Məcnunun “aşiqi-sadiqliyi” şübhə altındadır? - Elçin yazır

Məcnunun “aşiqi-sadiqliyi” şübhə altındadır? - Elçin yazır
26 sentyabr 2020
# 16:30

Kulis.az hər şənbə, saat 13-30-da Xalq yazıçısı Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” adlı esse yazısını təqdim edir.

Yaddaş

Haçansa hansısa nağılımızda oxuduğum bir fikir axır vaxtlar tez-tez yadıma düşür:

“Yaxşılara yaxşılıq edin, pislərə isə öz pislikləri kifayətdir.”

İstedad güzəştə gedir

Sovet ideologiyası çox istedadları sosrealizmə yönəltdi və o istedadları susuz ağac kimi qurutdu (məs: A. Fadeyev).

Elə istedadlar oldu ki, sosrealizm bataqlığı içində də özünü qoruya bildi (məs: M. Şoloxov).

Elələri də oldu ki, özlərini tam ifadə edə bilməsələr də, ordan-burdan su tapıb o ağacı tamam qurumağa qoymadı və məncə, bunlardan biri də Konstantin Fedindir.

Onun “Narovçat xronikası”nı oxudum. Bu kiçik povesti 1924-25-ci illərdə yazıb (hələ sosrealizmin hakimi-mütləq olmadığı bir dövrdə) və bu povest mənim aləmimdə Lev Tolstoyun çox istedadlı bir varisinin (şagirdinin) qələmindən çıxıb.

Oxuduqca, bu povestdə “Sergiy ata”nın(1) əməlli-başlı təsirini hiss edirdim.

Fedin suda boğulmuş Afanasi Sergeyeviçin cansız sifətini elə təsirli təsvir edir ki, Hacı Muradın ölüm səhnəsinin təsviri mənim yadıma düşdü. Povestdəki hadisələri danışan İqnatiy - o, Simonov monastırında rahibliyə hazırlaşır - həmin cəsədi görəndən sonra deyir ki, Afanasi Sergeyeviçin sifəti heç vaxt yadımdan çıxmayacaq.

Doğrusunu deyim ki, o kiçik povesti az qala bir ay bundan qabaq oxumuşam, ancaq o sifət mənim də yadımdan çıxmayıb.

Sonralar Fedin “İlk sevinclər”i, “Qeyri-adi yay”ı yazdı və bu romanlar, əlbəttə, “Qızıl ulduzlu qəhrəman”ın(2) tayı deyil, ancaq onun istedadının xeyli dərəcədə sosrealizmə güzəştə getməsi də açıq-aşkardır.

Fedin partiyanın üzvü deyildi, buna baxmayaraq, Sosialist Əməyi Qəhrəmanı oldu, Stalin mükafatları aldı, ancaq təəssüf ki, güzəştsiz istedad elə həmin 1924 – 1925-ci illərdə qaldı.(3)

Füzuli lirikasının miqyası

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.

Bu məşhur misraları dahiyanə “Leyli və Məcnun” poemasının məllifi yazıb.

Bu qəzəlin lirik qəhrəmanı nə demək istəyir?

Yəni poemadakı Məcnunun da “aşiqi sadiqliyinin” miqyası şübhə altındadır?

Və onun – Məcnunun “aşiqlik istedadının” dərəcəsi, kondisiyası lazım olan səviyyədə deyil?

Bu tipli sualların yaranarsa, əlbəttə, Füzuli yaradıcılığına yanlış yanaşma olar, çünki söhbət poemadakı konkret surətdən, konkret olaraq poema qəhrəmanı Məcnunun aşiqlik səciyyəsindən getmir.

Söhbət, ümumiyyətlə, Füzuli yaradıcılığındakı “aşiq sadiqliyi”, “aşiq istedadı” bədii anlayışlarının miqyasından gedir və bu miqyasın sərhədi, yəni başlanğıcı və sonu, bitdiyi bir nöqtə yoxdur.

Əlbəttə, ola bilər ki, bu qəzəl “Leyli və Məcnun”dan sonra yox, əvvəl yazılıb, ancaq belə olsa da, Füzuli yaradıcılığındakı dediyim həmin mahiyyət dəyişmir.

Füzuli divanı yəqin ki, birinci qəzəldən sonuncu qəzələdək poemadan əvvəl yazılmayıb, yəni Füzuli lirikasında poetik aşiqlik xətti qəzəldən-qəzələ inkişaf edərək, gəlib poemadakı Məcnunda obsalyutlaşmayıb. Çünki Füzuli divanı eyni dahiyanə səviyyədədir və burada aşağı bədii-esteik səviyyədən yüksək səviyyəyə gedən bir inkişaf diaqramından (eləcə də tənəzzül diaqramından) söhbət gedə bilməz.

Söhbət inkişafdan yox, yüksək səviyyənin daxilindəki küllün, poetik mündəricatın sərhədsizliyindən gedir.

Elə Füzulinin özü bunu yaxşı deyir, bu dinamikanı dəqiq göstərir:

Məndən, Füzuli, istəmə əşarü-mədhü zəmm,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

Lenin, Stalin və poeziyamız

Leninin, Stalinin obrazları sovet dövrü Azərbaycan poeziyasının tarixinə həkk olunub.

O dövrün elə bir məşhur (və qeyri-məşhur!) şairi yoxdur ki, Lenin və Stalin haqqında poetik mədhiyyələr yazmasın.

Buna təəssüf etməyin də mənası yoxdur.

Bu - konkret dövrün, zamanın timsalında tarixin poeziyaya müdaxiləsidir.

Poeziya tarixində (poeziya ömründə!) belə hadisələr daimidir.

Fransız intibah novellaları

İntibah dövrü ədəbiyyatı deyəndə, ilk olaraq İtaliya və ilk növbədə də, yəqin ki, “Dekameron”, sonra da Sakkettinin “Üç yüz novella”sı, Ciraldi Çintonun “Ekatommiti”si (keçən həftə “Çinto və Cavid” haqqında esseni “Ədəbiyyat”a göndərdim(4) ) və b. yada düşür.

Elə buna görə də Navarralı Marqaritanın (Navarra kraliçasının) “Heptameron” novellaları mənim üçün bir kəşf oldu.

Xalis qadın təbəssümü ilə yazılmış bu maraqlı novellalara usta qələmli və bəzi məqamlarda da nazlı-qəmzəli müəllifin bu sözlərini epiqraf kimi işlətmək olar: “Mən dəfələrlə eşq-məhəbbətdən ölən insanlar haqqında eşitmişəm, ancaq bütün həyatım boyu bircə dəfə də görməmişəm ki, onlardan kimsə həqiqətən ölsün.”

İudanın İncili

Henri Panasın “İudanın incili” romanı nəşriyyat annotasiyasında yazıldığı kimi, “dünya ateist ədəbiyyatının ən görkəmli bədii əsərləri sırasındadır”.

Müəllif özü isə romanı apokrif kimi təqdim edir.

Əsər müxtəlif dillərə tərcümə edilir, nəşr olunur.

Ancaq mənim üçün bu roman nə ateist bir əsər kimi, nə də apokrif kimi maraqlıdır.

Bu əsərin mənim üçün qiyməti ondadır ki, yazıçı İudanın həm ittihamçısı, həm də vəkilidir.

İuda Məsihi (İsa peyğəmbəri) satan və əsrlər boyu Avropa rəngkarlığında, ədəbiyyatında lənətlənərək kanonlaşdırılmış xəyanətkarın ismidir.

Mən bizim “Rusca-Azərbaycanca lüğət”lərimizə baxdım və bu lüğətlərin hamısında “İuda – xain, satqın” kimi tərcümə (?) və təqdim edilib, yəni İuda artıq isim yox, sifətdir, terminləşərək, xainliyi, satqınlığı ifadə edən bir məhfuma çevrilib.

Panas isə insan haqqında roman yazıb və bu insanın – İudanın canlı bir məxluq kimi səhvləri də var, məziyyətləri də var, o, bütün varlığı ilə sevməyi bacarır, bu, həm ilahi sevgidir (Məsihə sevgisi), həm də insani, yəni cismani sevgidir (Mariyaya sevgisi).

Deyə bilmərəm ki, bu roman – şedevrdir.

Sadəcə, bu roman əsl ədəbiyyata aparan yolun, əgər belə demək mümkünsə, yolçusudur.

Cəmiyyət – İnsan – Yazıçı

Laksness hələ ki, mənim XX əsr ədəbiyyatındakı “5-liyimə” daxildir: Tomas Mann, Folkner, Hamsun, Şoloxov, Laksness (Tolstoy XIX əsrdir).

N.Krımova və A.Poqodin onun haqqında müştərək yazdıqları monoqrafiyada bu yazıçını “zəmanənin çox kəskin (son dərəcə kəskin, orijinalda “ostrosoüialğnıy”) sosial yazıçı kimi təhlil və təqdim edir.

“Za rubejom”da da oxuyuram ki, Laksness “burjua cəmiyyətinı tənqid edən yazıçı” (1972, № 40) kimi qiymətləndirilir.

Ədəbiyyatın predmeti – hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq, insandır.

Yazıçı insandan yazır.

Laksness isə böyük yazıçıdır.

-----------------

* L.Tolstoyun povesti

** Semyon Babayevskinin romanı.

*** 1975-ci ildə mən Yazıçılar İttifaqında işə başlayanda Fedin SSRİ Yazıçılar İttifaqının sədri idi – hündür boylu, canlı gözləri ilə adama zənnlə baxan, həmişə şux və dəblə geyinən, həmişə də qırmızı qalstuk taxan və pencəyinin döş cibindən də qırmızı dəsmalının ucları görünən şümal bir adam idi.

**** «Sübh şəfəqinin işığı. Hüseyn Cavid yaradıcılığı və Avropa intibahı haqqında» adlı həmin esse 1982-ci ildə yazılıb («Ədəbiyyat və incəsənət», 17 sentyabr 1982).

# 2912 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #