İnsanlar niyə vegetarian olmaq istəyir? - Qlamurların qocalmaq qorxusu

İnsanlar niyə vegetarian olmaq istəyir? - Qlamurların qocalmaq qorxusu
16 oktyabr 2024
# 15:00

Kulis.az Eminquey Akifin "Pişiyin əli ət çatmayanda" adlı yazısını təqdim edir.

“Heyvanları görəndən sonra insanlara hörmətim artdı”

Pişik


Son model Adəm elə zənn edir ki, balıq yemək cinayətdir. Quzunu şişlə, toyuğu sobayla sınağa çəkmək olmaz. Quzu da, toyuq da bir canlıdır, onları öldürmək insanlıqdan deyil. İnsan dovşana qardaş olub köklə qidalanmalı, qoyuna sirdaş olub göy-göyərti otlamalıdır.

Adam nə qədər bekar olmalıdır ki, belə bir ideya ilə yaşasın. Adını da “vegetarian”,
”veqan” qoysun.

Təsəvvür edin, bir canavar çıxır meydana ki, bəsdir, insanlara, onların mal-qarasına, toyuq-cücəsinə hücum etməyək. Bundan sonra onları yeməyək. Yaxud da bir ayı özünə söz verir ki, bundan sonra meşədə insan görəndə onu bağrına basıb qucaqlayacaq, ona meşənin ən yaxşı armudlarından bir səbət hədiyyə edəcək.

Sokrat, Platon, Diogen, Plutarx, Leonardo Da Vinçi, Lev Tolstoy, Albert Eynşteyn, Mahatma Qandi, Ryan Gosling, Richard Gere, Jennifer Lopez – vegetarianlar qrupuna aiddirlər.

Əgər vegetarianlıq insanın təbii halı olsaydı, I tip şəkərli diabet xəstələri, hamilələr, 18 yaşdan kiçiklər, ağır formalı dəmir defisitli və digər növ anemiyalı insanlar, osteopeniya, osteomalyasiya, osteoparozlu xəstələr, immun defisitli insanlar, xərçəngdən sağalan insanlar risk qrupuna daxil olmazdı. Təkcə 18 yaşından kiçiklərə xeyirli olmaması onu göstərir ki, insan ətsiz inkişaf edə bilməz.

Bir pişiyin, yaxud da bir itin arzusu nədir? Üşüyəndə isti bir yer, acanda yeməyə bir şey. Vəssalam! Məsələn, pişiyin məqsədi yoxdur ki, siçanları tutub dünyanı xəstəliklərdən, evləri ziyandan xilas eləsin. Pişik öz işini görür, yəni, qarnını doyurmaq istəyir. Bu, bəşər övladına xeyirdirsə, nə gözəl!

Amma bəşər övladının dünya qarşısında minlərlə fiziki və mənəvi öhdəlikləri var. Məsələn, adam öldürmək pişiyin siçanı yeməsindən fərqli olaraq bəni-Adəmin təbii ehtiyacı deyil. Adamın adam öldürməyi cinayətdir, özünü azad hiss eləyib özünü azadlıqdan məhrum etməsidir. Bir pişiyi siçanı yediyinə görə tutub zindana salmırlar. Amma adamın heyvanı öldürüb onu dişə çəkməyi dünyanın ən təbii ehtiyacıdır.

Misal üçün, balıq yeyilmək üçün yaradılmasaydı, hər halda yeyilə bilməməsi üçün ona bacarıq verilərdi. Yoxsa, bir balaca qurda aldanacaq instiktə sahib olmazdı.

Əslində, insanların vegetarian olmaqları onların heyvanlara qarşı mərhəmət hissindən oyanmır. İnsanların cavan qalmaq dərdi var. Xüsusən də qadınların. Ən çox da qlamur tiplərin seçimidir vegetarianlıq. Qocalmaq kimi dəhşətli qorxuları var. Mənim üçün bədbəxt insanlardır bu tiplər. Bu adamlar bir müddət vegetarian olurlar, başlarını qatırlar, özlərini rəfiqələrinə yaxşı göstərəndən sonra görürlər ki, yox, alınmır, yaradılışa qalib gəlmək olmur, uzanırlar əməliyyat masasına.

Bir qurd çıxsa qarşılarına, bəs, nə edərlər ona? Yüz faiz deyirəm, xam, səriştəsiz olanları daş atar, olmayanları da bir şey axtararlar ki, qurdu yerindəcə gəbərtsinlər. Mən qurd deyirəm, siz it başa düşün.

Əyri oturaq, düz danışaq, istədiyi kimi əylənə bilməyən, həyatı iş-ev arası əriyib gedən bir kasıbın ayda bir dəfə dostları ilə xəngələ getmə lüksü, xəngəli böyründən çəngəllə deşik açıb içindəki ətin suyunu sovurması niyə cinayət sayılsın ki? Bundan sağlam həyat tərzi var? Dünyanın hansı bitkisi kababın antrikot hissəsindən dadlı ola bilər ki? Ət qidaları şəhərin bozluğundan, metro, avtobus, iş, kredit, məişət, cəmiyyət stressindən daha çox ziyanlıdır?

Ciddi sözümdür. Qida insanı öldürə biləcək ən axırıncı şeydir. Əsl ziyan dietoloqlara pul yedirtməkdir. Biri çıxıb başa salmalıdır ki, əzizim, pul qida növü deyil. Pul yeyilməyən zaddır. Bəsdir, camaatın pulunu yediniz.

Onsuz da ətin qiyməti qalxa-qalxa gedir, bir azdan ət yeyə bilməyəcəyik. İmkan verin, dadını çıxaraq.

Sonda qeyd edim ki, şəxsən özüm çox heyvansevər adamam. Evdə nə vaxt siçan tutsam, həyətdəki pişiyə verirəm ki, yesin, ac qalmasın.

# 1190 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #