Sənin bu qadınla nə işin var ki... - Esmira Məhiqızından YENİ ŞEİRLƏR

Sənin bu qadınla nə işin var ki... - Esmira Məhiqızından <span style="color:red;">YENİ ŞEİRLƏR
28 fevral 2017
# 12:23


Kulis.az Esmira Məhiqızının yeni şerilərini təqdim edir.

I

ardınca ağaclar ağlayacaqsa,

ardınca küləklər yüyürəcəksə,

ardınca xəyallar yıxılacaqsa

qayıdıb təzədən o ağaclara,

qayıdıb təzədən o küləklərə,

qayıdıb təzədən o xəyallara...

bir yarpaq, bir damla, bir qız telləri,

bir sevda, bir görüş, bir qız əlləri...

ya bir yaz gülləri...

necə olasan?


necə olasan ki, içindən ögey,

bir qadın boylanar tanımadığın,

bir zaman adlayar unamadığın.


sənin bu qadınla nə işin var ki,

sənin bu zamanla nə işin var ki...

bilməzsən.


bilməzsən niyə ağaclar,

niyə bu buludlar dəymədüşərdi,

niyə bu umudlar dəymədüşərdi.

hər gün ürəyinə xal düşər, düşər,

hər gün gözlərinin yol çəkiminə

gedər-gəlməzlərə yol düşər, düşər.


və hələ xəyallar adından küsər,

hələ xatirələr yadından küsər,

o güllü donlu qız,

güllü donlu qız...

büzər dodağını, yumar gözünü,

yüyürüb hardasa uzaqda itər.

hər gün uzaqlara gedə bilməyən,

hər gün uzaqlardan gələ bilməyən,

bu yazıq, binəva qadından küsər.


daha pəncərəyə quşlar da qonmaz,

heylə gecə olmaz, heylə gün olmaz.

daha bu gecələr gecə deyil ki,

daha bu qadın da bircə deyil ki...

ağrısı,

acısı, ayrılığı var,

gözünə sıxmağa əl yaylığı var...


o qızla,

o yazla,

hələ bir payız,

bir xəzan, bir həsrət aralığı var.


ardınca ağaclar ağladılar da,

ardınca küləklər yüyürdülər də...

bir ilğım boşluqda, bir boz yoxluqda...

elə büdrədi ki, elə yıxıldı,

elə sarıldı ki, o ağacların,

o buludların,

o küləklərin yoxluqlarına...

elə sarsıldı ki, bu yoxluqların,

bu heçliklərin,

bu boşluqların çoxluqlarına.


bir də unadı ki, ömür dediyin,

niyə öz ömrünün yolundan çıxır,

niyə öz sağının solundan çıxır.

niyə bir qadının yorğun əlləri,

güllü donlu qızın donundan çıxır.


indi bildiyini bilmədi də heç…

hələ ayaqları,

hələ gözləri...

əgər bilsəydilər, bilsəydilər ki...

bir qəfil gedişin sonrası acı,

bir qəfil gedişin sonu son imiş.

sən ömür dediyin, sən yaz dediyin...

ağlada-ağlada qoyub gəldiyin,

o gözəl uşaqlıq, çiçəkli təpə,

hələ o qız imiş, güllü don imiş.

indi bildiyini bilsəydi onda…
qəfil getməzdi heç,

heç getməzdi də…

ardınca bu qədər ağlağan ağac,

bu qədər göynəyən ocaq qoymazdı.

ardınca bu qədər onsuz yıxılan,

kənd yolu, kərpic ev, bucaq qoymazdı.

əgər bilsəydi ki...

bir ömür sonra
ardınca buludlar quruyacaqsa

II

nənəmin barmaqları piano dilləriydi...

gecələr o barmaqları çalardım.

uşaqlığımın prelüdünü bəstələyərdim

nənəmin barmaqlarında.


nənəm nə bilirdi ki, prelüd nədi...


nağıl vaxtı başımı dizinə qoyardım,

o da nağıl deyə-deyə,

saçlarıma sığal çəkərdi,

çiyinlərimi ovuşdurardı,

əllərimi tumarlayardı...

mən də nənəmin əllərindən tutardım,

barmaqlarının quluncunu qırardım,

biləklərinin sümüyünü sındırardım.


cürbəcür səslər tökülərdi

nənəmin barmaqlarından, əllərindən...


və... ən gözəl prelüdünü dinləyərdim uşaqlığımın,

uşaqlığımın musiqisiydi nənəm...

nənəmin əyri-üyrü qocalmış barmaqları.

musiqi deyəndə…

mən ən çox nənəmin barmaqlarının

musiqisini sevərdim.

sonra Şopeni də sevdim,

prelüdlərini də.

amma nənəmin barmaqlarını tapmadım

Şopeni çalmağa.

III

mən belə şeirlə aşıb-daşırkən,

əllərim,

saçlarım,

kirpiklərimin ucu,

dodaqlarımın kənarı

şeirnən doluykən...


hələ də susduğum şeirlərdə,

yazmadığım sətirlərdə

gecə davam eləyir.


gecə davam eləyir barmaqlarımın ucunda,

barmaqlarımın ucunda yeriyir qaranlıq.

və…

mən heç bilmədim,

külək nə zaman əsməyə başladı ki,

yağış nə zaman yağmağa başladı ki.

susdum yağmurlu günlərin nəğmələrini.

mən belə şeirlə doluykən…

şeir olmanın gerçəkliyidi hər şey

IV

nədənsə,

niyəsə,

nəsə,

indi kimsə... qəfil bir söz desə,

desə,

desə ki, bu il qar gözəl yağdı...

mənsə...

niyəsə,

nəsə,

elə qarşınızda,

qarşınızdaca...

başımı bu masaya qoyub ağlasam...

elə biləcəksiz, biləcəksiz ki,

burda bir ağca dəli ağlayır, dəli ağlayır.

ağlamasam,

heç zaman bilməyəcəksiz,

məndə ağlamağın neçə qar yağan yeri ağlayır,

yeri ağlayır.

V

varından-yoxundan keçəsən belə,
başına bir şeir sıxıb gedəsən.
səndən gedənlərin yolundan yana,
bir ayrı tərəfə çıxıb gedəsən.

elə gedəsən ki, izin qalmaya...
izinə düşənlər aza izində,
kiminsə yuxusu aza gözündə,
kiminsə gözləri gəzə üzündə...

hələ barmaqların,
o barmaqların
ikicə kəlməlik çiçəkdən keçə.
o sevir...
bənövşə bəndinə düşə,
bu sevmir...
bir soyuq üzükdən keçə.

bütün xatirələr yanıq qoxuya,
məktublar yananda
ucundan yana.
küncündən alışa gizli sevdalar,
bir qız umudları saçından yana.

həsrətlik sığallar payıza düşə,
kölgəsi tökülə
yaş ağacların.
o kimsə qəfildən qarşına çıxa,
əlləri deyə ki,
- hanı saçların...?

VI

rəhmətlik Şahin neçə dəfə soruşmuşdu:
- fotoaparatın içindən quş nə vaxt çıxacaq?
Mirzə dayı da gülmüşdü:
- çıxanda görəssən...

o günü eşitdim ki,
şəkilçəkən Mirzə dayı da ölüb.
və içimdəki quşlar uçub getdilər...
getdilər dönmədilər.

mən də elə bilirdim ki,
Mirzə dayının fotoaparatı quş yuvasıdı -
görmədiyimiz quşların.
biri deyirdi, simurqdu,
biri deyirdi, qu quşudu...

Fəzi də lağlağı edirdi ki,
yüz faiz dəvəquşudu.
amma mən dəqiq bilirdim ki,
aparatın içində sərçə var.

sonra aydın oldu ki, aydınlıq olmayacaq...

və yenə də...
hər dəfə şəkil çəkdirəndə
Mirzə dayı obyektivi göstərib deyirdi:
- bura diqqətlə baxın, indi quş çıxacaq.
biz ha baxsaq da, ordan heç vaxt quş çıxmadı.

- əcaba, deyirəm, bəlkə şeir çıxırmış.

VII

ortadan bir qış çıxar...
deyər, mən də varam.
onda anlayarsan -
neçə bahar əskiksən,

neçə günəş yoxsan,
neçə xoşbəxtlik azsan

və neçə şeir çatışmırsan.

VIII

uçuq evlərin xatirəsindəki
uzaq bəxtəvərlikdə qəribsəyir unudulmuşluğum.

unudulmuşluğumun hüznünə yağır
hardansa nənəmin səsi:
- ağrın alım, gəl çörəyini ye.

künclərdən boylanan keçmişin
bükülü boynuna sığal çəkir baxışlarım,
şüşələri qırıq pəncərələrdən axır
indinin uyuşa bilmədiyim kirli yağışları .

yağır və şüşə kəsiyində qırılıb
sonra bir yoxluğa damcılayır.
o yoxluqda mən
yoxluqları qarşılayıram gecə qatarlarında...

bir meh sürüşür saçlarımın dalğasında...
bir not toxunur könlümün ən incə yerinə.
gözlərim qaranlıq vaqonlarda dolaşır
dolaşalar kimi...
köhnə, taxta kupelərin xatirə qoxusundan
geri qayıdır baxışlarım.

pəncərələrin sınıq gözlərindən
an sürətiylə ötür uşaqlığım,
çevrilib dilini çıxardır bu günlərə.

sonra bütün doğma üzlərin
tanış cizgiləri keçir lap yaxınımdan.
hamı bir-bir keçir öz yoxluğundan,
mən hamının yoxluğundan.

ən birinci öz yoxluğuma sarılıram.

# 2158 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #