Kulis.az Xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr” adlı esse-yazısının son hissəsini təqdim edir.
Mari Syuzini
Doğrusu, mən müasir fransız qadın yazıçıları arasında Mari Syuzininin adını eşitməmişdim və onun «Müasir xarici povest» seriyasından təzəcə nəşr olunmuş* «Belə idi bizim sevgimiz»i maraqla oxumağa başladım, ancaq get-gedə o maraqdan bir şey qalmadı.
Povestdəki sevgi süjeti faşizm işğalına qarşı Fransa Müqavimət Hərəkatının mübarizəsi fonunda qələmə alınıb, ancaq yeri düşdü-düşmədi fransız patriotluğunu göstərmək cəhdi pis yazılmamış o eşq-məhəbbət xəttini tamam üstələyir və bədii məğlubiyyətə gətirib çıxarır.
Mopassanın bəzi hekayələri yadıma düşdü.
Patriotluğu patriotluğu göstərmək naminə yazmaq (bizdə də belə yazılar az deyil) olmaz, yəni patriotluq müəllifin cidd-cəhdinin ifadəsi yox, onun qəhrəmanlarının təbiətindən doğmalıdır, onların ürəyindən gəlməlidir.
Mopassanın hekayələrində olduğu kimi.
Nəsimini oxuyarkən
Nəsimini anlamaq və açmaq üçün gərək bütün ömrünü onun yaradıcılığına həsr edəsən.
Mən mülki-cahan, cahan mənəm, mən!
Mən həqqə məkan, məkan mənəm, mən!
Yəni, bütün kainat ki, var, həmin «mülkü-cahan» bizik – mənəm, sənsən, odur, o birisidır. «Həqqi-məkan» – belə başa düşürəm ki, söhbət Allahın məkanından gedir və o da bizik, mənəm, sənsən, odur, o birisidir.
Bu nədir, Allahı danmaqdır, yoxsa inananları başa salmaq işində Allaha kömək etməkdir?
Ədəbi salon və dərnəklər
Dünya ədəbiyyatı tarixinin maraqlı hadisələrindən biri də, yəqin, budur ki, XIX əsrə qədər bir dənə də sanballı bədii əsər ortaya çıxartmayan rus ədəbiyyatı birdən-birə (qəflətən!) heç bir milli-bədii ənənəsi olmadan Puşkin və Qoqoldan başlamış Çexova qədər (Lermontov, Turgenyev, Dostoyevski, Tolstoy!) nəhəng qələm sahiblərinə sahib oldu, ədəbi tənqidə Belinskini, Pisaryevi, Dobrolyubovu gətirdi.
Bu o demək idi ki, Qərbin Antik dövrdən (Homer, Yevripid, Esxil, Vergili, Apuley və b.) XIX əsrin əvvəllərinəcən, Balzaka, Stendala, yaxud Dikkensə, Tekkereye qədər keçdiyi yolu (Dante, Rable, Servantes, Şekspir və b.) bir əsrdə qət edib və özündən sonra Çexovu, Qorkini, Bunini, Kuprini, Şoloxovu, Bulqakovu, Bloku, Pasternakı, Axmatovanı, Qrossmanı və b. yetişdirib.
Ancaq ədəbiyyatşünaslar (və oxucular, mən də onların içində!) XIX əsri «rus ədəbiyyatının qızıl dövrü» hesab edirlər, sonrakı dövrü, yəni XIX sonu XX əvvəllərini isə «rus ədəbiyyatının gümüş dövrü» adlandırırlar və bu təsnifatda adını çəkdiyim böyük qələm sahiblərinə baxmayaraq, qızıldan sonra gümüşə enmək – nisbi gerçəkliyin ifadəsidir.
XIX əsr rus ədəbiyyatı – ədəbi zirvədir və mən belə başa düşürəm ki, ondan sonrakı dövrün uğurlu (və uğursuz) axtarışlara, özünü doğruldan (və doğrultmayan), dərinlərə gedən (və üzdə üzən) «izm»lərə baxmayaraq, görünür, həmin zirvəyə çatmaq mümkün deyil (necə ki, bizim əruzumuz yüzilliklər boyu Füzuli zirvəsinə çata bilmədi).
1930-cu ildə nəşr olunmuş məşhur «Ədəbi salonlar və dərnəklər. XIX əsrin birinci yarısı.» kitabı 2001-ci ildə yenidən nəşr olunub və bu kitabı oxuduqca bir daha əmin oluram ki, həmin dövrdə Rusiya ədəbi mühiti arı pətəsi kimi qaynayıb və ən başlıcası isə bəhrə verib.
Mən ərinməyib saydım, 1820-ci illərdən 50-ci illərə qədər yalnız Peterburq və Moskvada 59 (!) məşhur salon və dərnək fəaliyyət göstərib. Bir-biri ilə rəqabət, estetik mövqe müxtəlifliyi, bədii, ictimai, siyasi fikir ayrılığı, mübahisələr, sağlam və qeyri-sağlam (intiriqalarla bərabər!) münasibətlər – bütün bunlar, bu ədəbi ziqzaqlar bu salon və dərnəklərin timsalında böyük ədəbiyyat marağının və mücadiləsinin tərkib hissəsi olub.
Şübhəsiz ki, Qərbin, ilk növbədə isə Fransanın təsiri ilə yaranmış bu salon və dərnəklərdə mütəmadi ədəbiyyat gecələri keçirilib, yeni-yeni əsərlər oxunub və müzakirə edilib, müxtəlif ədəbi cərəyanlar üzə çıxıb, bir sözlə, ədəbiyyat bədii-estetik və ictimai fikrin predmetinə çevrilib. Bu elitar salon və dərnəkləri rus aristokratiyası yaratmışdı, ancaq mənim üçün vacibi odur ki, burada ədəbiyyat təəssübkeşliyi aristokrat təəssübkeşliyi (o cümlədən iddiası, ənənəsi, forsu, avaraçılığı, boşboğazlığı) içində əriyib yox olmur, əksinə, ön plana çıxır.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda da ədəbi məclislər yarandı və fəaliyyətə başladı (Mirzə Şəfinin yaratdığı «Divani-Hikmət», Seyid Əzimin «Beytüs-Səfa»sı, Natəvanın «Məclisi-Üns»ü və b.) və bu məclislərin əhəmiyyəti onda idi ki, burada söhbət məhz ədəbiyyatdan gedirdi, insanlarımızın ədəbiyyata marağını və ehtiramını artırırdı, kütlənin diqqətini ədəbiyyata cəlb edirdi, muğam sənətimizin inkişafında (milli məxsusluğunu əldə etməsində) müəyyən rol oynayırdı, ancaq təəssüf ki, böyük və zəngin divan ədəbiyyatı (fars dilli poeziya, Nəsimi, Füzuli, Xətai və b.) həmin məclisləri ovsunlamışdı, onlar bu ovsunun təsirindən kənara çıxa bilmirdilər.
Bu məclis üzvlərinin yaradıcılığı da, onların ədəbi-bədii axtarışları da tam şəkildə divan ədəbiyyatı ilə bağlı idi və düzdür, onların arasında Seyid Əzim, yaxud Natəvan kimi istedadlı sənətkarlar var idi, ancaq ümumi mahiyyət etibarilə, yəni bir küll olaraq, forma da, məzmun da ən yaxşı halda şəksiz poetik gözəlliyə malik təkrar, ən pis halda isə, yenə də şəksiz, epiqonçuluq idi. Bu məclislərin estetik ehtiva dairəsi məhdud idi, yeni janrlar yaranmırdı, dünya ədəbiyyatı (fars dilli poeziyadan savayı) tərcümə və təbliğ predmeti deyildi, ədəbi-bədii dilimizin xəlqiləşdirilməsi və inkişafı baxımından effektli rol oynamırdı və bəzən mən XIX əsrə, hətta XX əsrin əvvəllərinə aid elə qəzəllərə rast gəlirəm ki, Füzulinin dili onlara nisbətən xeyli dərəcədə müasirdir.
Həmin əsrin 50-ci illərində Mirzə Fətəli fenomeni bizim ədəbiyyatın tanımadığı bir janrı – dramaturgiyanı bu ədəbiyyatın milli faktoruna çevirdi, ancaq bu – ədəbi məclislərdən kənar fərdi, individual hadisə idi və divan ədəbiyyatının (Füzuli zirvəsinin!) sehrindən çıxmaq artıq XX əsr hadisəsi oldu.
Deyəsən, mən çox uzaqlara getdim (qələm aparır!) və söhbət müqayisədən yox, hər bir milli ədəbiyyatın özünəməxsus tarixindən gedir.
Oxuduğum kitaba qayıdıram.
Bu kitabın mündəricatı kollektiv müəlliflərin – həmin salon və dərnək üzvlərinin, ya da orada keçirilən ədəbi məclis iştirakçılarının xülasə xarakterli yazılarından ibarətdir və burada populyarlıq və keyfiyyət məsələsi ilə bağlı bir əlamətdar fakta da rast gəldim ki, yalnız rus ədəbiyyatı üçün yox, dövründən və mənsub oluğu xalqdan asılı olmayaraq, ümumiyyətlə, ədəbiyyat üçün səciyyəvi hadisədir.
P.Pletnyevin «Şənbə görüşləri»ndən bəhs edən müəllif (A.Nikitenko) Puşkinin yaratdığı və ilk redaktoru olduğu «Sovremennik» jurnalından danışır və təəssüf hissi ilə də yazır ki, Puşkin ədəbi cameənin diqqət mərkəzində deyil. Bildirir ki, dövrün (Puşkin dövrünün!) ən sevimli yazıçısı Marinskidir, «baron Brambeus isə ədəbiyyatda şahlıq edir» və onun yazıları «bədii kamilliyin zirvəsi, Volter dahiliyi səviyyəsində yaradılmış» əsərlərlər hesab olunur.
Puşkin kimdir? – bu, məlumdur.
Bəs, Marinski indi hardadır və kimin yadına düşür?
Baron Brambeusu isə, doğrusu, mən heç xatırlaya bilmirəm.
Yadımdadı, hələ cavan vaxtlarım idi, Moskva mətbuatında (sonra da Bakıda) çap olunmuş bir məqaləmdə «populyarlıq hələ keyfiyyət deyil» deyə məşhur bir şairimizi sərt tənqid etmişdim, o da, məndən çox narazı qalmışdı, mənə yox, atama zəng edib, incikliyini bildirmişdi.
Ancaq sonralar onunla barışdıq.
Tolstoyun bir cümləsi
Ədəbiyyat nəzəriyyəsində «böyük ədəbiyyat» termini yoxdur və bu ifadəni biz yalnız söhbətlərimizdə işlədirik, bəzən də məqalələrdə (hərdən mənim də məqalələrimdə) bununla rastlaşırıq.
Böyük ədəbiyyat – yəni əsil ədəbiyyat.
Ancaq «əsil ədəbiyyat» nə deməkdir?
Bu suala uzun-uzadı cavab yazmağa (belə cavablar çox yazılıb) ehtiyac yoxdur, çünki elə bilirəm, Tolstoyun bircə cümləsi «əsil ədəbiyyatın» nə olduğunu izah edir, başa salır.
O, 1898-ci il martın 21-də gündəliyində yazır:
“Nə yaxşı olardı, elə bir bədii əsər yazasan ki, orada həyatın gedişatında (gəldi-gedərliyində - E.) insanın (xislətin! - E.) gah yaramaz (cani - E.), gah mələk, gah müdrik, gah idiot, gah güclü, gah da tamam gücsüz bir məxluq olduğunu göstərəsən.”
Hər şey deyildi!
______
* Kitabxanamda axtarıb o kitabı tapdım: 1978-ci ilin nəşridir.