Deyir, bizim qapılarda ayrılıqlar üşüyür... ESMİRA MƏHİQIZININ ŞEİRLƏRİ

Deyir, bizim qapılarda ayrılıqlar üşüyür... <span style="color:red;">ESMİRA MƏHİQIZININ ŞEİRLƏRİ
21 oktyabr 2016
# 12:33

Kulis.Az Esmira Məhiqızının yeni şeirlərini təqdim edir.

sağlığında unudulan şairin

ağ kağıza yazmadıqlarına yerikliyir barmaqlarım

***

ay gecəyə sallananda

yarpaqlara qədər yüyürdüm.


yarpaqlar yüyürdü payıza,

payız yüyürdü yağışlara,

yağışlar yüyürdü

budaqarın uclarına qədər.


və...

hər kəs yüyürdü ömrünü,

yeridi ömrünü.


hər kəs özünü yeridi,

özünü yüyürdü.

ay gecəyə sallananda...

yarpaqlar özlərini yüyürüb soldular,

ulduzlar bizi yüyürüb söndülər.

**

elə nəmdi pəncərələr...

elə nəmdi gecələr.

bütün nəmlər bir gün yəqin qurumaq istəyərlər.

əllərimi demirəm heç, boş ver barmaqlarımı,

umudlarım bir umuddan yarımaq istəyərlər.


ayaqlarım yüyürməyə tamarzıdı o vaxtdan,

o vaxtdan e, o vaxtdan...

kölgələr də qoşalaşmır,

məktublar da oxunmur.

bir səs gəlib bu boydana səssizliyə toxunmur.


amma elə ürəyimə toxunur bu havalar,

havalarda bilirsən,

heç bilirsən nələr var...

bir hava var, ay Səkinə, bir də dəli oynamaq,

belə dəli qol qaldırmaq,

belə dəli qaynamaq.

belə çoxdan eşitmişəm...

Vallah çoxdan deyirəm,

eşitmişəm oralarda aralıqlar üşüyür.

hələ sizin qapı-baca, hələ bizim ev-eşik,

o yiyəsiz əl damınız,

xaraba təndirxana...

xəbərin var, ay Səkinə, xəbərin var xəbərdən,

deyir sizin qapınızda ayrılıqlar üşüyür.


deyir hələ, cığırlara, çəhlimlərə iz düşmür,

nə bir çırpı yığılır,

nə bir ocaq qalanır,

nə təndirdə köz düşmür.

soruşan yox, arayan yox, bir deyən yox...

balam, niyə ağaclardan o dəlixay qız düşmür.


mən də bir söz demirəm ki, demirəm ki, necəyəm...

səngiməyən ağrılarım, acılarım necədi.

hər gün belə payızdayam,

hər gün belə qışdayam,

eşitmisən heç bir deyəm, gecələrim necədi.


necədi e...

bilirsənmi ayrılıqlar necədi...?

bizsiz qalan, bizsiz olan aralıqlar necədi…?

necədi e xatirələr…

payızdımı, qışdımı ?

o yay yenə qurudumu, payız yenə yaşdımı.

xatirələr yaddaşını axşam-sabah döyəcləyən,

uşaqlıqda o sularda səyirtdiyin daşdımı.

hələ…hələ

o andlarım yadındadı, yadındadı sən Allah...

nənəm canı, dədəm canı heç düşməzdi dilimdən.

təpiyimin altında,

həşirimin,

dəlliyimin,

kürlüyümün altında...

bir kənd,

hələ poçt İbrahim lap bezmişdi əlimdən.


hara getdi, bilmirsən ki, hara getdi o günlər,

içində də, bizimkilər, sizinkilər...taaaaa nələr.

taaa nələri itirdik eee, itirdik e, tapmarıq,

bilirsən də, o günlərə qayıtmarıq təzədən.

nə də uşaq olmarıq,

heç qayğısız olmarıq,

o çöllərdə, o yerlərdə,

kövşənlərdə qoyun-quzu otarmarıq təzədən.


elə nəmdi pəncərələr,

elə nəmdi gecələr...

gecələrdə gecə boyda qaranlıqlar üşüyür.

xəbərin var, ay Səkinə, xəbərin var xəbərdən,

deyir bizim qapılarda ayrılıqlar üşüyür.

**

içimdə soyuq küləklər,
içimdə soyuq küləklər...
bir də yazmadıqlarım.

bir də yanvar gecəsi,
atamın son nəfəsi,
solğun hüzün şamları.
bir də bitməyən günün
bir ömürlük gecəsi,
həpp gecə yanvarları.

şəkillərdə yoxluğum,
yoxluqda şəkillərim.
bir də şəkil evləri,
bir də şəkil evlərin,
boşluğunun qədəri.
yaşanmayan evlərdə,
yaşayan qış kədəri.

bir də uçan suların
bulud xatirələri.

bir də gecə yanvarı,
gündüzləri kürüyür.
bir də şəkil evləri...
kimsə şəkil evlərin
qapılarını döyür...
tuk-tuk!

***

haçansa...
bu olmalıydı,
mən çıxıb getməliydim,
yoxluğum qalmalıydı-
kimiysə ağrıtmaqdan yana.

sığal çəkdiyim pişik,
sümük atdığım it,
dən verdiyim quşlar da küsməliydi-
sığaldan,
sümükdən,
dəndən...
məni ağlatmaqdan yana.

umudlarım yarımçıq ölməliydi,
bir dolu külqabıda.
küləyin qırdığı yaz ağacının,
gülənar budağı qurumalıydı
bir susuz gülqabıda...
pəncərədə,
bacada,
qapıda-
yoxluğum ulamalıydı,
bir də qayıtmaqdan yana.

haçansa...
bu olmalıydı,
özümü unutduğum yerdən,
bir uşaq qaçmalıydı
ölümün gözlərindən.
bir kəpənək qanadlarında,
öpüşləri qalmalıydı,
gülüşləri qalmalıydı-
məni ovutmaqdan yana.

haçansa bu olmalıydı...
mən çıxıb getməliydim-
bu gediş bir ayrılıq,
bir ayrılıq bir ömür,
bir ömür bir yarımçıq...
bir qırıq hekayə eləməiydi-
bir şeir anlatmaqdan yana.

***

vaxtlardan uşaqlığıydı...
beş yaşım varıydı.
anam barmaqlarımla say öyrədirdi.
beşə çatanda barmaqlarımı ovcumda yumardı,
-baax, sənin bu qədər yaşın var.

ovcumda gizlənərdi yaşım...
yumruq boydaydı yaşım.
hələ uşaqlar deyirdi ki,
hər kəsin öz yumruğu boydadı ürəyi
və ürəyim boydaydı yaşım.

hələ elə bilirdim ki,
anamın da beş yaşı var,
nənəmin də,
kəndimizin də,
itimizin,
həyətimizin ağaclarının da beş yaşı var.

və hər şey beş yaşındaydı onda...
mən beş yaşındaydım deyə.
Zəminənin gözləri də,
Əlinin ayaqları da beş yaşındaydı.

sonra hər şey beş yaşında qaldı...

evimiz də,
inəyimiz də...
gecələr tut ağacında ulayan bayquş da,
o payız da, o qış da.

yumruğum böyüdü,
ürəyim böyüdü,
böyüdüm mən də.
böyüdü Zəminə də, Əli də...
böyüdü hər kəs də.

amma beş yaşım böyümədi...

***

uçmaq qədər böyümədi qollarım...
amma boşluqların adam itkisini
qucmaq qədər böyüdü.
hər gün qırılmış qanadlarımı bağrıma basıram....
bağrımın başında itirdiyim kəslərin
boş yerləri hava axını kimi.

küləklər əsir hamının yerində,
və hamının yerində qucaqlarım boş.
bilmirəm qucduğum kimin boş yeridi-
özündən sonra...
ya ölümündən sonra.

gülmək qədər böyümədi dodaqlarım...
amma büzülmək qədər böyüdü.
dodaqlarımın ucundakı gülüşlər də qaçdı dodaqlarım büzüldükcə...
tutub saxlaya da bilmədim ki,
-hara qaçırsan, dost?

sevgi qədər böyümədim özüm də,
amma ayrılıq qədər böyüdüm...

böyüyə bilmədi əllərim də...
əllərimdən qabaq əllərimin vida yerləri böyüdü.
böyüdü gözlərimdən qabaq
gözlərimin ağlamaq yerləri.

və mənsizlik böyüdü məndən qabaq...

# 2486 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #