Kulis.Az müasir fransız yazıçısı Olivye Rolənin “Makedonio X.-in xatirəsi” hekayəsini təqdim edir.
Makedonio ilə son dəfə ölümündən bir neçə gün qabaq görüşmüşdüm. Xatirinizdədirsə, o , Trani limanı yaxınlığında balaca bir mənzildə yaşayırdı, demək olar ki, kilsə qülləsinin altında. Dənizin işığı daşın üzərindən köpüklü süd kimi süzülürdü. Onun özü cismi hiss edilməyən, üfürsən göyə sovrulacaq bir varlığa çevrilmişdi. O, Amerika və İtaliyanın bir neçə elmi cəmiyyətləri arasında pərən-pərən düşmüş kitablarından ayrılmışdı. Mənə danışmışdı ki, özüylə bağlı qəzavü-qədərdən xəbəri var və hər şey elə belə də olmalıymış. Mən etiraz etmək istəyəndə əlinin işarəsiylə sus dedi. Səksən səkkiz il keçəndən sonra məzuniyyətə çıxmaq məqamı yetişdi. Nə edəsən, nə deyib yaşayasan? Qəfildən ona əyan oldu ki, bu dünyada daha öyrənməli bir şey qalmayıb. Unutqan yaddaşda Makedonionu adam eləyən böyük erudisiya dalğalanırdı. Ancaq o, əslində heç zaman bizim tanıdığımız alim olmamışdı. Yəqin ki, onun gözəlliyinin, ailəsinin var-dövlətinin, bütün kəskinliyi ilə ifadə olunan temperamentinin gənclik illərində onu Avropanın kosmopolit mühitində çox məşhur bir fiqura çevirdiyindən xəbərsizsiniz. Qəzetlər iki cahan savaşı arasındakı illərdə yalnız onun neapolitan sarayında zəngin adamlar üçün verdiyi ziyafətlərdən, bəzən bu salonlarda qopan qalmaqallardan yazırdı. Birdən-birə olsa-olsa renessans dövrünün şəninə yaraşan bu hadisələrin nə ilə qurtaracağı fikrini beynindən keçirməyə macal tapmamış bu adamı bədbəxtlik yaxaladı.
Bəzən təsadüf elə gətirir ki, taleyimiz düz yolumuzun üstünə, uğurumuza çıxır və elə bu zaman sövq-təbii pıçıldayırıq ki, nə olacaqsa o da olacaq. Günlərin bir günü tale onun uğuruna bir zamanlar imperator II Fridrixin Mürj təpələrinin üstündə tikdirdiyi səkkiz bucaqlı sarayı çıxarmışdı. 1920-ci ilin yaz günlərinin birində, Makedonio gənc lord Kavendiş və onun məşuqəsi, gözəlliyi aləmi yaxıb-yandıran litvalı rəqqasə ilə birlikdə bu tərəflərə səfərə çıxmışdı. Yeganə səbəb olmasa da bütün gün ərzində rəqqasəyə görə amansız rəqabət dalğaları aşıb-daşmaqdaydı. Lovğalıqda, özünü dartmaqda tayı-bərabəri olmayan Kavendişin bu ilahi varlığın gözləri önündə öz üstünlüyünü nümayiş etdirmək ehtirası sönmək bilmirdi, söhbət əsnasında artıq qələbəni təmin etmiş adam kimi qətiyyətlə təsdiq edirdi ki, Kastel del Monte xaç yürüşü zamanı imperatorun özü ilə bərabər gətirdiyi fars sehrbazının daş əsəridir və onun obrazını bəlirləyən saylar içində ölümsüzlük şifrəsini açmışdı: səkkiz fasad, səkkiz bucaqlı səkkiz qüllə, on altı salon, üç pilləkən, on beş pəncərə və s.
