Orxan Fikrətoğlu adının kölgəsində qalan "ARKA" - Eminquey

Orxan Fikrətoğlu adının kölgəsində qalan "ARKA" - Eminquey
11 noyabr 2024
# 16:00

Kulis.az Eminqueyin ""ARKA" sokaklar" adlı yazısını təqdim edir.

“ARKA”.

Yanına bircə “Sokaklar” sözünü qoysaq bəsdir ki, “ARKA” abreviaturası xilas olsun. Yoxsa, kim haradan bilsin, “ARKA” nədir?

Azərbaycan Respublikası Kino Agentliyi deməkdir.

Dünən bu agentliyin rəhbəri Orxan Fikrətoğlunun Real TV-yə verdiyi müsahibəsinə baxdım. Özü də ağzıaçıq, gözlərim bərəlmiş halda. İlahi, necə olub, xəbərim olmayıb ki, ARKA bu il 40 film, yox, 40 sənədli film, yox, ən yaxşısı, 40 ekran işi ərsəyə gətirib. Bir ildə 40 ekran işi! Rəqəm lap hollivudsayağıdır. Yeri gəlsə, qurumun adı da bu əzəmətdən geri qalmır. Amma necə olub, xəbərimiz olmayıb ki, ARKA bu il 40 film, yox, 40 sənədli film, yox, ən yaxşısı, 40 ekran işi ərsəyə gətirib?!

Diqqətlə dinlədim, dedim, bəlkə, ironiyadır?! Dedim, bəlkə yenə də “zorxana”dır?! Amma yox, zərrə qədər də “zorxana”lıq yox idi. Xalis hesabat idi.

Yenə sual verirəm, necə olub xəbərimiz olmayıb ki, ARKA bu il 40 film, yox, 40 sənədli film, yox, ən yaxşısı, 40 ekran işi ərsəyə gətirib?!

Orxan bəyin məramı çox gözəldir. O istəyir ki, bu qurumu gəliri olmayan və dövlətdən maliyyələşən qurumdan gəlirləri olan və çox da asılı olmayan quruma çevirsin. Özü demiş, xub! Amma necə? Necəsini də izah eləyib, nə təkrarlamaq istəyirəm, nə də uzunçuluq etmək. Hərgah ki, onun dediklərini ona verən olsa, Azərbaycanın Kino sənayesi Günəş kimi şəfəq saçacaq. İstəməyən o şəfəqə kor baxsın.

Amma bir daha soruşuram, necə olub xəbərimiz olmayıb ki, ARKA bu il 40 film, yox, 40 sənədli film, yox, ən yaxşısı, 40 ekran işi ərsəyə gətirib?!

Ümumiyyətlə, kino kimin üçündür? Tamaşaçı üçün. Tamaşaçı kimdir? Məmləkətin insanları. Təəssüf ki, ARKA-nın fəaliyyəti bir topa adamı yığıb hansısa ekran işinin təqdimatını, baxışını keçirməkdir. Dəfələrlə tanıdığım sənət adamlarının bu baxışlara dəvət aldığını eşitmişəm. Sonrası isə boz, xışıltılı bir ekran misalı. Nə səs var, nə də görüntü.

Orxan bəyin müsahibədə dedikləri normal kino industriyası üçün lazım olan ən təbii ehtiyaclar idi. Geniş pavilyonlar, kino çəkən kiçik şirkətləri ətrafında cəm etmək, xarici investisiya cəlb etmək, onların ölkəmizə gəlib kino çəkməklərinə maraq və şərait yaratmaq və s.

Yəni, aşağı-yuxarı bizim də yaxşı bildiyimiz şeylər. Hə, noolsun? Mən hələ bir adam görmədim ki, bir qurumun başına keçəndən sonra öz işini tərifləməsin. Orxan bəyin müsahibəsi də eynilə “vallah, billah, işləyirəm” mesajından başqa heç bir şey vəd etmədi.

Etsəydi, mən məcbur qalıb dönə-dönə soruşmazdım, necə olub bilməmişik ki, ARKA bu il 40 film, yox, 40 sənədli film, yox, ən yaxşısı, 40 ekran işi ərsəyə gətirib?!

Əslində, Orxan bəy bu müsahibədə dediyi fikirlərin eynisini 7 ay qabaq, aprel ayında AZƏRTAC-a yazılı müsahibəsində deyib. Eynisini! Nöqtəsinəcən. Əzbərləyib. Yəni, bu müsahibənin və müsahibədə deyilənlərin özü də artıq köhnədir, təzə heç nə yoxdur. Sən demə, ARKA-nın istehsalatında “Hadrut, sən azadsan!”, “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filmləri və “Oğurlanmış bahar” animasiya filmləri var. Ay qardaş, üzümdə su qalmadı soruşmaqdan, necə olub xəbərimiz olmayıb ki, ARKA bu il 40 film, yox, 40 sənədli film, yox, ən yaxşısı, 40 ekran işi ərsəyə gətirib?!

Bundan başqa, kino xadimlərinin yubileylərinə həsr olunmuş “Kinomuzu yaradanlar... kinomuzu yaşadanlar” adlı layihəyə start verilibmiş. Layihə milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və onun əbədi olaraq yaşadılması məqsədi daşıyırmış. Ayda dörd dəfə həyata keçirilən layihə hər dəfə bir kino xadiminə həsr olunacaq və filmlərin nümayişi təşkil ediləcəkmiş. Siz Allah, bu kimə lazımdır? Bu tip sənədli filmləri çəkməyə nə var ki? Beş-on adam danışdırırsan, adamların həyatına, fəaliyyətinə diqqət çəkirsən, vəssalam da. Bunu bloqerlər də edə bilər.

Müsahibədən yeddi ay keçib, əminəm ki, heç kim o müsahibəni oxumayıb. Və heç kim bilmir ki, o müsahibədə deyilənlərdən yeddi ay keçib.

2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində “Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi təsdiq edilib. Qalib gələn layihələrlə müqavilələr bağlanılıb və onların istehsalına start verilib. Artıq bir çox filmlərin hazırlıq mərhələsi başa çatmaq üzrədir, bəzi filmlərin isə çəkilişlərinə başlanılıb. Xüsusilə vurğulamaq istəyirəm ki, müsabiqənin ən müsbət nəticəsi özəl sektordan maliyyə cəlb olunmasıdır. Qeyd edim ki, istehsal olunacaq 11 layihənin ümumi istehsal dəyərinin 1 milyon 400 min manata yaxın vəsaiti özəl şirkətlər tərəfindən cəlb olunub.

Pay atonnan, bezdim axı bu sualı təkrarlamaqdan. Necə olub xəbərimiz olmayıb ki, ARKA bu il 40 film, yox, 40 sənədli film, yox, ən yaxşısı, 40 ekran işi ərsəyə gətirib?! Və bu filmlərin heç birindən tamaşaçının xəbəri yoxdur?!

Nə isə. Məncə, Agentlik nəyi necə çəkməkdən, ümumiyyətlə, kino ərsəyə gətirməkdən ziyadə, bu sualım barədə də düşünməlidir. Necə olur ki, Agentliyin rəhbəri 7 ay qabaqkı müsahibədə dediklərini 7 ay sonra yenidən təkrarlasa da, “mən işləyirəm” hesabatı versə də, xəbərimiz olmayıb ki, ARKA bu il 40 film, yox, 40 sənədli film, yox, ən yaxşısı, 40 ekran işi ərsəyə gətirib?!

Belə.

Bu suala cavab tapanda, hər şey yaxşı olacaq.

Olmasa, Orxan bəyin təkrarçı əzbərçiliyi özü elə qısametrajlı tragikomik bir film mövzusuna çevrilə bilər.

Elə məsələn, ARKA sokaklar.

Üzrlü sayın, Orxan bəy, hələ ki, təkcə sizin adınız ARKA-nın adından min dəfə böyükdür. Hələ ki, rəhbəri olduğunuz qurumun adı da, fəaliyyəti də sizin adınızın kölgəsində it-bat olur.

Hə, bir də, mənim təkrar və eyni suallarımdan bezdinizsə, qarşısınızda üzrxaham, eybi yox, sizin REAL TV-yə çıxışınız da yeddi ay qabağın təkrarı idi.


# 1142 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #