Lələtəpə səltənəti – Hüseynbala Mirələmovdan yeni hekayə

Hüseynbala Mirələmov, yazıçı

Hüseynbala Mirələmov, yazıçı

19 aprel 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Hüseynbala Mirələmovun “Lələtəpə səltənəti” adlı yeni hekayəsini təqdim edir.

Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın unudulmaz xatirəsinə ithaf edirəm

Bu müharibə hekayətini İkinci Qarabağ savaşında yaralanıb ordudan tərxis olunmuş bir döyüşçü danışıb. Daha doğrusu, birgə iştirak etdiyimiz tədbirdə gənclərə müharibə xatirələrini danışanda eşitmişdim.

Məlumdur ki, müharibənin hər anı qeyri-adi hekayətlərlə əbədiləşir. Bu müharibə əhvalatlarını çox vaxt maraqla dinləsək də, bəzən təbii hesab edir, bəzən ölümlü sonluqlara görə təəssüflənir, bəzən də gənclərimizin qəhrəmanlıqlarından qürurlanırıq. Beləcə, müharibə bizim yaddaşımızda yaşamaqda davam edir.

Amma istefada olan hərbçimizin danışdığı “Lələtəpə Səltənəti” əhvalatı həm də adına görə diqqətimi cəlb etdi. Necə yəni, Lələtəpə Səltənəti?

Bu ifadəni unuda bilmirdim. Elə hey yaddaşımda dövr edir, məndən ayrılmırdı.

Səltənət könüllü olaraq döyüşə getmiş şəfqət bacısı kimi şərəfli bir missiya ilə müharibədə iştirak etmiş gənc azərbaycanlı qızın adıdır.

***

İkinci Qarabağ savaşı nə qədər gözlənilən olsa da, insanların düşüncəsində şimşək kimi çaxdı. Müharibənin başlanma xəbərini hərə bir cür qarşıladı. Bu xəbərdən sonra elə bil ki, hər kəs özü haqqında düşünür, mövqeyini seçirdi.

Səltənət universitetin birinci kursunda, hüquq fakültəsində oxuyurdu. Atası Murtuza Zərgərli polis mayoru idi, Bakının rayonlarından birində işləyirdi. Murtuza аrvadı Fatimə ilə çiyin-çiyinə iki oğul, bir qız böyütmüşdü. Oğlanlarını yerbəyer etmişdilər, hər ikisi ev-eşik sahibi olmuşdu. Murtuza Zərgərli də oğlanlarının fərasətinə baxıb qürurlanır, arvadına da hərdən sataşırdı:

– Görürsən, ataya çəkmək belə olar.

– Nə olar, lap yaxşı. Deyirsən, mənim heç payım yoxdu? – Bunu da Fatimə əri Murtuza Zərgərlinin sözünü cavabsız qoymamaq üçün deyirdi.

– Yox e, mən sənin zəhmətini danmıram, Fatimə. Amma...

– Daha nə amma? Sözünün Məmmədvəlisini de.

– Deyirəm e, Fati, elə deyil ki, səndən gizləyim.

– Yaxşı, açıq danış, canım – Fatimə evdə çox vaxt ərinə elə “canım” deyirdi.

Murtuza Zərgərli də arvadının ona “canım” dediyinin arxasında nə dayandığını yaxşı bilirdi. Həmişə “canım” müraciətindən sonra aralarında tufan qopurdu.

İndi Murtuza Zərgərli söhbəti uzatmamaq üçün “amma”sını tez açıqlamalı oldu:

- Fatimə, elə bil “amma” yoxdu, ancaq mən bu qızdan nigaranam. Orta məktəbi qurtaranda, ad günlərində aldığımız hədiyyə, qızıl-zinət əşyalarına heç gözünün ucu ilə də baxmır. Orta məktəbi qurtaranda dedik həkim olsun. Dedi yox, mən hüquq fakültəsinə girəcəyəm.

– Nə olsun, canım, yaxşı ali təhsil alar. Özü də çox gözəl oxuyur. Bir işin qulpundan yapışar.

– Yox e Fati, mən danışdırmışam, deyir, gərək prokuror olum.