Makedonio ona eşitdirmək istədi ki, möcüzənin baş verməsi üçün əbədiyyətin qapılarını açmağa qadir olan bu rəqəm, əgər doğrudan da mövcuddursa, şübhəsiz ki, sıfırla doqquz rəqəmləri arasında sayların müvafiq kombinasiyasından ibarət olmalıdır və şübhəsiz ki, bu dərəcədə çox ciddi tikilini sadə rəqəmlərin vasitəsi ilə dərk eləmək mümkün deyildi və görünür bu binanın planında rəqəmlərin heç bir rolu yoxuydu, buna görə də onun «nəzəriyyəsi» gəlişigözəl absurddan başqa bir şey deyildi. Kavendiş təkidlə öz dediyinin üstündə dururdu, onun Makedonionun dəmir iradəsi ilə üzləşən lovğalığının üzərinə bircə çınqı bəs edərdi ki, dava-dalaş başlasın. Bu söz-söhbətin içində darıxan rəqqasə onları bu yoldan çəkindirməyə cəhd göstərir, deyirdi ki, axı siz centlmensiniz. Belə ağıl dəryasısansa, - ingilis bu qovğaya son qoymaq üçün son fəndini işə saldı, - bu izah olunmaz qurğunun, bu hamıdan üzünü gizləyən sirri-xüdanın açarını aç görüm, aça bilirsənmi. Xanım da qoy şahid olsun. Elə belə də olacaq, Makedonio cavab verdi, tezliklə səfehliyinizi özünüz etiraf edəcəksiniz. Onlar bir kəlmə də danışmadan Bariyə gəldilər və bundan sonra həyatları boyu nə danışmalı, nə də bir-birlərini görməməliydilər. Kavendişi gülüş hədəfinə çevirmək arzusuyla alışıb-yanmaqla Makedonio vaxt itirmədən tədqiqata başladı.
Hər gün dünənkindən daha dərinlərə «yollanaraq», o, xəyalpərvərlərin, erudisiya sahiblərinin, özünü allah elan edənlərin, ağlı başından çıxan şəxslərin yaradılışın «sirrini» açmaqda göstərdikləri səyləri, onların sayəsində əsrlər boyu toplanmış biliyin qalın meşəsində itib-batırdı, zaman keçdikcə alınmaz qala ilə üzləşdiyinin şahidi olurdu. Pifaqor, Hermes Trismejist Zosim, Raymon Lull, Alber lö Qran hazırlaşdığı qızdırmalı səfərində onun ilk bələdçiləri oldular, həmin səfər zamanı hələ öləcəyindən xəbərsiz idi. Başlanğıcda bəxtinin yeyinliyi, ona xas olan sadəlövhlüyü və ürəkaçıqlığı başına əngəllər də açdı. Fırıldaqçının biri ona guya Orfey əlyazmasını qızıl qiymətinə satmışdı. Başqa birisi, sehrkar Simon da onu aldatmışdı. Tezliklə, təhqirli sözləri canına iynə kimi batan həyasız aristokratın xatirəsi tam silinib getdi. Litvalı rəqqasənin erotik surəti də bir az inad elədikdən sonra xudahafizləşdi. Bütün bu hisslər, - Makedonio mənə deyirdi, - intiqamdan daha güclü və yandırıcı olan bir istəyə yetişmək yolunda bəhanədən başqa bir şey deyilmiş.
Onun içində elə bir çaxnaşma yaranmışdı ki, bunu kiminsə, nəyinsə həll edəcəyinə inanmaq olmazdı. Elə buna görə də numerologiya və əl-kimya onu riyaziyyata və fizikanı öyrənməyə, epistemiologiyaya, teologiyaya, qısası, fəlsəfi təlimlərə sürükləyirdi. Ölümündən bir neçə gün qabaq Makedonio mənə deyirdi ki, dünyada elə bir rəqəm, əşya, obyekt qalmamışdı ki, Kastel del Monte ilə müqayisə etməsin: imperiyanın tacı, labirint, şeytani hesablama maşını, dünyanı baş-ayaq dərk və şərh edən ipləmə adamlar, nələr, daha nələr... Mateotti qətlə yetirildikdən sonra italyan faşistləri (bəzi fantaziyaya, olmayan şeyi quraşdırmağa meylli ideoloqlar Kastel del Montun üzərində hansısa ezoterik xəbəri oxuyurdular) Makedonio ilə ziddiyyə girdilər. Bu, bəlkə də sizin xəbəriniz yoxdu, onun köhnə bazası və yeni əldə etdiyi erudisiyası qara köynəklilərin vulqarlığı üzərində təkid edirdi. Əvvəlcə onu Fransaya, sonra isə Birləşmiş Ştatlara sürgün etdilər. Burada o, yeni alimlərlə tanış oldu, özü üçün yeni maraq sahələrini kəşf etdi. Lord və onun aşnasını nəinki tam unutmuşdu onun mənəvi yolunun əsasını, təməl daşını qoyan sirli-sehrli Puy qəsrini də yaddan çıxarmış kimi idi.
Bir gün Boston salonlarının birində Cəlaləddin Ruminin mistik poeziyası haqqında konfransda iştirak edərkən, sir-sifəti demək olar ki, tanınmaz hala düşmüş qoca bir sehrkar ona yaxınlaşdı, bu zaman o, dəftər kitabını qaydaya alırdı. Bütün bunlar necə də gözəldir, deyə dilləndi: bəs Kastel del Montenin sirri necə olsun? Unutmayın ki, bu sirri açmağı mənə söz vermisiniz. Bir neçə dəqiqədən sonra rəqqasəni tanıdı. Qəsrin adı da az qala yadından çıxmışdı, çıxmamışdısa da yaddaşının güzarı düşməyən küncündə il yuxusuna getmişdi. Ona əvvəlcə elə gəldi ki, söhbət Nyu-Yorkun hansısa italyan məhəlləsindən gedir. Qızı ani olaraq tanıdım, Makedonio mənə demişdi, elə o dəqiqə yadına qəribə daş qurğu, gənc lord Kavendiş, qayğısız gənclik illəri, 1920-ci ilin son baharı, adda-budda qar ləpələri, Mürj təpələri... Posilipin ayaqlarını yuyan dəniz sahilindən bir az o yanda, narınc ağacları arasında cavan qız meyidi tapılmışdı. Bu, hələ yaddaşın ilk qəlpələri idi ki, cana gəlib dirilirdi. Birdən-birə, sözün əsl mənasında bütün bu füsunkar şeylərin içində özünün necə səfeh təsir bağışladığını anladı. Nə qədər sadəlövh olsan ki, mistikaya inanasan, ancaq... lap çoxdan idi ki, sadəlövhlüyün daşını atmışdı: ancaq bu gün o, necə oldusa bu işdə bir az da qabağa getdi. Sirli-sehrli abidənin sirri ona əyan olmayacaqdı. Bu, Henri Ceyms xalçasının içindəki obrazdır. Səkkizguşəli qəsr sadəcə xəyal çeşməsindən başqa bir şey deyilmiş, elə bir çeşmə ki, görünməyən, inanılmayan şeylərin toqquşdurulmasına səbəb olur. Obraz qaçılmaz şəkildə fantaziyaya meydan açırdı.
Bu cavan qadını kim öldürmüşdü, necə öldürmüşdü (ağzı budaqla tıxanmışdı), nəyə görə, Makedonio hələ də bunu bilmirdi. Nəhayət, mənə dedi ki, gecə zülmət qaranlığı mürəkkəb kimi kilsənin nəhəng silueti üzərinə dağıtdıqca, o, ədəbiyyatın embleminə dönürdü: söhbətin nədən, qəsrdən və ya ölümdən getməsini soruşmağa cürət etmədim. Bu axşam, - o mənə dedi, - anladım ki, bütün ömrüm boyu tale məni barmağına sarıyaraq dolamış, mənə mənasız, iyrənc bir varlığın qismətini vermişdi. Qoca sehrkar dedi ki, Kavendiş döyüşlərin birində igidliklə həlak olmuşdu. Makedonio İtaliyaya gəldi, Tranidə evinə köçdü, işi-sənəti tilov atmaqdan başqa bir şey olmadı. Bəzən, həm də çox nadir hallarda bulanıq suyun tərkindən bir qığılcım, bir şülək işıq görünmüş kimi olurdu, qarmaq tərpənirdi. Düşündü ki, beyninə yığdığı elmi poeziyaya çevrimək çox gec olar. Bayaq dediyim kimi, görüşümüzdən bir neçə gün sonra öldü. Öz-özümə pıçıldadım ki, bu onun səksən səkkiz illik ömrünün səksən səkkizinci günüydü...
Fransız dilindən tərcümə etdi: Cavanşir Yusifli