığılan vaxtlarda, işin yiyəsi məsul katib idi. Özümü dərk edəndən anlamışdım ki, həftənin bir günü ata mənim deyil, mətbəənindi... Amma, adamın Allahı var, yayda məzuniyyətini mütləq verirdilər. O da işi yoldaşlarından kiməsə, ən çox da Ayaz Vəfalıya tapşırıb, dincəlməyə gedirdi... Mətbəənin qurğuşun, qurum qoxuyan fəzasından qurtulub, bir aylıq dağlar qoynuna, Şuşaya çıxmaq az iş deyildi vallah!..
İstirahətimizin şıdırğı vaxtıydı. Günlərin birində, səhər-səhər poçtalyon gəlib, hay saldı ki, Əlfi Qasımova məktub var. Başda atam olmaqla, hamımız təəccüb qaldıq – axı kim idi İstirahət Evinə məktub yazan?.. Konverti açdı, məktubu əvvəlcə ürəyində oxudu, ucadan “Ay cüvəllağılar!” – deyib, gülümsündü və anama müraciətlə, “Qaraqız, sən də eşit, gör nə yazıblar mənə!” söylədi və bu şeri avazla oxudu:
SƏN-BİZ
Sən keyfə baxırsan o sərin Şişədə, Əlfi,
Biz qovruluruq istidə, əndişədə, Əlfi!
Ehsan eləmiş suyun sənə İsa bulağı,
Biz tapmayırıq içməyə bir şişə də, Əlfi!
Sən məsti-xumarsan yüz ağac kölgəliyində,
Biz zəhr uduruq mətbəə tək guşədə, Əlfi!
Burda havanın istiliyi qırxı keçibdir,
Ərz eylə, görək neçə olar meşədə, Əlfi?
Əmlik quzulardır, bilirik şamu-nəharın,
Gillət ki, cəfa düşməsin heç dişə də, Əlfi!
Vur, vur arağı, sən sarıdan arxayınıq biz,
Ad-san qazanıbsan bu çətin peşədə, Əlfi!
Sən ki, nə yeyirsən, bizi yad ilə yeyirsən,
Allah da gərək özü sənə nuş edə, Əlfi!
Qabil İmamverdiyev, Ayaz Vəfalı
16 iyul, 1965 Saat 11.55, mətbəə.
P.S. Bu şeri atam dünyadan köçəndən sonra tapmışam və deyirəm ki, yaxşı qalıb. Barı o günlərin dadını, nəşəsini bir anlıq da olsa, damağımda duydum...
İlqar Əlfioğlu