Əlbəttə, bunu Fatimə də bilirdi, ona görə təəccüblənmədi:

– Olsun da. Prokuror olsun, dünya dağılacaq? O qədər qadın hüquq işçisi var ki, biri də bizim Səltənət.

Fatimə, deyəsən, söhbəti yekunlaşdırmaq istəyirdi. Amma Murtuza Zərgərli sözü bu yerdə bitirmək fikrində deyildi. Qızı sarıdan narahatlığını axıracan çatdırmaq fikrində idi:

– Nə deyirəm, olsun. Axı orta məktəbi bitirəndə gələn elçilərə də “yox” dedi. Gül kimi oğlanlar idi. Ataları da yaxşı iş-güc sahibləri.

– Nə bilim, canım, qoy görək də...

Murtuza Zərgərli daha söhbəti uzatmadı. Geyinib evdən çıxdı.

***

Axşamtərəfi idi. Qızı indilərdə qapını açacaqdı. Fatimə narahat deyildi. Onun yeməyini hazırlayıb mətbəxdə hər cür tədarük görmüşdü. Ona görə də televizorun qabağında yerini rahatladı, çoxdan bəri izlədiyi seriala baxmaq niyyətində idi.

Elə ananın düşündüyü kimi bu vaxt qapının zəngi çalındı. Fatimənin bir gözü televizorda idi. Serialın adı artıq ekranda görünürdü. O tez qapıya gedib zənciri çəkdi, açarı burdu. Qapı açılan kimi qızı Səltənət qapının ağzında onunla üzbəüz gəldi.

Səltənətin qeyri-adi görkəmi Fatimənin nəzərlərindən yayınmadı. Elə bil ki, qız pörtmüşdü. Nəysə bir təlaşı da hiss olunurdu.

– Nə olub, ay qızım, niyə bu görkəmdəsən?

– Nə görkəmdəyəm ki?

– Yox, yox. Mən görürəm, sən həyəcanlısan. Nəsə təlaşın var. Bəlkə, küçədə, yolda kimsə...

– Ay ana, elə bir şey yoxdur.

– Yaxşı, gəl, gəl içəri. Naharın hazırdır, mətbəxə keç.

– Yox, əvvəlcə bir üzümə su vurum.

– Hə, nə olar, lap yaxşı. – Fatimə daha ekranın qabağına qayıtmadı. Çünki qızının təlaşından narahat olmuşdu. Səltənət yuyunub qurulandı. İndi yadına düşdü ki, heç günorta da heç nə yeməyib.

Fatimə qızının arxasınca mətbəxə gəldi. Ona yemək çəkdi.

Anasının bişirdiyi şorbadan bir-iki qaşıq aldı. Çörəklə pomidor-xiyar salatı da yedi. Deyəsən, özünə gəldi. Anasının nigaran baxışlarından anladı ki, o, Səltənətin söhbətini gözləyir. Birdən qaşığı nimçənin kənarına vurmaqla sanki tərəddüdlərini qovdu. Anası ilə açıq danışmaq qərarına gəldi:

– Ana, bilirsən də, neçə gündür müharibə gedir. Bu, əvvəlki savaşlara bənzəmir. Açıq-aşkar hiss olunur ki, bu savaşda Vətənin taleyi həll olunur.

– Vətənin taleyinin sənə nə dəxli, ay bala? Sən ki, kişi deyilsən?..

– Necə yəni, mənə nə dəxli? Mən bu Vətənin övladı deyiləm? Axı, Vətənin müqəddəratı həll olunanda nə kişi nə qadın?

– Olsun, lap yaxşı. Biz də nigaranıq. Atan deyir ki, gərək müharibəyə də kömək edək. Yəqin ki, bu yaxın günlərdə maaşından ayıracaq. Əsgərlər üçün vacib olan şeyləri alıb göndərəcək.

– Yox e, ana, bu can savaşıdır, nəsə alıb göndərməklə işimiz bitir ki?

– Axı bunların sənə nə dəxli? – Fatimə lap darıxdı - Bizə dua etmək qalır. Dua edərik ki, əsgərlərimizə Allah kömək olsun.

– Biz özümüz kömək etməsək, Allah nə kömək edəcək?

– Atan kimi söhbəti çox uzatma, sözünün “Mustafasını” de.

– Hə, madam ki, belə oldu, mən sözümün “Mustafasını” deyirəm. Müharibəyə gedəcəm. Qrupumuzdan bir neçə qızla danışmışıq. Lap doğrusunu bilmək istəsən, çağırış məntəqəsinə gedib ərizə də yazmışıq.

– Vay, biz ölmüşük ki, sən özbaşına gedib ərizə yazasan?

– Ana, söhbət bitdi. Mənə xeyir-dua ver, “yaxşı yol” dilə...

Murtuza Zərgərli axşam evə gələndə söhbət bir də təzələndi. Ərinin əsəbi davranışı da vəziyyəti dəyişə bilmədi. Bircə onu dedi ki, bu kimə çəkib, mən bilmirəm. Və bu sözləri deyəndə, əlbəttə, arvadı Fatiməni də başdan-ayağa gözdən keçirdi. Fatimə də çiyinlərini çəkdi.

Murtuza bir az sakitləşdi. Əslində, sakitləşməmişdi, özünü zor-güc ələ almaq istəyirdi. Səsinin də əsəbi tövrünü dəyişərək söhbəti mübahisədən çıxarmaq niyyəti ilə asta-asta dilləndi:

– Qızım, getmək üçün ərizə verib sonra bizi razı salacaqsan?! Bərəkallah! Amma eybi yoxdur, voyenkom mənimlə tanışdır. Zəng vurub başa salaram ki, qız lap uşaqdır, hələ neylədiyini bilmir. Özü də Bakı Dövlət Universitetinin birinci kurs tələbəsidir. Heç kim onu dərsdən ayıra bilməz.

Səltənət ayağa qalxıb hirslə:

– Yox, ata, mən artıq qərarımı vermişəm.

Murtuza təcrübəli polis məmuru idi. İşlədiyi bu 30-35 ildə nə cür hadisə desən, şahidi olmuş, nə cür üzlər desən görmüşdü. Ancaq doğma qızının gözəl üzündə gördüyü qətiyyəti indiyədək heç kimdə sezməmişdi. Ona görə də dönüb aciz-aciz arvadının üzünə baxdı:

– Fatimə, sən Allah, bu qız nə danışır?

– Sən məndən soruşursan – deyə Fatimə hirslə ərinin üzünə baxıb onun xeyli yumşaldığınа etiraz əlaməti olaraq səsini bir az da qaldırdı: - Sən məndən soruşursan, yoxsa mən səndən soruşuram?!

Əri də eyni hirslə:

– Əlbəttə, mən səndən soruşuram. Anası sən deyilsən məgər?!

Bu zaman qaçıb qonşu otaqda çarpayıda üzüüstə yıxılan Səltənətin ağlamaq səsi eşidildi və ərlə arvad sarsılmış halda bir-birlərinin üzünə baxdılar.

... Səltənət şəfqət bacısı kimi hərbi hissəyə gələndə artıq peşəsi üçün lazım olan bütün məlumatları öyrənmiş, hətta hərbi qospitalda da qısamüddətli kurs keçmişdi. Bir həftəlik hazırlıq ona bəs etmişdi.

Bu o vaxt idi ki, Azərbaycan Оrdusunun ön hissələri artıq Xudafərinə çatmaqda idi. Suqovuşanda da qanlı çarpışma gedirdi. Düşmənin sərt müqavimətinə baxmayaraq Suqovuşan da işğaldan azad edilmişdi.

Əlbəttə, ermənilər asanlıqla təslim olmaq fikrində deyildilər. Ona görə də Aprel döyüşlərində azad edilmiş Lələtəpəyə hücum planlaşdırırdılar. Onlar istəyirdilər ki, Lələtəpəni təzədən geri almaqla hücumda olan ordumuzun əlaqəsini kəsib hərbi hissələrimizi mühasirəyə salsınlar. Ancaq görünür, ermənilərin bu hiyləsindən komandanlığın xəbəri vardı. Ona görə də Lələtəpə istiqaməti kifayət qədər möhkəmləndirilmişdi. Artıq neçə gün idi ki, Lələtəpədə əsgərlər Səltənətin özünü tanımışdılar. Səltənət də bir yerdə sakit durmurdu. Ayrı-ayrı səngərlərə girir, əsgərlərin ovqatını soruşur, onlardan hal-əhval tuturdu.

Əlbəttə, belə görüşlər vaxtı gənc hərbçilər zarafatsız da ötüşmürdülər:

– Bu, Lələtəpənin Səltənətidir, biz onu düşmənə vermərik.

Səltənət də bu sözlərdən qürurlanırdı.

Sakitlik çox çəkmədi. Kəşfiyyatçılar xəbər gətirdilər ki, düşmən Lələtəpə istiqamətinə ağır toplar cəmləyir, minaatanları çəkib gətirirlər.

Komandir az vaxt içərisində səngərləri gəzdi. Əsgərlərin döyüş ruhunu müşahidə etdi. Səltənət də onun yanında idi. Gənc qız hansı səngərə ayaq qoyurdusa, elə bil ki, əsgərlərin üzünə gün düşürdü. Hətta kiminsə həyəcanı olsa belə, tez-tələsik özünü cəmləyir və inamla dayandıqlarını nümayiş etdirirdilər.

…Axşam oldu, sakitlik hələ davam edirdi. Səhərə yaxın ilk mərmi partlayışı yeri-göyü tərpətdi. Dalınca da minatanın səsi... Aləm bir-birinə qarışmışdı. Kimsə Səltənəti çağırdı:

– Bacı, hardasan?

Elə bil ki, Səltənət yerdən çıxdı:

– Mən buradayam, komandir.

Leytenant Qasımzadə qızın belə cəld cavabından az qala təəccübləndi. Xəyalından keçənləri dodaqaltı deməkdən də çəkinmədi:

– Elə bil ki, zalımın qızını anası elə səngər üçün doğub, – sonra da şəfqət bacısını diqqətlə süzüb – Səngərləri yoxla, gör yaralanan varmı?

– Baş üstə, cənab komandir.

Səltənət əsgəri qaydada təzim edib səngərlərə tərəf qaçdı. Komandir hələ cavab atəşi açmaq haqqında əmr verməmişdi. Kapitan Həmidov düşmənin hərəkətini diqqətlə izləyirdi. Onsuz da hava işıqlaşmaqda idi. Düşmən özünə güvənli görünürdü. Çünki Lələtəpə boyunca dağın sinəsinə doğru piyadalar irəliləməkdə idilər. Kapitan Həmidov ona yaxınlaşan Qasımzadəyə mövqeləri göstərdi:

– Diqqətlə bax, qoy, hələ bir az da yaxına gəlsinlər. Əsgərlərə xəbər ver ki, əmri gözləsinlər.

– Baş üstə, komandir, bildim, əmri gözləmək!..

Leytenant Qasımzadə sürətlə xəndək boyu irəliləyərək əmri gözləməyi tapşırdı.

Erməni əsgərləri çəyirtkə sürüsü kimi dağın sinəsinə daraşmışdılar. İrəliləyirdilər. Sərrast avtomat atəşləri məsafəsinə çatanda kapitan Həmidovun gur səsi eşidildi: “Atəş”. Üç dəfə “atəş” sözünü təkrarladı:

– Atəş, atəş, atəş!

Ermənilərin ön dəstələri bir anda şil-küt oldu. Az-çox sağ qalanlar daldalanıb gizləndilər. Bu vaxt onlar yenidən top atəşlərinə rəvac verdilər. Doğrudur, bu atəşlərin çoxu səngərləri tutmurdu. Çünki kifayət qədər müdafiə tədbirləri görülmüş, xüsusilə top mərmilərinə davamlı beton örtüklər qurmuşdular. Səngərin önündə düzülmüş qum kisələrinə dəyən güllələr, mərmilər elə ordaca batıb qalırdı. Daha bir top mərmisi beton zirzəminin üstündə partladı. Qəlpələr ətrafa səpələndi. Əsgərlərimizin içindən kimsə inildəyib üzü üstə yerə düşəndə yaxınlıqdakı əsgər:

– Bacı, hardasan, gəl, yaralı var – deyə çığırdı.

Səltənət yaxınlaşdı və sübhün işığında əsgərin tez yaxasını açıb qan axan yarasını spirtlə silməyə başladı və sonra tənziflə bağladı. Bədəni yarıçılpaq əsgər qızın ətirli nəfəsini duyub gözlərini açdı. Dumanlı gözlər zərif çöhrə, eləcə də yumşaq qız barmaqlarının təmasını duyub güclə də olsa gülümsədi:

– Bacı, ölürəm, hə, - dedi.

– Yox, nə danışırsan, kimdi səni ölməyə qoyan? – deyə yaranı bağlayıb qurtaran Səltənət: – Yüngül bir şeydir, qan kəsildi, tərpənmə və dincəl, – deyə cavab verdi.

Və cəld çiynində tibb ləvazimatları ilə o biri yaralılara tərəf getdi.

Səhər açılmışdı. Düşmənlər mövqelərimizi görüb hər cür silahlardan və toplardan aramsız olaraq atəş açırdılar. Lakin mərmilər yenə ya uçub uzağa düşür, ya da aşağılarda partlayırdı. Yuxarıdan dəqiq nişanla açılan atəşlərdən sonra artıq düşmənin necə ağır itkilər verdiyini hamı görürdü. Lakin hücum edənlər də seyrəlmirdi. Arxadan köməyə yeni-yeni dəstələr gəlirdi, düşmənin də inadkarlığı göz qabağında idi.

– Komandirləri generaldır, azı bir diviziya üstümüzə gəlib, – deyə başını mövqedən çıxarmış əsgər: – uşaqlar aaa....

Əsgər sözünü axıra çatdıra bilmədi. Hansısa bir snayper gülləsi alnına sancılıb başının arxasından çıxmışdı.

Səltənət cəld yaxınlaşıb gənc çavuşun qan bürümüş üzünə baxdı və göz yaşlarını güclə boğaraq əsgərin üstünə əyildi. Kapitan Həmidov da gəlib əsgərin qan bürümüş başına baxdı və başını yelləyərək getdi. Yalnız indi özünə gəlmiş Səltənət əsgərin qana bulaşmış gözlərini örtdü. Sonra onun yerinə gələn başqa bir cavanla meyiti çəkib divara söykədilər.

Bugünkü döyüş belə bitdi, amma hiss olunurdu ki, düşmən məqsədindən geri çəkilmək niyyətində deyil. Kapitan Həmidov gecə növbələrini təşkil etdi. Yaralılar qospitala göndərildi. Şəhidlər xüsusi ehtiramla maşınlara qoyulub ünvanlarına yola salındı.

Axşamdan nə qədər keçsə də, Səltənət hələ də döyüş yerinin yaxınlığındakı tibb məntəqəsinə getməmişdi. Yüngül yaralanmış əsgərlərdən tələb edirdi ki, müalicəyə getsinlər. Amma bu yüngül yaralı gənc əsgərlər yenə zarafatlarından qalmırdılar.

“Biz Lələtəpə Səltənətini qoyub heç yerə gedə bilmərik”.

“Bura Səltənətin ən alınmaz qalasıdır”.

“Nahaq yerə biz buranın adını Lələtəpə Səltənəti qoymamışıq ki...” Səltənət bu sözlərdən qürurlandığı kimi həm də sevinirdi. Artıq o inanmışdı ki, düşmən lap nə qədər qüvvə gətirsə də, Lələtəpəni tuta bilməyəcək.

Beləcə, növbəti səhər açılırdı. Yenə top mərmiləri gurlayır, minaatanlar nərildəyirdi. Kapitan Həmidov demək olar ki, bütün gecəni yatmamışdı. Ətrafa kəşfiyyatçılar göndərmiş, düşmənin sabaha hazırladığı planı öyrənməyə çalışmışdı.

Lələtəpənin strateji mövqeyi elə idi ki, buradan ətraf əl içi kimi görünürdü. Düşmən başqa heç bir plan qura bilməzdi. Erməni vəhşilərinin yeganə ümidi qüvvə üstünlüyü ilə Lələtəpəni tutmaq ola bilərdi. Alatoranlıqda ətrafı binoklla dəqiq izləyən Həmidov yanındakı leytenant Qasımzadəyə tapşırıq verdi:

– Yəqin ki, düşmən yenə top atəşlərini davam edəcək.

Leytenant Qasımzadə tez dilləнdi:

– Bəli, komandir, оnlar elə bilirlər ki, top atəşləri ilə bizim müqavimətimizi qıracaqlar.

– Qoy, elə bilsinlər. Bizim yerimiz kifayət qədər möhkəmdir. İtkilərimiz də ola bilər, ancaq onlarla müqayisədə çox az olacaq.

Deyəsən, heç komandir Həmidov sözünü qurtarmamış daha bir top mərmisi lap yaxında partladı. Daha bir əsgər çiynindən yaralanmışdı. Kapitan Həmidov əsgəri aşağı çəkdi. Səltənət artıq onun yanında idi. O, yaralı əsgərin paltarını dartışdırıb birtəhər əlinə yer elədi. İri bint parçasını yaranın üstünə basdı. İndi mərmilər xeyli aralıda partlayırdı.

Kapitan Həmidov gözucu Səltənətin yaralı əsgərə yardımına baxdı. Vaxt az idi. O, bıçağını çıxarıb əsgərin paltarının yaxasını bıçaqla kəsib açdı. Və onu şəfqət bacısının yanında qoyub digər səngərə tərəf qaçdı.

Əsgər gözlərini açıb başı üstünə əyilən gözəl qız çöhrəsini görəndə gülümsədi.

– Bacı, – dedi.

– Eşidirəm, – Səltənət də güclə gülümsədi, – üzünü yana çevir.

Səltənət istəyirdi ki, əsgər yarasını görməsin. Əsgər bir qədər yana çevrildi. Elə bu vaxt harasa dəyib çovuyan bir mərmi düz onun ürəyinin başına sancıldı.

Mərmi Səltənətə də dəyə bilərdi. Əlbəttə, təsadüfən yan keçmişdi.

Səltənətin gözləri böyüdü. Tez əsgərin üstünə əyildi. Elə bil ki, nəfəsi ilə artıq titrəməkdə olan bədəni qızdırmaq istəyirdi. Bu gənc əsgər isə Səltənətə deyəcəyi sözlərlə birgə əbədiyyətə qovuşmuşdu.

Səltənət şəhidi səngərin kənarına çəkdi. Onu divara söykədi. Elə bil ki, bununla əsgərin ölümü ilə barışmaq istəmədiyini bildirirdi.

Ümumiyyətlə, döyüş vaxtı həlak olan əsgəri bir tərəfə çəkib söykəmək əbədi ehtiram əlamətidir. Səltənət sonuncu dəfə gözlərinin qabağında həlak olmuş əsgərə baxıb digər yaralılara tərəf qaçdı. Əlbəttə, o həmin əsgərin yanında hönkürtü ilə ağlamaq istəyirdi, ancaq buna vaxt yox idi.

Deyəsən, düşmən bütün imkanlarını səfərbər edib Lələtəpə mövqelərini lap əlbəyaxa döyüşlə olsa da, tutmaq istəyirdi. Görünür, təzə qüvvələr də gətirmişdilər. Onlar sürünə-sürünə səngərlərə yaxınlaşmaqda idilər. Hər tərəfdən “atəş, atəş” səslərini erməni əsgərləri də eşidirdi. Onlar çaş-baş qalmışdılar. Görünür, elə bilirmişlər ki, top mərmiləri və minaatanlarla səngərləri susdurublar. Ön sıralar çox asanlıqla biçildi. Lap səngərlərə yaxınlaşanlar qumbaralara “qonaq edildi”. Düşmən əsgərləri bu hücumun da uğursuz olduğunu görüb üzü aşağı qaçmağa başladılar. Əsgərlərimizin avtomat atəşləri ilə bu pərakəndə qaçış da “mükafatlandırıldı”.

Gün günortaya yaxınlaşırdı. Düşmənin gözlə görünən çoxlu meyitləri Lələtəpənin sinəsi boyunca döşəli qalmışdı. Nisbətən yüngül yaralılar sürünüb gedirdi. Düşmən nə meyidləri, nə də yaralıları daşıyıb aparmağa cəsarət etmədi. Beləliklə, Lələtəpə ətrafında düşmən sarsıdıcı zərbə aldı. İki günlük döyüşün nəticəsi hərbi təsəvvürlərlə desək, çox uğurlu idi: 5 şəhid, 12 yaralı. Beləcə, Lələtəpə Səltənəti özünün qala gücünü göstərdi.

Səltənət yavaş-yavaş öz səngərinə doğru getdi. Gördüyü ölümlər, əsgərlərin gülümsər çöhrələrində əbədiləşən həyat işığı onun gözlərinin qabağında idi. Və Səltənət bir daha belə qənaətə gəldi ki, şəhidlər heç vaxt ölmürlər. Onlar gözlərindəki həyat işığı ilə əbədi dünyaya köçürlər.

Gənc qızın iradəsi sözünə baxmırdı. İxtiyarsız olaraq gözlərindən axan yaş yeməyinə qarışmaqda idi. Bu ağır təəssürat onunla nə qədər gedəcəkdi, bilmirdi.

Səfərbərliyə gələndə bircə anası onu yola salmağa gəlmişdi. Elə indi də ancaq anası gözlərinin önündə görünürdü. Qeyri-ixtiyari pıçıldadı: “Ana, qorxma. Mən qayıdacağam”. Sonra daha yuxuya necə getdiyindən heç xəbəri olmadı.

Birdən “ura” səsləri onu yuxudan oyatdı. Əvvəlcə nə olduğunu başa düşmədi. Amma tez anladı ki, bu, əsgərlərin qələbə hayqırışlarıdır. Kəşfiyyatçılar xəbər gətirmişdilər ki, düşmən ölənlərini və yaralılarını döyüş meydanında qoyub, ərazini tərk edib.

Lələtəpə döyüşündəki ikinci qələbə ilə - birinci qələbə Aprel döyüşlərində olmuşdu, Lələtəpə düşməndən azad edilmişdi – düşmənin ordumuzun hissələrini Arazboyunda mühаsirəyə almaq cəhdini puça çıxardı.

Bir sözlə, düşmənin Füzuli və Cəbrayıl rayonlarını yenidən nəzarət altına almaq niyyətləri puça çıxdı. Lələtəpə savaşında düşmənin aldığı zərbə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiq etdi.

Kapitan Həmidov vəziyyəti təhlil edib yuxarıya dəqiq və aydın məlumat verdi: “Tapşırıq yerinə yetirildi, Lələtəpə Səltənəti alınmaz qala olaraq qalır”.

Kapitanın da “Lələtəpə səltənəti” ifadəsini işlətməsi əsgərlərin şən gülüşlərinə qarışdı...

Az keçmədi ki, komandanlıqdan təzə xəbər gəldi. Kapitan Həmidov “Azərbaycan bayrağı” ordeninə, leytenant Qasımzadə, eləcə də qazilər və şəhidlər müxtəlif təltiflərə layiq görülmüşdülər. Şəfqət bacısı Səltənət Zərgərlinin sinəsini isə “İgidliyə görə” medalı bəzəyəcəkdi...

Xəbər əsgərləri çox sevindirdi. Xüsusilə, Səltənətin adını eşitmək onları lap qanadlandırdı. Bir ağızdan hər tərəfdən səslər eşidildi: “Yaşasın Lələtəpə Səltənəti!”, “Yaşasın qəhrəman şəfqət bacımız!”.

Səltənət də bəxtiyarlıqla gülürdü. Ancaq həmin anda onun nə üçün güldüyünü, niyə sevindiyini soruşan olsaydı: “Hamı sevinir, mən niyə sevinməyim” – deyərdi.

***

Leytenant Qasımzadə sonrakı döyüşlərdə də iştirak etmiş, “Kapitan” rütbəsinə yüksəlmiş, daha sonra yaralanıb tərxis olunmuşdu. Onun həyatının hər günü beləcə yaddan çıxmayan hekayətlərlə dolu idi...

Oddan-alovdan keçmiş bu qazidən çətin də olsa, bir sualıma da cavab verməyi xahiş etdim. Kapitan Həmidovun və Səltənət Zərgərlinin sonrakı döyüş taleyini soruşdum. Qasımzadənin gözləri doldu. Nəsə demək istəsə də, qəhərdən boğuldu. Xeyli susdu, gərginlikdən üzünün əzələləri səyridi. Handan-hana: “Əsas odur ki, Qarabağ azaddır” – dedi…

# 11985 dəfə oxunub

Müəllifin son yazıları

# # #