Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə

Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə
12 aprel 2021
# 09:01

Kulis.az tariximizin ən maraqlı və mübahisəli səhifələrinə işıq tutacaq “Qara kitab” adlı yeni layihəyə başlayır. Layihənin ilk yazısı kimi tarixçi-tədqiqatçı Elmar Həsənlinin üçrəngli bayrağın tarixçəsindən bəhs edən məqaləsini təqdim edirik.

Bayraq dövlətin və millətin atributlarından biridir. Həm də millətin ucalıq rəmzidir, qürur mənbəyidir. Tarixən Azərbaycanda mövcud olmuş dövlətlərin müxtəlif bayraqları olub. Amma ilk Demokratik Cümhuriyyət dövründə meydana gələn üç rəngli bayrağın digər bayraqlardan fərqi çoxdur.

Əsrin əvvəllərində ideyası Əli bəy Hüseynzadənin “Türkləşmək, Avropalaşmaq, İslamlaşmaq” fikrini böyük ideoloq Məhəmmədəmin Rəsulzadə siyasi anlama daşımaqla həm də üç rəngli bayrağımızda ehtiva etdi. Bu coğrafiyada yaşayan, soyu-kökü eyni olan və müxtəlif düşüncəli insanlara (türkçü, avropaçı, islamçı) bir amal uğrunda, yəni bayraq üçün ölməyi bacarmalısınız mesajını verdi. Hər birinizin inandığı ideologiya bu üç rəngli bayraqda əks olunub - dedi.

No description available.

Azərbaycan Cümhuriyyəti 1918-ci ilin noyabrın 9-da üçrəngli bayraq haqqında qanun qəbul etdi. Bu qərardan sonra üçrəngli bayrağımız ilk dəfə 1918-ci ilin noyabrın 17-də Dəniz vağzalında ingilis generalı Tomson Ənzəlidən Bakıya gələrkən onun qarşılanma mərasimində dalğalandı. General bayrağın yığışdırlması haqqında göstəriş verdi.

Sonralar - 1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyətinin parlamentinin ilk iclasında Məhəmmədəmin Rəsulzadə bu bayraq fonunda parlamentin ilk açılış nitqini söyləyir. Bununla da bayrağın bir dövlət və millət üçün önəminə diqqət çəkir.

No description available.

Hətta ingilislər Azərbaycan Cümhuriyyətinin hökumət binaları üzərində üçrəngli bayrağımızın dalğalanmasına icazə vermirdilər. Yalnız parlamentin fəaliyyət göstərdiyi müddətdə - həftənin 1-4-cü günləri icazə verirdilər.

Cümhuriyyəti quran şəxsiyyətlər bayrağımızın enməməsi üçün daha böyük səylə çalışırdılar ki, qürur mənbəyimiz olan bayraq daim dalğalansın.

No description available.
Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti. 1919-cu il. Arxa planda üçrəngli bayraq

1920-ci il aprelin 28-də Azərbaycan Cümhuriyyəti bolşeviklər tərəfindən işğala məruz qaldı. Cümhuriyyət liderlərinin bir çoxu bolşevik terrorundan xilas olmaq üçün İranda, Türkiyədə, Polşada mühacir həyatı yaşamalı oldu. Onlar üçrəngli bayrağı mühacirətə aparıb orada dalğalandırdılar.

Mühacir həyatı yaşamayan Cümhuriyyət sevdalıları bayraq sevgisini qəlblərində yaşatdılar. Bunu gizli şəkildə mahnılarda, şeirlərdə dilə gətirdilər. Bunlardan biri məşhur xanəndə Xan Şuşinskidir.

Xan Şuşinski — Vikipediya

Xan Şuşinkinin müəllifi olduğu "Şuşanın dağları" mahnısında üçrəngli Azərbaycan bayrağı haqqında bir çox gizli simvollar vardır. Mahnıda bayraq, vətən sevgisi və müstəqillik həsrəti duyulur. Sovet dönəmində üçrəngli Azərbaycan bayrağının qadağan edildiyi bir vaxtda Xan Şuşinski bayrağımızı məcazi anlamlarla belə təsvir edirdi.

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım...

Dağların başı dumanlı deməklə mavi səmaya, qırmızı qoftalı deməklə dağın lələlər bitən döşünə, yaşıl tumanlı deməklə dağın yamaclarına işarə etsə də əslində Azərbaycan bayrağının simvolik təsvirini yaradırdı.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, barı gül.

Bu sətirlərdəki məna Azərbaycan bayrağındakı ay-ulduzu ifadə edirdi. Mahnının ikinci bəndindəki qaş-göz işarəsi ayparaya və ulduza, tel isə onun gözəlliyinə işarə idi.

Hətta bir zamanlar Xan Şuşinskini bu mahnının sözlərinə görə təqib də etmişdilər və o, məcbur qalıb mahnının birinci misrasını dəyişib "Şuşanın dağları deyil dumanlı" etmişdi.

No description available.

Yaddaşlarda yaşayan bayraq haqqında digər maraqlı faktı isə bayrağa olan sevgisini canı və qanında yaşadan görkəmli diplomat və siyasi xadim, Azərbaycan Cümhuriyyəti dövründə Xarici işlər nazirinin müavini olmuş Adil xan Ziyadxanlı bolşevik işğalından sonra İrana gedir, orada mühacir həyatı yaşayır. İranda yaşadığı dövrlərdə Cümhuriyyətə və bayrağa olan sevgisini Tehranda yaşadığı evin eyvanından asmaqla nümayiş etdirir. Bir gün şəhərin məmurlarından biri Adil xana “Olmayan bir hökumətin bayrağını asmaq nəyə lazımdır?” - deyir. Bu sözlərdən gözləri dolan Adil xan bayrağı eyvandan götürməli olur.

No description available.

Daha bir Cümhuriyyət sevdalısı Çingiz Abbdullayev 1956-ci ilin mayın 28-də öz həmfikiri və dostu Cahid Hilaloğlu ilə birgə cümhuriyyətin yaranmasının 39-cu ildönümü münasibəti ilə üçrəngli bayrağımızı Qız Qalasının üzərinə sancır. Üçrəngli bayrağımız bir saat Qız qalasının üstündə dalğalanır.

Çingiz Abbdullayev siyasi mübarizəsinə görə ömrünün 40 ilini sürgünlərdə, həbslərdə, ruhi xəstəxanalarda keçirib.

Mirzə Bala Məmmədzadə.jpg

Mühacirət nümayəndələrinin önəmli simalarından biri, Rəsulzadədən sonra Müsavat Partiyasının başqanı seçilən Mirzə Bala Məhəmmədzadə ölüm anında ən yaxın adamlarına Azərbaycan bayrağına bükülüb dəfn olunmağı vəsiyyət edir.

Tədqiqatçı Əfqan Vəliyevin dediyinə görə, vaxtilə Cümhuriyyətin “Azneft”də yerləşən hökumət binasının üzərində dalğalanan bayrağı Mirzə Bala Məhəmmədzadə özü ilə Türkiyəyə aparmışdı. O, həmin bayrağı mənəvi oğlu bildiyi mühacir İldəniz Qurtulana əmanət edir.

İldəniz Qurtulansa həmin müqəddəs əmanəti tədqiqatçı Əfqan Vəliyevə verir. Sonralar həmin bayraq Əfqan Vəliyev tərəfindən Azərbaycana gətirilərək, keçmiş baş nazir Novruz Məmmədova təqdim edilir.

Sovet dövründə qadağan edilmiş üçrəngli Azərbaycan bayrağı 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başlayan Qarabağ müharibəsində Azərbaycanın azadlığı uğrunda döyüşən igid oğullarının ən böyük and və istəyi şəhid olmaq, öləndə Azərbaycan bayrağına bükülərək dəfn olunmaq idi.

Toyunda özünə şəhidlik arzulayan Pəncəli Teymurov - Video

Bunlardan biri Astara rayonunun Əzərüd kəndində anadan olan, hərbi xidməti başa vurduqdan sonra könüllü xidmətini yeni yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirən və 17 il Azərbaycan ordusunda şərəfli yol keçən Pəncəli Teymurov idi. O. 2013-cü ilin avqustunda ailə həyatı qurdu. Amma doğmalarının, elin-obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".


ADR hökumətinin 9 noyabr 1918-ci il iclasındakı protokoldan bayraq haqqında sənəd

Qeyd etdiyim kimi, ingilis general Tomson Ənzəlidən Bakıya gələrkən onun qarşılanma mərasimində üçrəngli bayraq qaldırılanda noyabrın 17-si idi.

1988-ci ildə - Milli azadlıq hərəkatı zamanı məhz həmin ilin 17 noyabrında meydanlara Azərbaycanın üçrəngli bayrağı gətirildi.

Azerbaycan Bayrağı - Üçrəngli Bayraq » Turkau

Üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması (2007-ci il) və “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlarını da məhz noyabrın 17-də imzaladı.

Gələcək nəsillər bu faktları unutmamalı, özlərindən sonra gələn gənc nəsillərə ötürməlidir.

Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə bayrağa görün nə deyir:

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.

Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Bizlər də bayrağımızı belə sevək, belə tərənnüm edək.

# 6092 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #